Yol qəzasında həlak olan tənha istedad-Parlaq aktyor nəsli yaratmış Tofiq Kazımovun xatirə günüdür (FOTOLAR)

Avqustun 2-si Azərbaycanın görkəmli teatr xadimi, Xalq artisti, Akademik Milli Dram Teatrının mərhum baş rejissoru Tofiq Kazımovun anım günüdür.

Tofiq Kazımov 1923-cü ilin soyuq yanvar günü Bakıda, görkəmli şair Səməd Mənsurun (Səməd Hacı Əhməd oğlu Kazımov) ailəsində dünyaya gəlib.

Əsl adı Əhməd Tofiq olan balaca oğlanı atasının vəfatından sonra Tofiq deyə çağırmağa başlayırlar. Tofiqin 4 yaşı olanda atası dünyasını dəyişir.

Səməd Mənsur haqq dünyasına qovuşanda 47 yaşı var idi.

Nə acı təsadüf ki, Tofiq Kazımov atası Səməd Mənsurdan  cəmi 10 il çox yaşadı…

Tofiq Kazımov yanvarın 14-də doğulmuşdu. Səməd Mənsur da yanvar ayında dünyaya gəlmişdi. Hər şey “Rəngdir” deyən Səməd Mənsur ölümlü dünyadan  köç edəndə yenə də yanvar ayı idi…

Tofiq Kazımovun 57 illik ömrünün son fəsli isə isti yaya təsadüf etdi.

 1980-ci il avqustun 2-də avtomobil qəzasında həlak olan Tofiq Kazımovun vəfatı bugünədək görkəmli rejissoru tanıyan,  onunla çiyin-çiyinə çalışan sənət adamlarını çox yandırır.

Azərbaycan Teatrının tarixində əsl sənət inqilabı edən və bu səbəbdən incidilən, tikanlı sözlərə, haqsız tənələrə tuş gələn Tofiq Kazımovu vəfatının 42-ci ilində dostları, sevənləri ilə yad edirik:

Ramiz Məlikov Xalq artisti

Tofiq Kazımov və Mehdi Məmmədovdan sonra teatr, pillə-pillə aşağı endi…

Tofiq Kazımov haqqında  saatlarla danışa bilərəm. Bu barədə danışmaq mənim üçün xoşdur. Amma illər ötdükcə Tofiq Kazımov haqqında danışanda üzülürəm, kədərlənirəm. Səbəbi odur ki, Tofiq müəllim 1980-ci il avqustun 2-də qəzaya düşüb, faciəli şəkildə vəfat edib. Mənim doğum günüm isə avqustun 4-dür. Tofiq Kazımovun vəfatından sonra doğum günlərimi kədərlə qeyd edirəm.

Bizim kursun müəllimi, mənim müəllimim Tofiq Kazımov idi. Mənim teatra gəlməyim,  rollar ifa etməyimdə, inkişafımda Tofiq müəllimin böyük dəstəyi olub. Mən bunu heç vaxt unuda bilmərəm. Tofiq Kazımovla ilk görüşüm 3-cü kursda oxuyanda baş tutdu. Tofiq müəllim bizim kursun rəhbəri idi. 4-cü kursda Nəsir Sadıqzadə Eduardo De Filipponun “Komediyanın qüdrəti” əsərini tərcümə edərək, quruluş verdi. Həmin tamaşada  “Bələdiyyə katibi Cakomo” obrazını ifa edirdim. Çox maraqlı, eksentrik rol idi. İfa etdiyim obraz Tofiq müəllimin çox xoşuna gəlmişdi. Diplom tamaşamızı Gənc Tamaşaçılar Teatrının səhnəsində oynadıq. Tofiq müəllim heç kimi biri-birindən ayırmadı. 12 nəfər tələbənin hamısına 5 (əla) yazdı. 1967-ci ildə Tofiq müəllim 12 nəfərlik kursu İrəvana göndərdi. Hamımız İrəvana Azərbaycan Teatrının bərpası üçün getdik. Yola düşməzdən əvvəl Tofiq müəllim məni yanına çağırıb dedi ki: “Ramiz, nə zaman qayıtmaq istəsən, bu teatrın qapıları üzünə açıqdır”. İrəvan Azərbaycan Dövlət Dram Teatrında 6 ay çalışdım. 1967-ci il avqustun 25-də Tofiq müəllimin yanına gəldim. İrəvandan qayıtdığımı dedim. Tofiq müəllim məni yaxşı qarşıladı və onun tövsiyəsi ilə 1967-ci il sentyabr ayının 21-dən bugünədək Akademik Milli Dram Teatrında çalışıram.  Tofiq Kazımovla “Yastı təpə”, “Qılınc və Qələm” və bir çox tamaşalarda həm aktyor, həm də ikinci rejissor, rejissor assistenti kimi çalışmışam. Hər zaman qayğısını, diqqətini üzərimdə hiss etmişəm. Tofiq müəllimin çox şirin ləhcəsi, danışığı var idi. Onunla maraqlı söhbətlərimiz olardı. Tofiq Kazımov mənim sənət müəllimim olub. Biri var institutda, tədrisdə müəllim, biri də var ki, teatra gələsən və teatrda da sənin sənət müəllimin olsun.

