Rusiyalı milyarder Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edib.
Azpost.info xəbər verir ki, Anisimov Ukraynada müharibə başlayandan sonra Rusiya vətəndaşlığından imtina edən yeddinci rusiyalı milyarderdir.
“ Forbes”ə görə, Anisimov bunu hələ 2022-ci ilin sentyabrında edib, lakin xəbər indi ictimailəşib.
Hazırda İsveçrədə yaşayan iş adamı Dominikan və Xorvatiya vətəndaşlığını saxlayır. O, birincisini 1990-cı illərin ortalarında 60 min dollara alıb. Xorvatiya pasportuna isə 2003-cü ilin oktyabrında sahib olub. Bunun üçün Anisimov ölkədəki daşınmaz əmlaka ümumilikdə 11 milyon dollar sərmayə yatırıb.
Milyarder iddia edir ki, artıq Rusiyada heç bir aktivi yoxdur. O, keçmiş şirkəti “Coalco”nu və onunla birlikdə “Bolşoy Domodedovo”nu menecerlərə təhvil verib. Bununla belə, iş adamı Rusiyaya səfərlərini davam etdirir. O, bunu “Bolşoy Domodedovo” şirkətinin dəvəti ilə aldığı iş vizası ilə edir.
“Forbes”in məlumatına görə, Anisimov 1,6 milyard dollar sərvətə malikdir. Milyarderin Qazaxıstan və Afrikada biznesləri var. 2022-ci ildə o, BƏƏ-də daşınmaz əmlakla məşğul olub.
Bundan əvvəl bir sıra iri biznesmenlər Rusiya vətəndaşlığından imtina ediblər. Onların arasında Timur Turlov (sərvəti 2,4 milyard dollar), Ruben Vardanyan (1,3 milyard dollar), Yuri Milner (7,3 milyard dollar), Nikolay Storonski (7,1 milyard dollar), İqor Makarov (2,2 milyard dollar) və Oleq Tinkov (0,86 milyard dollar) da var.
Azpost.info
