Xomeyninin ABŞ Prezidentinə yazdığı MƏXFİ MƏKTUBLAR-Vaşinqton Şahın devrilməsində neçə iştirak edib? (TARİX)

ABŞ hökumətinin üzərindəki məxfilik qrifini götürmüş  sənədlərinin arasından çıxan bir məktub son 40 ildə bir çox suallar yaratmış bir məsələ ilə bağlı müzakirələrə rəvac verib.

Söhbət İran İslam Respublikasının yaradıcısı və rəhbəri olmuş Xomeyninin ABŞ prezidentinə və Karter Administrasiyasına yazdığı məktublarından gedir.

Həmin sənədlər arasında olan diplomatik teletayplar, siyasət memorandumları, görüş protokolları ABŞ və Xomeyni arasındakı məxfi münasibətlərin tarixini açır.

Azpost.info bildirir ki, BBC radiosunun araşdırdığı bu sənədlər ABŞ-ın  40 il əvvəl İranda baş vermiş və Yaxın Şərqi silkələmiş islam inqilabının baş tutmasında və yaratdığı vəziyyətin müzakirəsində mövqeyini göstərir. Burada çox maraqlı və zəngin məlumatlar yer alıb.

Sənədlərdən aydın olur ki, Xomeyni inqilabın lap əvvəlindən ABŞ prezidenti, hökuməti və onların nümayəndələri ilə sıx təmasda olub.

Azpost.info araşdırmanı sizə təqdim edir.

1979-cu il yanvarın27-də İran İslam Respublikasının banisi və ABŞ-ı  “Böyük Şeytan” adlandırmış ayətullah Xomeyni Vaşinqtona məxfi məktub göndərmişdi.

Parisdə sürgündə olan İran inqilabının lideri oradan ABŞ prezidenti Karterə sövdələşmə təklif edirdi: “İran hərbçiləri siz deyənə qulaq asırlar, İran xalqı mənim əmrlərimə əməl edir”.

Bu təklifin məğzi bu idi: Əgər prezident  Karter özünün İran hərbi elitası arasında nüfuzundan istifadə edib Xomeyniyə yol açsa, o öz xalqını sakitləşdirə bilərdi. Beləliklə, sabitlik bərpa olunar, Amerikanın maraqları və vətəndaşları müdafiə edilərdi.

O vaxtlar İranda mənzərə çox xaotik idi. Etirazçılarla hərbçilər arasında toqquşmalar gedirdi, dükanlar bağlanmışdı, ictimai xidmətlər dayanmışdı. Əməkçilərin tətilləri neft axınını dayandıraraq Qərbin həyati maraqlarını təhlükəyə atmışdı.

Prezident Karter tərəfindən xeyli dilə tutulan İran şahı Məhəmməd Rza nəhayət “tətil” üçün xaricə getdi. O ölkəni qeyri-populyar baş nazirin və vurnuxmada qalan hərbi elitanın  ümidinə buraxıb gedirdi. 400 min nəfərlik İran ordusu Amerikanın silah və müşavirliyindən tam asılı idi.

Xomeyni ordunun təmkinini itirəcəyindən qorxurdu. Ordunun şaha sadiq ali komandanlığı ona nifrət edirdi. Bu da məlum idi ki, bu generallar prezident Karter tərəfindən müəmmalı missiya ilə Tehrana göndərdiyi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Robert E Huyserlə gündəlik qaydada danışıqlarda idilər.

Ayətullah 15 illik sürgündən sonra İrana qayıtmaq və şahın “tətilini” əbədi etmək əzmində idi. Odur ki, o belə bir şəxsi məktub yazmışdı.

Qrammatik mənada birinci şəxsdə yazılmış məktubda Xomeyni Ağ Evi əmin etmək istəyirdi ki, 37 illik strateji müttəfiqini itirməkdən qorxmasın və ayətullahın özü də dost ola bilər:

“Siz özünüz görəcəksiniz ki, bizim amerikalılara xüsusi bir düşmənçiliyimiz yoxdur”, – deyə Xomeyni yazırdı. O inandırmağa çalışırdı ki, elan edəcəyi İslam Respublikası “humanitar bir dövlət olacaq, bütün bəşəriyyət üçün sülh və əmin-amanlığa töhfə verəcək.

Bu məktubdan görünür ki, Xomeyni özünün İrana qayıdışını yumşaq və dostyana tonla təmin edib. Əslində Xomeyninin məktubu Parisdə artıq iki həftədir ki, onun de -fakto işlər müdiri ilə ABŞ hökumət nümayəndələri arasında davam edən danışıqalrın kulminasiya nöqtəsi olub. Bu sakit proses Xomeyninin İrana salamat qayıdışını və hakimiyyətə sürətli yüksəlişini və beləliklə də İran və Amerika arasında sonradan onilliklər ərzində davam edəcək gərgin münasibətləri təmin edib.

İranın rəsmi tarixinə görə Xomeyni Birləşmiş Ştatlara sinə gərən və “Böyük Şeytanın” şahı taxtında saxlamaq cəhdlərini cəsarətlə məğlub edən şəxsiyyət kimi təqdim olunur. Lakin sənədlər göstərir ki, Xomeyni ABŞ hökuməti ilə çox sıx münasibətlərdə olub.

