Yardımlıdan yardım fotosu ilə gündəm olan qadın –"Xadiməyəm, cehizlik döşəyimi göndərdim, yenə göndərəcəym"

Sosial şəbəkələrdə Türkiyəyə yardım üçün ağır yükü başında daşıyan xanımın fotosu gündəm olub.

Oxu.Azın əməkdaşı fotosu yayılan Asudə Hüseynova ilə danışıb.

Onun sözlərinə görə, yardım kampaniyasına elə ilk gündən qoşulub:

“Mən də əlimdən gələni etmək istədim. Vaxt var idi, onlar bizə yardım edirdilər. İndi sıra bizimdir. Onlar canımız, qanımızdır. Bir ana, bacı kimi yanlarındayam. Bundan sonra da nəyə imkanım çatsa, etməyə hazıram.

Kampaniya başlayan ilk gündən qoşuldum. Evlər çökəndə öz qayınanama dedim ki, xala, nə olardı imkan yaradardılar, pul və ya yorğan-döşək yardımı göndərərdim. Ürəyim ağrıyırdı. Eşitdiyim gündən ağlayıram”.

A.Hüseynova fotodakı yükün sırf özünə məxsus olduğunu qeyd edib:

“Mən 2005-ci ildən Yardımlı rayon M.A.Ağayev adına Separadi kənd tam orta məktəbində xadimə olaraq çalışıram. Məktəbdə xadimələrlə birlikdə bu kampaniyaya qoşuldum. Lakin daşıdığım yük sırf özümündür. Cehizlik yorğan-döşəyim idi. İmkanım çatanı göndərdim. Nəyə imkanım çatsa, yenə də göndərəcəyəm.

Asudə Hüseynova hər kəsi bu kampaniyaya qoşulmağa çağırıb:

“Təklif edirəm ki, hər kəs bu yardıma qoşulsun. Əllərində nə varsa, nəyə imkanları çatırsa, kömək etsinlər. Kampaniya davam etdiyi vaxta qədər yenə də yardım etməyə çalışacağam”.

Qeyd edək, Hüseynova Asudə Bəhlul qızı Yardımlı rayonunun Separadi kəndindəndir. 1984-cü ildə anadan olub. Orada da yaşayır. Ailəlidir. 2 oğlu, 1 qızı var.

Əvvəlki məqalə

Türkiyədə universitetlər yaya qədər onlayn təhsilə keçdi

Sonrakı məqalə

Xilasedicilər 4 azərbaycanlı tələbənin olduğu dağılmış binaya girdilər