“Gədəbəy zonasında təxminən 300 nəfərə, Tovuz zonasında isə 400 nəfərə yaxın müharibə veteranı statusu almayan şəxs var”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkili Arzu Nağıyev deyib.
A. Nağıyev bildirib ki, bu şəxslərin müharibədə iştirak etməsinə baxmayaraq, müəyyən səbəblərdən onlara veteran statusunun verilməsi məsələsi həllini tapmayıb: “Həmin şəxslərə məsələnin həllində yardım göstərilməsi vacib olardı. Təxmini hesablamalara görə, Azərbaycanda 80 minə yaxın veteran 80 manat məbləğində müavinət alır”.
A. Nağıyev qeyd edib ki, həm Tovuzda, həm də Gədəbəydə bəzi torpaq sahələri Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı atəşə tutulur: “Bu səbəbdən insanlar orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilmirlər. Bu da həmin əhali üçün böyük problemə çevrilir. Bununla bağlı ATƏT-in Minsk qrupuna müraciət etmək lazımdır ki, atəşkəs rejiminə əməl edilsin. Həmçinin təklif edərdim ki, Ermənistanla həmsərhəd olan həmin ərazilərdə iqtisadi zonaların yaradılması məsələsinə də baxılsın”.