Tam əksinə, sənədlərdən bəlli olur ki, ayətullah nəinki Amerikanı dəf etməyib, hətta onunla dialoq üçün sakit mesajlar göndərib, potensial İslam Respublikasının ABŞ-ın maraqlarına dost ölkə olacağını vəd edib.

Bugünədək keçmiş Karter administrasiyasının rəsmiləri israr edirlər ki, İran məsələsində necə hərəkət etmək barədə fikir ixtilafının olmasına baxmayaraq, Vaşinqton sonadək şahı və onun hökumətini möhkəm şəkildə dəstəkləyib.

Lakin sənədlər səhnə arxasında ABŞ-ın çoxnüanslı davranışını göstərir. Şahın İranı tərk etməsindən iki gün sonra ABŞ Xomeyninin elçisinə bildirirdi ki, onlar prinsipcə İran konstitusiyasının dəyişdirilməsinin əleyhinə deyillər. Halbuki bu, faktiki olaraq monarixyanın devrilməsi demək idi. Bundan başqa amerikalılar Xomeyniyə daha mühüm bir məlumat vermişdilər: İranın hərbi liderləri öz siyasi gələcəkləri barədə müzakirəyə açıqdırlar.

40 il bundan əvvəl Amerika və Xomeyni arasında gedən proseslər heç də təkcə diplomatik tarix deyil. ABŞ-ın İslam Respublikasının içərisində praqmatik hesab etdiyi qüvvələrlə sövdələşmə arzusu bugünədək davam edir.

foto

Xomeyni Kennediyə niyə məktub yazmışdı?

Bu, Xomeyninin Vaşinqtona üz tutduğu ilk dəfə deyildi. 1963-cü ildə ayətullah şahın ən kəskin tənqidçisi kimi hələ təzə-təzə tanınırdı. O iyun ayında şahın Kennedi administrasiyasının təzyiqi altında “Ağ inqilaba” başlamasını parlaq çıxışı ilə kəskin tənqid etmişdi. “Ağ inqilab” torpaq sahibliyi islahatı və qadınlara seçki hüququnun verilməsi kimi mütərəqqi addımları nəzərdə tuturdu.

Xomeyni bu çıxışdan sonra həbs edilmiş, bunun dərhal ardınca üç gün davam edən zorakı etirazlar hərbiçilər tərəfindən çevik şəkildə yatırılmışdı.

Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxarılmış bir sənədindən bəlli olur ki, 1963-cü ilin noyabrında Tehranda ev dustağı olduğu günlərdə Xomeyni prezident Kennediyə dəstək məktubu yazıbmış.

Bu məktub İran hərbiçilərinin etiraz aksiyalarının iki təşkilatçısını güllələyəndən iki gün sonra və SSRİ liderinin İrana səfərinin ərəfəsində yazılmışdı. Məktubdan bu da hiss olunurdu ki, Xomeyni şahın sovetlərə doğru əyiləcəyindən qorxan ABŞ-ın hissiyatı ilə oynayırdı.

Xomeyni bu məktubda da şahın əsas himayədarını əmin etmək istəyirdi ki, onun Birləşmiş Ştatlarla heç bir davası yoxdur.

Mərkəzi Kəşfiyyat İdarəsinin 2008-ci ildə qismən açıqlanmış, “İranda İslam” adlanan 1980-ci ilə aid təhlilində deyilirdi ki, “Xomeyni İrandakı Amerika maraqlarına qarşı olmadığını izah edirdi”. Xomeyni ABŞ-a müraciətində deyirdi ki, əksinə Amerikanın mövcudiyyəti SSRİ və Britaniya təsirlərinin qarşısını almaq üçün zəruridir.

Səfirlik teletaypında olan bu məktubun tam mətni hələ də məxfi sayılır. Prezident Kennedinin bu məktubu görüb-görmədiyini demək çətindir. İki həftə sonra prezident Texasda sui-qəsd nəticəsində öldürüləcəkdi.

Bundan bir il sonra Xomeyni İrandan sürgün edilmişdi. O şahın üzərinə yeni tənqid hücumuna keçmişdi. Bu dəfə şahı İrandakı ABŞ hərbçilərinə immunitet verdiyinə görə tənqid edirdi. “Amerika prezidenti bilməlidir ki, o bizim xalqımız tərəfindən ən çox nifrət edilən şəxsdir” – deyə Xomeyni sürgünə getməzdən az öncə bildirmişdi.

15 ildən sonra Xomeyni Parisdə məskən salmalı olacaqdı. O indi İranı monarxiyadan azad etməyin bir addımlığında olan hərəkatın lideri idi. Lakin hətta qələbəyə bu qədər yaxın olduğu vaxtda da Xomeyninin ABŞ-a ehtiyacı vardı.

Həlledici məqam

1979-cu ilin yanvarında Xomeyninin məqamı yetişmişdi. Lakin o, ABŞ-ın son anda edə biləcəyi müdaxilədən, 1953-cü ildə etdiyi kimi  çevrilişi təkrar edəcəyindən çəkinirdi. 1953-cü ildə MKİ şahın taxt-taca qayıtmasına kömək etmişdi.

