Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada generalı Məcid Kəriminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir V.Eyvazov xalqlarımız arasında tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu vurğulayaraq Azərbaycan-İran münasibətlərinin dinamik və məhsuldar şəkildə inkişaf etdiyini, bu əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib.
Daha sonra iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrə toxunan nazir bildirib ki, qarşılıqlı fəaliyyəti tənzimləyən normativ-hüquqi baza mövcuddur və bu, daha sıx əməkdaşlığa və cinayətkarlıqla mübarizədə birgə praktiki tədbirlər həyata keçirməyə imkan yaradır. O, belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən bəşəri bəlaya çevrilmiş narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.
Nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verib, respublikamızda demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işləri qeyd edib və bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.
İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada generalı Məcid Kərimi səmimi qəbula görə minnətdarlığını bildirib və qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin mənafelərinə tam uyğundur, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.