Bir məsələni də unutmadan deyim. Tofiq müəllim “Qılınc və Qələm” tamaşasını hazırlamışdı. Tamaşanın premyerasına həyat yoldaşım da gəlib baxdı. Tamaşadan sonra üçümüz söhbət etdik. Tofiq müəllim həyat yoldaşıma: “Tamilla xanım, mənim belə bir fikrim var. Sizin icazənizlə Ramizi Moskvaya göndərmək istəyirəm.  Mənim dostum Georgi Dunayevin rejissorluq kursları var. İstəyirəm Ramiz Moskvaya gedib 4-5 ay rejissorluq kursunda təhsil alsın. Ramiz bir neçə tamaşalarda  mənim ikinci rejissorum olub. Həm də bilirəm ki, zamanında Teatr İnstitutunun rejissorluq fakultəsinə imtahan verib. Amma bəzi  texniki səbəblərə görə aktyorluq sinifini bitirib. Görürəm ki, onda rejissorluq sənətinə meyl daha çoxdur”demişdi.

Çox təəssüf ki, indi Tofiq Kazımov kimi istedada yol açan, şərait yaradan adamlar yoxdur. Bu sözlərim Mehdi Məmmədova da aiddir. Hər ikisinin xidmətləri çoxdur. Tofiq Kazımovun teatra gətirdiyi aktyorlara nəzər yetirin. Görün kimləri teatra, sənətə qazandırdı. Amaliya Pənahova, Fuad Poladov, Vəfa Fətullayeva, Səməndər Rzayev, Yaşar Nuri, Səfurə İbrahimova, Şəfiqə Məmmədova…  Tofiq Kazımov həmişə çalışırdı ki, teatra yeni qüvvələr gəlsin. O, gənclərə çox ümid bəsləyirdi.

1968-ci ildə A.Vampilovun “Övlad”tamaşasını hazırlayırdı. “Busıgin” obrazını mənə tapşırdı. Özü də birbaşa dedi ki, “Əsəri oxu. Busıgin obrazına bax. Baş roldur. Rolunu yaz və sabahdan məşqə başlayırııq”. Sözün düzü məəttəl qaldım. Tofiq Kazımov belə idi. İnandığı, güvəndiyi gənc aktyora əsas obrazı birbaşa təqdim edirdi. Busıgin obrazının 24 vərəqlik mətni var idi. Tofiq müəllim tamaşanı 20 günə hazırlayacağımızı dedi. Təsəvvür edirsiniz?  Böyük tamaşa idi. Yaşar Nurini “Silva”  obrazına görə ilk dəfə səhnəyə gətirdi. Sonra Pərviz Bağırov, Məhbubə Məlikova, Zərnigar Ağakişiyevanı, Hamlet Qurbanovu gətirdi. Tamaşada Məmmədrza Şeyxzamanovla tərəf müqabili olduq. Necə gözəl tamaşa alınmışdı…

Amma Tofiq Kazımovun teatrdakı həyatı hamar deyildi. Bəzi aktyorlar, xüsusilə də yaşlı nəslin aktyorları Tofiq müəllimi sevmirdilər. Mən açıq danışıram. Tofiq Kazımovun dəst-xətti yaşlı nəsilə mənsub olan aktyorları qıcıqlandırırdı. Cavan aktyorların irəli çəkilməsinə dırnaqarası baxırdılar.