Şahın yeni baş naziri Şapur Bəxtiyar Xomeyninin yanvarın sonlarına planlaşdırılan gəlişinin qarşısını almaq məqsədilə hava limanına qoşun və tank birləşmələrini yeridəndən sonra vəziyyət partlayış həddinə çatmışdı.

Belə görünürdü ki, İran vətəndaş müharibəsinin bir addımlığındadır: Elit imperiya qvardiyası öz şahı uğrunda son damla qanınadək döyüşməyə hazır idi; İmam Xomeyninin fanatik tərəfdarları isə silahlı mübarizəyə və şəhidliyə hazır idilər.

Ağ Ev İranda vətəndaş müharibəsinin ABŞ-ın strateji maraqlarına problemlər yaradacağından narahat idi. Minlərlə ABŞ hərbi müşavirinin, F-14 qırıcıları kimi İrandakı təkmil Amerika silahlarının təhlükəsizliyi, həyatı neft təchizatı, İranda ən mühüm hakimiyyət təsisatı olan hərbiçilərin taleyi tərəzi gözündə idi.

ABŞ-ı şahın yıxılması, Xomeyninin hakimiyyətə yüksəlişi daha az maraqlandırıdı.

Lakin prezident Karter bundan əvvəl Xomeyni və İranın hərbi elitası  arasında sövdələşmə əldə etmək ideyasını rədd etmişdi.

İndi yaxşı məlum olan 9 noyabr 1978-ci il tarixli “Ağlasığmaz şeylər haqqında düşüncələr” adlı səfirlik teletaypında ABŞ-ın İrandakı səfiri Uliyam Sallivan xəbərdarlıq edirdi ki, şahın taleyi həll olunub. O , israr edirdi ki, Vaşinqton şahı və onun yüksək rütbəli generallarını İrandan çıxarmalı, daha kiçik rütbəli komandirlər və Xomeyni arasında sazişə nail olmalıdır.

Sallivanın cəsarətli təklifi prezident Karteri təəccübləndirmiş və onların sonrakı münasibətlərini korlamışdı. Lakin yanvarın əvvəllərində prezident könülsüz olsa da, razılaşmışdı ki, müxalifətin sakitləşdirilməsi üçün şahın getməsi zəruridir.

Baş verəcək hərbi çevriliş barədə xəbərlərin gəldiyi bir vaxtda, yanvarın 3-də prezident Karter özünün baş müşavirlərini toplamışdı. Qısa müzakirədən sonra qərara gəlinmişdi ki, Məhəmməd Rza şahı guya Kaliforniyaya istirahətə getməsi bəhanəsi ilə İrandan çıxmağa razı salmaq lazımdır.

“Sözün həqiqi mənasında neytral ölkə olan İran ABŞ-ın uğursuzluğu kimi görünməməlidir” – deyə prezident həmin iclasda açıq bildirmişdi.

Elə həmin gün Karter ABŞ Silahlı Qüvvələrinin Avropa komandanı, general Robert E Huyseri Tehrana göndərmişdi. O şahın generallarına “farağat oturmağı” tapşırmalı və onları baş nazir Bəxtiyara qarşı hərbi çevrilişdən çəkindirməli idi. Lakin Bəxtiyar müxalifət tərəfindən dəstəklənmirdi və onu “şahın agenti” adlandırırdılar.

Sallivan Baş nazir Bəxtiyarın cəsarətini onun üzünə tərifləmiş, lakin arxasınca Vaşinqtona demişdi ki, bu adam “göylə gedən Don-Kixotdur və ABŞ-ın heç bir məsləhətinə qulaq asan deyil”.

Dövlət Departamenti də Bəxtiyarın hökumətindən bir şey çıxmayacağını düşünürdü. Ağ Ev onu üzdə güclü şəkildə dəstəkləyir, lakin səhnə arxasında ona qarşı çevriliş barədə düşünürdü. Milli təhlükəsizlik müşavirinin müavini Devid Aaron 1979-cu ilin 9 yanvarında öz rəhbəri Zbiqnev Bzejinskiyə yazırdı ki, onun fikrincə, ən düzgün yol Bəxtiyarı devirib hərbiçilər və Xomeyni arasında saziş əldə etmək və şahın hakimiyyətinə son qoymaqdır”.

“Ola bilsin ki, bu sazişi hərbiçilər  Bəxtiyara qarşı hərəkət etmədən də əldə etmək olar” – Aaron yazırdı.

İki gün sonra nəhayət prezident Karter sarsılmış və xərçəngin əldən saldığı şaha “dərhal ölkədən çıxmağı” məsləhət gördü.

O vaxtlar ABŞ milli təhlükəsizlik bürokratiyası arasında belə bir fikir hakim idi ki, əvvəl-axır ayətullah və onun yaxın çevrəsi ilə iş görmək olar.

Xomeyni isə Vaşnqtona öz mesajlarını göndərməkdə idi: “Burada neftlə bağlı heç bir narahatlıq olmamalıdır. Bunu yalan deyirlər ki, İran ABŞ-a neft satmayacaq” – deyə Xomeyni yanvarın 5-də Fransada ona baş çəkən amerikalı qonağa demişdi. Həmin qonaq öz məlumatlarını ABŞ səfirliyi ilə paylaşmışdı.

