Vətəndaşın məmura nəzarəti nə üçün lazımdır?

Prezident İlham Əliyev çıxışlarında  ictimai nəzarətin vacibliyini vurğulayaraq vətəndaşları problemlər barədə danışmaqda fəal olmağa, məmurların hərəkətlərinə nəzarət etməyə çağırır.

Prezident öz nitqlərində ictimaiyyəti ümumi işə cəlb etməyin vacib olduğunu deyərək onların bu səylərini dövlət orqanlarına nəzarətin təşkilinə yönəltməyin vacibliyini vurğulayıb. İ.Əliyevin fikrincə, ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir.

İnkişaf etmiş ölkələrdə ictimai nəzarət cəmiyyətdə mühüm yer tutur. Demokratik inkişafın təmin olunması, məmurların fəaliyyətinə nəzarət etməsi, büdcənin təyinat üzrə  xərclənməsinə, korrupsiya və rüşvətə qarşı mübarizədə  ictimai nəzarət çox vacibdir. Bu işdə ictimai təşkilatlar, media, sosial şəbəkələr, fəallar, ziyalılar böyük aktivlik göstərir. Dövlətin inkişafını, gələcəyini düşünən hər kəs fəal ictimai mövqe nümayiş etdirərək  hökumətin fəaliyyətinə nəzarət etməyi özünün vətəndaşlıq borcu bilir.

İctimai nəzarət mexanizmlərinin effektiv işləməsi üçün ictimai rəyə təsir gücü olan KİV-in, sosial şəbəkələrin, QHT-lərin, fəal vətəndaşların imkanlarından yararlanmaq zəruri amillərdəndir.

Bu gün məmur özbaşınalığı, vətəndaşın hüquqlarının pozulması, cəmiyyətdəki neqativ halların ifşası onlyan platformalar üzərində yayımlanaraq ictimailəşir. Sosial şəbəkələr ictimai nəzarətin həyata keçirilməsində ən təsiredici vasitəyə çevrilib. Bu platformalarda cəmləşmiş fəallar, bloqerlərin qaldırdıqları məsələlər, problemlər ictimai nəzarətin daha səmərəli təşkilinə yardımçı olur.

2014-cü ildə Prezident İlham Əliyev «İctimai iştirakçılıq haqqında» Qanunu imzalayıb. Həmin qanuna görə əsasən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların iştirakı nəzərdə tutulur. Vətəndaşların birləşdiyi İctimai Şuralar məşvərəçi qurum olaraq belə nəzarəti həyata keçirmək imkanı yaradır.

«Konstitusiya» Araşdırmalar Fondunun prezidenti, Daxili İşlər Nazirliyinin yanında İctimai Şurasının sədri Əliməmməd Nuriyevin fikrincə, ictimai nəzarəti həyata keçirmək, dövlət orqanları ilə vətəndaşlar arasında ictimai etimad mühitinin yaradılmasına töhfə verməkdir.

Ekspertin fikrincə, ictimai nəzarətin qurulması üçün  QHT-lərin qeydiyyatının sadələşdirilməsi  və xarici qrantlara çıxışla bağlı maneələr aradan qaldırılması vətəndaş cəmiyyətini resursla təmin olunmasına böyük kömək olardı.

Əliməmməd Nuriyev bildirib ki, ictimai nəzarət hökumətin elan etdiyi  islahatların hədəflərini cəmiyyətə təqdim etməkdə, buna mane olan səbəbləri aydınlaşdırmaq üçün geniş platforma yaradır.