Yanvarın 11-də Ağ Evin Situasiya Otağında keçirilən həlledici görüşdə MKİ proqnoz vermişdi ki, Xomeyni özü geri çəkiləcək və mötədil, Qərb təhsilli tərəfdarlarının və sağ əli sayılan ayətullah Məhəmməd Beheştinin hökumət yaratmasına imkan verəcək.

ABŞ rəsmiləri Beheştini “nadir quş” hesab edirdilər: praqmatik idi, ingiliscə danışan bu universitet təhsilli ruhani Qərbdə yaşamışdı və Xomeyniyə yaxınlığı ilə seçilirdi. Qısası, bu elə bir adam idi ki, amerikalılar onunla dil tapa bilərdilər.

“Biz Xomeynini təkcə təhsili cinsiyyət prinsipi ilə bölən və qadın haqlarına qarşı olan birisi kimi təqdim etməklə ədalətsizliyə yol vermis olarıq” – Dövlət Departamenti Kəşfiyyat Bürosunun o vaxtkı rəhbəri Filip Stoddard demişdi.

Prezident Karter isə indi arxayın idi ki, general Huyser artıq Tehrandadır. Huyser əmrlərə tabe bir adam idi və İranın hərbi liderləri ona inanırdılar.

Orada ikən Huyser hərbi rəhbərliyin başında duranların ovqatını müəyyən etməli və onları qürurlarının üstündən keçərək Beheşti ilə görüşə getməyə sövq etməli idi. ABŞ inanırdı ki, bu, Xomeyni ilə hərbi razılığa gəlinməsi ilə nəticələnəcəkdi.

Düyünün açılması üçün elə prezident Karter də öz qürurunun üstündən adlamalı olacaqdı. Yanvarın 14-də axşam ABŞ dövlət katibi Sayrus Vens Paris və Tehrandakı səfirliklərə telefonoqram göndərmişdi: “Biz qərara gəlmişik ki, Xomeyninin düşərgəsi ilə Amerika arasında birbaşa kanalın qurulması arzuolunandır”.

foto

Məxfi görüşlər

Yanvarın 15-də, günorta ABŞ-ın Fransadakı səfirliyinin siyasi müşaviri Uorren Zimmerman Paris yaxınlığındakı kiçik Naufle-le-Şato şəhərindəki sakit bir otelə gəlmişdi. Burada Xomeyni yaşayırdı. Zimmerman izlənməmək üçün bura öz rəisinin şəxsi Peugeot avtomobilində gəlmişdi. Maşının nömrələri diplomatik deyildi. “Mən böyük bir yemək otağına daxil oldum və burada tək bir adam oturmuşdu. Bu, Yəzdi idi” – deyə sonralar Zimmerman xatırlayırdı.

İran mənşəli amerikalı həklim İbrahim Yəzdi faktiki olaraq Xomeyni administrasiyasının rəhbəri idi. Texas ştatındakı Huyston şəhərinin sakini olan Yəzdi artıq Vaşiqntondakı rəsmilər vasitəsilə MKİ əməliyyatçısına çıxış tapmışdı. Sonralar bu adamın liberal, antişah alim Riçard Kottam olduğu bilinəcəkdi.

Xomeyni ilə birbaşa əlaqənin yaradılması son dərəcə həssas məsələ idi. Üstü açılsaydı, bu hadisə ABŞ siyasətindəki dəyişiklik kimi yozulacaqdı. Bütün dünyaya bəlli olacaqdı ki, Vaşinqton köhnə dostu şahdan əlini üzür.

Elə həmin gün, bir qədər əvvəl dövlət katibi Vens Fransa hökumətini xəbərdar etmişdi ki, Vaşinqton təcili şəkildə Xomeyni qrupu ilə birbaşa kontakta daxil olmalıdır. Səbəb Tehranda Beheşti ilə İran hərbi elitasının və təhlükəsizliyinin rəhbərləri arasında danışıqlara Xomeyninin dəstəyini almaq idi.

Beheşti Sallivanla görüşümüşdü, amma təhlükəszilik mülahizələri ilə İran generalları ilə görüşməkdən imtina edirdi. Odur ki, Vaşinqton Xomeyninin öz müavini ilə əlaqəyə girib ona belə bir görüş üçün icazə verməsini istəyirdi.

İkinci görüş üçün tez bir zamanda razılıq əldə edilmiş və Zimmermana tapşırılmışdı ki, İran generallarının şahın ölkədən çıxmasının ardınca hərbi çevriliş etmək planlarının ciddi olduğu, lakin Huyserin onları bu fikirdən daşındırdığını çatdırsın. ABŞ-ın İrandakı səfirliyindən Vaşinqtona göndərilən məlumatda deyilirdi ki, ordu həmin müddətdə sakit dayanacqdı, bir şərtlə ki, onu təxribata çəkməsinlər.

Yanvarın 17-də prezident Karter öz gündəliyində yazırdı ki, Xomeyninin İrandan uzaqda qalması üçün əlindən gələni edir. Lakin elə ertəsi gün onun administrasiyası Xomeyniyə bildirmişdi ki, onun “əmin-amanlıq içində” vətəninə qayıtmasına heç bir problem yoxdur.

Karter administrasiyasının Xomeyni ilə danışıqlarının əsas məqsədi ayətullahla hərbiçilər arasında kövrək sazişə nail olmaqdır. Ola da bilərdi ki, Vaşinqtonda Xomeyninin yüksəlişini yavaşıtmaq, ya da onun niyyətlərini oxumaq istəyirdilər. Lakin sonunda onlar bu iki məqsəddən heç birinə çatmamışdılar.

Xomeyniyə saziş yox, qəti qələbə lazım idi. Lakin Vaşinqtonla taktiki əlaqə Xomeyninin planlarına uyğun idi. Xomeyni əslində Karter administrasiyasının şaha və İran hərbiyyəsinə həqiqi sədaqətinin dərəcəsini müəyyən etmək məqsədilə açar suallar qoymuşdu.

Əslində bunu müəyyən etmək ayətullah üçün çox da çətin olmayacaqdı. ABŞ əlindəki kartları artıq göstərirdi.

“Nə, konstitusiyanın müdafiəsi?”

Zimmerman və Yəzdi üçüncü dəfə görüşəndə, onların bir-biri üçün şad xəbərləri vardı. 1979-cu ilin 18 yanvarı idi. Görüş elə həmin məkanda keçirdi. Paris ətrafında Xomeyninin yaşadığı yerə yaxın sakit karvansarada.

Yəzdi bildirirdi ki, Xomeyni Beheştinin generallarla görüşməsinə icazə verib. Elə Zimmermanın da ayətullah üçün müjdəsi vardı.

Bu iki nəfərin ikinci görüşü zamanı Vaşinqton Xomeyniyə xəbərdarlıq etmişdi ki, onun “qəfil dönüşü” fəlakətə səbəb ola bilər. Beləki İran hərbiyyəsi konstitusiyanın müdafiəsinə qalxa bilər. Konstitusiyada isə yazılıb ki, monarxiya əbədiyyətə qədər dəyişdirilə bilməz”.

Amma konstitusiyanın müdafiəsi nə demək idi? Yəni monarxiyanın qorunub saxlanması? Yoxsa bu ordunun birliyini qopuyub saxlamaq üçün lazım idi? Xomeyni bu suallara açıq cavab istəmişdi.

Düzünə qalsa o vaxt bu sualların cavabını heç ABŞ-ın özü də bilmirdi. Yəni bilmirdi ki, İran hərbiyyəsi Pəhləvi rejimindən əl çəkib “yeni demokratik respublika çərçivəsində işləməyə” hazırdır, yoxsa yox?

Vaşinqtona buna aydınlıq gətirmək üçün daha iki gün lazım olacaqdı. Amerikanın Xomeyniyə verdiyi cavab 35 il məxfi saxlanmışdı. Bu cavab ondan ibarət idi ki, ABŞ İranın siyasi sistemi barədə narahatlığa malik deyil.

Bütün rəsmi bəyanatlar kimi bu bəyanat da ümumi söz yığını ilə başlayırdı və məsələnin məğzi lap axırda idi: “Biz konstitusiyanın dəyişdirilə bilməyəcyini demirik, lakin biz inanırıq ki, bu dəyişiklik əsaslandırılmış və qaydalı şəkildə ola bilər. Əgər ordunun birliyi qorunub saxlanarsa, biz inanırıq ki, İranın gələcəkdə hansı siyasi sistemi seçməsi bizim rəhbərlik üçün məqbuldur”.

Başqa sözlərlə, Vaşinqton prinsipcə monarxiyanın ləğvinə razı idi və prosesin tədrici və nəzarətli şəkildə olması şərtilə general Huyserlə hər gün görüşən ali İran hərbiyyəsinin də bunu qəbul edəcəyini söyləyirdi.

Xomeyninin ən çox qorxduğu bu idi ki, Amerika şahı xilas etmək üçün son anda çevrilişə əl ata bilər. Amma indicə aldığı işarədən bəlli olurdu ki, ABŞ şahın işini bitmiş hesab edir və onun istədiyi yeganə şey rüsvayçı vəziyyətə düşməmək üçün hərbiyyəni qorumaq və kommunistlərin hakimiyyətə gəlməsinə yol verməmək idi.

Hər dəfə olduğu kimi Xomeyninin administrasiya rəhbəri ayətullaha hesabat vermək üçün dəftəçəsində farsca “çoxsaylı” qeydlər edirdi. Amerika diplomatı istəyirdi ki, İran elçisi mesajda nəyin deyildiyini dəqiq başa düşsün.

“Zimmerman konstitusiyaya aid hissələri oxusa da, Yəzdinin diqqətini ilk növbədə son iki cümləyə yönəldirdi. O, Yəzdiyə ABŞ-ın konstitusiya məsələsində sərt mövqe tutmadığını təlqin etmək istəyirdi” – Fransadakı Amerika səfirinin Vaşinqtona göndərdiyi ayrıca teletaypda deyilirdi.