Onun fikrincə, bəzi dövlət qurumları ictimai nəzarətin fəlsəfəsini anlamır,  icra qurumları belə fəaliyyətin qarşısını almağa cəhd edirlər. “İctimai nəzarətin effektiv təşkili üçün böyük məbləğlərdə maliyyə tələb olunur. Ayrı-ayrı ölkələrdə vətəndaş cəmiyyətinin layihələrinin maliyyələşməsində dövlətin payı  30 faizə belə çatmır. Bu prosesin böyük hissəsi ianələrlə və özəl sektorun yardımı ilə həyata keçirilir. Azərbaycanda isə özəl sektorun bu məsələdə aktivliyini müşahidə edilmir”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimlinin sözlərinə görə, bu gün bütün dünyada ictimai nəzarətin həyata keçirilməsi çox vacib bir amil kimi baxılır.

Ekspertin fikirncə, hökumətin işinə vətəndaşlar tərəfindən real nəzarətin olmaması dövlət orqanlarının fəaliyyətində operativliyi və səmərililiyi azaldır. İctimai nəzarət hökumət qurumlarında idarəetmənin keyfiyyətinin, vəzifəli şəxslərin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını təmin etməyə yardım edir.

Son vaxtlar vətəndaşların ictimai nəzarət fəaliyyətləri həyata keçirməsi imkanları barədə müzakirələr açılıb.  Z.İbrahimlinin sözlərinə görə, ictimai nəzarətin aparılması barədə cəmiyyətdə açılan müzakirələr çox faydalıdır.

Zaur İbrahimli qeyd edib ki, ictimai iştirakçılıq müxtəlif üsullarla, o cümlədən ictimai məsləhətləşmələr, ictimai dinləmələr, İctimai Şuralar vasitəsilə, eləcə də digər üsullarla həyata keçirilə bilər:  “İctimai iştirakçılıq haqqında” qanun vətəndaşlara da heç bir təşkilat yaratmadan, yalnız təşəbbüs qrupları vasitəsilə ictimai dinləmə, müzakirə keçirmək, İctimai şuralara namizəd irəli sürmək hüququ verir.  Konstitusiyaya görə, Azərbaycan Respublikasının vətəndaşları dövlətin idarə olunması fəaliyyətlərində iştirak etmək hüququna malikdirlər”.

Ekspertin sözlərinə görə, ictimai nəzarətin daha səmərəli qurulması üçün bir sıra qanunvericilik və institusional islahatlar həyata keçirilməsi zəruridir.  Bu məqsədlə İctimai iştirakçılıq, ictimai şuraların fəaliyyətini tənzimləyən qanunvericiliyin yenidən nəzərdən keçirilməsi, İctimai şuraların müstəqilliyinin əsaslarının artırılması istiqamətində dəyişikliklər edilməsi yaxşı olardı.

Milli Məclisin deputatı Cavanşir Feyziyevin fikrincə, məmurların fəaliyyətinə effektiv ictimai nəzarət heç də yalnız jurnalistlərdən ibarət deyil. Bu hər bir vətəndaşın imkanları daxilindədir və belə hallara qarşı təkcə jurnalistlər yox, elə vətəndaşlar özləri də müqavimət göstərməli və rastlaşdıqları məmur özbaşınalığına və ya digər mənfi hallara qarşı öz səslərini lazımi ünvanlara çatdırmalıdırlar. Bunun üçün ölkəmizdə bütün imkanlar var. İnternet sərbəstdir, bütün dövlət qurumlarının on-line rejimdə fəaliyyət göstərən portalları var və nəhayət, məhkəmə orqanları var. Hər bir vətəndaşın qeyri-qanuni əməllər barəsində şikayəti elə ictimai nəzarətin bilavasitə vətəndaşın özü tərəfindən həyata keçirilməsi deməkdir. Şikayətlərə baxılaraq qəbul olunan hər bir ədalətli məhkəmə qərarı öz-özlüyündə ictimai nəzarətin təntənəsi və nəticə etibarilə qeyri-qanuni hərəkətlərin qarşısının alınması deməkdir.

G. Əliyeva

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

 

Əvvəlki məqalə

Zelenski Avropanın ən nüfüzlu şəxsi seçilib –

Sonrakı məqalə

Azərbaycan XİN Pakistanı təbrik edib