ABŞ Xomeyniyə bildirirdi ki, ordu təmkinini itirməkdədir. “Bu zabitlər qeyri-müəyyənlikdən qorxurlar, onlar planlanmamış gələcəkdən qorxurlar” – deyə Zimmerman həmin görüşdə Yəzdiyə bildirmişdi.

Vaşinqton ayətullahın orduya toxunulmayacağı ilə bağlı vədindən rahatlıq tapmışdı. Xomeyninin emissarı ABŞ-ı özünün təkmil silahlarını İrandan çıxarmamağa çağırırdı.

Yəzdi həmçinin aydınlıq gətirmişdi ki, İslam Respublikası İsraillə özünün yəhudi sakinləri arasında dəqiq fərq qoyacaq. Yəhudilər artıq İrandan dəstə-dəstə qaçmağa başlamışdılar.

“Siz Amerika yəhudilərinə deyə bilərsiniz ki, İrandakı yəhudilərin gələcəyindən narahat olmasınlar” – deyirdi Yəzdi.

Həm Xomeyni, həm də prezident Karter hərbiyyə və müxalifət arasında toqquşma olmasını istəmirdilər. Lakin onların bundan məqsədləri daban-dabana zidd idi.

Karter Sallivanın “yaralı heyvan” adlandırdığı ordunun qorunub saxlanmasını istəyidi. Onun məqsədi bu ordu ilə ABŞ-ın gələcəkdə İrandakı təsir gücünü saxlamaq idi.

Amma Xomeyni bu “yaralı heyvanı” sakitcə tələyə salıb bitirmək istəyirdi. Ordu rejimə uzunmüddətli hədə təşkil edə bilərdi. Odur ki, ordunun başdan məhrum edilməsi və demontajı Xomeyninin əsas məqsədi idi.

Beləliklə, Vaşinqton monarxiyanın gələcəyi və ordunun mövqeyi barədə Xomeyninin bütün suallarını cavablandırmış oldu. İndi növbə ayətullahın idi. Karter administrasiyası ABŞ-ın İrandakı əsas maraqlarının gələcəyinin necə olacağını bilmək istəyirdi. Bunlara investisiyalar, neft təchizatı, hərbi-siyasi münasibətlər və Sovet İttifaqına münasibət daxil idi.

Ertəsi gün Xomeyni bu sualların cavablarını yazılı şəkildə Yəzdiyə vermişdi.

Bu İslam Respublikasının sənətkatrlıqla yaradılmış portreti idi və Karterin bir ay əvvəl Qvadelupada keçirilən dünya liderləri konfransında dilə gətirdiyi baxışı güzgü kimi əks etdirirdi: Sovet hegemonluğundan azad, neytral, Amerikaya dost olmasa belə, inqilabı ixrac etməyəcək və Qərbə neft nəqlini dayandırmayacaq İran.

“Biz öz neftimizi ədalətli qiymətlə kim almaq istəsə, ona da satacağıq” – deyə Xomeyni yazmışdı. Onun cavabında deyilirdi ki, neft təchizatı, iki ölkəni – İsraili və Cənubi Afrikanı istisna etməklə tam şəkildə davam etdiriləcək.

Xomeyni yazmışdı ki, ölkənin inkişafı üçün İranın başqalarına, “xüsusilə də amerikalılara” ehtiyacı var.

Xarici investisiyalara gəlincə, Amerikanın bu işdə çox güman rolu olmalı idi. Ayətullah yazırdı ki, İran tank yox traktor almaqda maraqlı olacaq. Başqa sözlərlə bu həm də ona işarə idi ki, İran silah məsələsində ruslara da üz tutmayacaq.

“Rusiya hökuməti ateist və antidin hökumətdir. Əlbəttə ki, bizim ruslarla qarşılıqlı anlaşmaya gəlməyimiz daha çətin olacaq” – Yəzdi Zimmermana demişdi, – Siz xristiansınız və Allaha inanırsınız, amma onlar yox. Odur ki, biz ruslardan daha çox sizinlə yaxınlıq duyuruq”.

Xomeyni həmçinin regionu qarışdırmayacağını vəd edirdi.

O yazırdı ki, “başqa xalqların işinə qarışmamaq” gələcək İran hökumətinin siyasəti olacaq. Bu da deyilirdi ki, şah rejimindən fərqli olaraq, İslam Respublikası Fars körfəzində polislik etməyəcək və inqilabı ixrac etməyə cəhd göstərməyəcək.

“Biz Səudiyyə, Küveyt və ya İraqı xariciləri ölkələrindən qovmağa çağırmayacağıq” – yazmışdı Xomeyni.

İrandakı xaos onun ərəb qonşularını bərk qorxudurdu. Onlar narahat idilər ki, şah rejiminin süqutu ilə silahlı marksist qüvvələr hakimiyyətə gələ bilər. Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına daxil edilmiş ərəb qiymətləndirmələrinə görə Xomeyni və ya onun ideyalarına söykənən hökumətin uzun sürəcəyinə inam az idi.

Lakin ayətullah çox tezliklə onun hərəkatını dəstəkləmiş marksist qruplaşmaları məhv edəcəkdi. Solları sıradan çıxarmazdan əvvəl, Xomeyni və onun radilkalları Yəzdi kimi mötədilləri neytrallaşdırcaqdılar. Onları əsl inqilabçı yox, amerikapərəst olmaqda ittiham etmək o qədər də çətin olmayacaqdı.

Yanvarın 24-də İslami İnqilab Şurasının əsas üzvləri ABŞ səfiri Uliyam Sallivanla görüşmüşdülər. Onların arasında İslam Respublikası ədliyyəsinin gələcək rəhbəri ayətullah Musəvi Ərdəbili də vardı. Məhz bu şəxs yeni respublikada minlərlə siyasi opponentin kütləvi edamlarında əsas rolu oynayacaqdı.

Amerikalılar hətta onu da ağlabatan adam hesab edirdilər. O daha qətiyyətli idi, lakin “fanatik deyildi”, – Sallivan Vaşinqtona belə yazırdı.

Üç gündən sonra Xomeyninin özü birbaşa Ağ Evə müraciət etmişdi. Özünün ilk birbaşa mesajında Xomeyni yazırdı: “Yaxşısı budur, siz orduya tövsiyə edəsiniz ki, Bəxtiyara tabe olmasın”.

Xomeyninin ricası üç məsələ üzərində qurulmuşdu: özünün rahat qayıdışı, konstitusiyalı hökumətin istefaya məcbur edilməsi və ordunun kapitulyasiyası.

Ayətullah bunu da ehtiyatla bildirmişdi ki, ordu divantutma əməliyyatlarına əl atsa, onun tərəfdarlarının zorakılığı İrandakı ABŞ vətəndaşlarına qarşı çevriləcək. Bununla belə, o mesajı müsbət tonda bitirməyə çalışırdı və yazırdı ki, böhranın dinc yolla çözümünə böyük ehtiyac var.

Yəzdi bu mesajı Parisdəki ABŞ səfirliyinə gətirmiş və məktub buradan Ağ Evə teletayp edimişdi.

Yanvarın 27-də müdafiə naziri Harold Braun telefonla general Huyserə Xomeyninin məxfi mesajı və bu barədə Karterlə müzakirə haqqında məlumat vermişdi. Bununla Braun Huyserə aydın şəkildə demişdi ki, Xomeyninin qayıdışı “taktiki” məsələdir və İran hakimiyyət orqanlarının ixtiyarına buraxılmalıdır.

Administrasiya Xomeyninin birbaşa kommunikasiyaya razılıq verməsindən məmnun idi və Vaşnqtonun Xomeyniyə cavabının  məxfilikdən çıxarılmış layihəsindən göründüyü kimi danışıqların davam etdirilməsini istəyirdi.

Layihə məktubunda Xomeyniyə öz hökumətini qurmaması tövsiyə edilir və bildirilirdi ki, siyasi böhran İran hökuməti ilə dialoq şəraitində çözülməlidir. Məktubun mətni rəy üçün Tehrandakı ABŞ səfirliyinə göndərilmiş və orada heç vaxt Xomeyniyə çatmamaq üçün qovluğa qoyulacaqdı.

Lakin bunun məsələyə artıq elə bir dəxli yox idi. Ayətullah tezliklə İrana yollanacaqdı.

foto

C variantı

Vaşinqton artıq Xomeyninin əsas ricasına sakitcə razılıq vermiş, orduya hərəkət etməmək tapşırılmışdı. General Huyser İran hərbiyyəsini arxayın salmışdı ki, Xomeyninin qayıdışı özlüyündə “C variantının” tətbiqinə əsas vermirdi.

C variantı hərbi çevrilişin kod adı idi.

Yanvarın 29-da baş nazir Bəxtiyar nəhəng daxili təzyiqin altında İranın hava məkanını Xomeyni üçün açıq elan etdi. Beləliklə, o özünün ikinci – B planına keçirdi: “Xomeyni öz mollalarını Tehran yaxınlığındakı dini mərkəz – Qum şəhərinə çəkməlidir”.

“Bu onu daha üzüyola edər və ən azı siyasi məsələlərə az müdaxilə etməsinə imkan yaradar” – deyə Xomeyni dalğası onu süpürüb atmazdan iki həftə əvvəl Bəxtiyar Amerika səfirinə demişdi.

Ayətullahın gəlişindən iki gün əvvəl şahın baş komandanı Xomeyninin nümayəndələrinə zəmanət vermişdi ki, ordu artıq prinsipcə, “kabinet” də daxil siyasi dəyişikliyə qarşı deyil.

Amerika səfiri məmnun qalmışdı. “Belə görünürdü ki, hərbiyyə Xomeyninin gəlişi ilə barışıb və konstitusiya normalarının gözlənilməsi şərti ilə yeni islami hərəkatla əməkdaşlıq etmək niyyətindədir” – Sallivan Vaşinqtona yazırdı.

Xomeyni Tehran aeroportuna fevralın 1-də səhər endi. Onu minlərlə tərəfdarı dövrələmişdi. Bir neçə gündən sonra o “öz baş nazirini” təyin etdi.

“O vaxtadək hərbiyyənin hökumət formasının dəyişməsi ilə bağlı heç bir problemi yox idi. Çünki dəyişiklik “legal və tədrici” qaydada edilmişdi”- deyə MKİ-nin yalnız 2016-cı ildə məxfilikdən çıxarılmış 5 fevral, 1979-cu il tarixli hesabatında bildirilirdi.

Bu məqamda artıq ordunun bütövlüyü əhəmiyyətli dərəcədə aşılanmışdı. Bir çox kiçik zabitlər və müddətli xidmətdə olanlar Xomeyninin tərəfinə keçmişdilər.

Tezliklə hərbi-hava qüvvələrində də qiyam oldu. Müxalifət silahlanmışdı və marksist qrupların rəhbərliyi ilə paytaxt boyunca ordu qışlalarına basqınlar edirdi.

Hərbi rəhbərlik tammiqyaslı vətəndaş müharibəsi edəcək qədər cəsarətli deyildi. Onlar Bəxtiyardan xəbərsiz məşvərət keçirmiş və öz neytrallıqlarını bəyan etmişdilər. Şahın baş nazirinin həyatını xilas etmək üçün qaçmaqdan başqa çarəsi qalmamaışdı.

Xomeyninin ilk inqilabı qalib gələndə prezident Karter Vaşinqtonda deyildi. O həftəsonu xizək sürmək üçün Kemp Devidin təpələrinə qalxmışdı. Bazar günü səhər, fevralın 11-də cənab Karter və onun dövləti katibi kilsədə idilər və onlarla rabitə yox idi.

Belə bir vəziyyətdə prezidentin milli təhlükəszlik müşaviri Ağ Evin Situasiya Otağında təcili iclas toplamışdı.

Bir vaxtların qüdrətli İran ordusu dağılmışdı, lakin Karter administrasiyasında ən şahpərəst adamlardan biri olan Bzejinski C variantı barədə düşünürdü. Lakin ona bildirdilər ki, ordunun indiki vəziyyəti ilə bu, mümkün deyil.

Tezliklə general Huyser qapalı telefon xətti ilə Avropadan Situasiya Otağına bağlana bilmişdi. General az sonra Tehrana getdiyinə və şah hərbiyyəsini neytrallaşdıraraq Xomeyninin qələbəsinə yol açdığına görə şıdırğı tənqid atəşinə düşəcəkdi. Onun özü bu ittihamları qəti şəkildə rədd edirdi. Onun Vaşnqtona yazdığı hesabatların əksəriyyəti bu gün də məxfi saxlanır.

Lakin fevralın 11-də onun tonu başqa idi. O hərbiyyənin bir tərəfə çəkilməsindən qətiyyən təəccüblənməmişdi: “Biz daim hərbiyyəni razılaşmalara getməyə sövq edirdik. Onlar birbaşa Bazarqanın yanına getməli idilər”.– Huyserin telefon danışıqlarının mətnində belə deyilir.

Mötədil islamçı Mehdi Bazarqan Xomeyninin yeni baş naziri idi.

Lakin hərbiyyənin etdiyi bütün güzəştlər Xomeynini qane etmirdi. Fevralın 15-də hərbiyyənin dörd yüksək rütbəli generalı ali məktəblərdən birinin damında tələm-tələsik edam edilmişdi. Bu, edamlar karuselinin yalnız başlanğıcı idi.

Bir çoxları bu qənaətə gəlmişdilər ki, kəşfiyyat uğursuzluqlarının və daxili ixtilafların girdabında olan Karter administrasiyası şahın sürətli süqutunun passiv müşahidəçisinə çevrilmişdi.

Lakin indi bəlli olur ki, ABŞ böhranın son mərhələlərində ayaqlarını hər iki düşərgədə bərkidərək şah rejimi süqutunun yumşaq enişlə baş verəcəyini gözləyirmiş.

Lakin Karterin qambiti böyük yanılma ilə nəticələnmişdi. Əsas təhlükə diqqətdən yayınmış, Xomeyninin ambisiyaları lazımınca qiymətləndirilməmiş və onun hərəkətləri yanlış yozulmuşdu.

Karterdən fərqli olaraq Xomeyni davamlı strategiya yürütmüş və öz partiyasını ustalıqla oynamışdı. İslam Respublikasının qurulmasına dair aydın məqsədlə hərəkət edən Xomeyni Amerikanın başını boş vədlərlə qatmış, onun niyyətlərini duymuş və qələbəyə doğru yürüş etmişdi.

Bir ildən də az müddət sonra ABŞ-ın işlər müvəkkilini və onlarca amerikalını girov götürən Xomeyni bəyan etmişdi: “Amerika bizə heç nə nə edə bilməz”.

Bundan sonra o öz qələbəsinin birinci ildönümündə əsas manifestini elan etmişdi: İran ABŞ imperializmi ilə bütün dünya boyunca vuruşacaq. “Biz öz inqilabımızı bütün dünyaya ixrac edəcəyik.  Bu İslam inqilabıdır”-deyə Xomeyni bəyan etmişdi.

“Biz konstitusiyanın dəyişdirilə bilməyəcyini demirik, lakin biz inanırıq ki, bu dəyişiklik əsaslandırılmış və qaydalı şəkildə ola bilər…” ABŞ-ın cavabında deyilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda dörd İşçi Qrup yaradılır

Sonrakı məqalə

İtaliya koronavirusdan ölənlərin sayına görə Çini keçib