Tofiq Kazımovun adını “içki düşgünü” kimi çəkirdilər. Tofiq müəllim içkiyə qurşanan adam deyildi. Düzdür, içməyi sevirdi. Amma bu, onun düşkün həyat tərzi keçirməsi demək deyildi. O, dövrün yaşlı sənətkarlarının əlinə yaxşı fürsət düşmüşdü. Günlərin birində Tofiq müəllimin məsələsini sovet partiya iclasında müzakirəyə çıxartdılar. İclasda dörd bir tərəfdən Tofiq müəllimin üstünə hücum çəkdilər. Hərəsi bir söz deyirdi, haqsız fikirlər irəli sürürdülər. İclası İsmayıl Dağıstanlı aparırdı. Zalda Tofiq müəllimin yaxın dostları Əli Zeynalov, Məlik Dadaşov və başqalaları da əyləşmişdi. Amma heç kimin səsi çıxmırdı. Vəziyyəti belə görən mən, Rafiq Əzimov və Amaliya Pənahova Tofiq Kazımovun müdafiəsinə qalxdıq. Biz o zamanlar büronun üzvləri, gənc kommunistlər idik. Komsomol katibi olduğuma görə, mənim səsvermə hüququm var idi. Ona görə İsmayıl Dağıstanlıdan söz istədim. Mənə dedi ki, “Buyur, komsomol. Eşidirik. Sən nə deyirsən?”  Mən, məsələyə komsomol katibi kimi yox, büro üzvü kimi fikrimi bildirdim. Söylədim ki, “İndi qaldırdığınız məsələ yanlışdır. Tofiq Kazımov teatrın baş rejissorudur”. İsmayıl Dağıstanlı çıxışıma müdaxilə etdi. Mən isə bildirdim ki, “Sözümü kəsməyin. Mən, Tofiq Kazımovla bağlı olan bu məsələnin qaldırılmasını, bu mövzunun gündəlikdən çıxarılmasını tələb edirəm”. Gənc nəslin yetişməsində, inkişafında, yeni teatr sisteminin yaranmasında Tofiq Kazımovun böyük xidmətləri olduğundan danışdım. Əlavə etdim ki, görülən işləri danmaq, kiçik şəxsi məsələni qabardıb, Tofiq müəllim kimi insana töhmət vermək qəbul olunmazdır. Mənim əsəbi çıxışımdan sonra Amaliya Pənahova və Rafiq Əzimov çox sərt, kəskin danışdılar.  Zalda səs-küy yaranmışdı. Gənclərin Tofiq Kazımovun müdafiəsinə qalxdığını görən qocaman aktyorlar geri çəkilməyə məcbur oldular. Çünki, onların danışmasına imkan vermirdik. Təlatümlü iclasın sonunda Tofiq Kazımova heç bir cəza verə bilmədilər. Sadəcə tövsiyə xarakterli bir neçə fikir səsləndi. Bütün iclas boyu Tofiq Kazımov arxa sırada oturub, zala  baxırdı. İclasın sonunda Tofiq müəllimin dəsmalı ilə gözünün yaşını sildiyini gördük. Biz, yəni Tofiq müəllimin yetişdirdiyi, qol-qanad verdiyi gənc aktyorlar ona yaxınlaşdıq. Tofiq müəllimi qucaqladıq. Çox kövrəlmişdi. Bizi də kövrəltmişdi.  Sonra Tofiq müəllimin otağına getdik. Araya sükut çökdü. Tofiq müəllim bizə baxırdı, amma danışmırdı. Gözləri dolmuşdu. Bir neçə dəqiqə səssiz oturduq. Sonra Tofiq müəllim minnətdarlıq hissi ilə üzümüzə baxdı və başını tərpədərək bizə “çox sağ olun” deyə işarə elədi. Bu hadisə yadımdan heç zaman çıxmaz.

Tofiq müəllimin ölümü çox faciəli oldu. Həmin gün Tofiq müəllimin sürücüsünün yerinə başqa adam avtomobili idarə edib. Çox güman ki, yeni sürücü naşı olub və belə dəhşətli qəza baş verdi. Bu faciəli hadisə avqustun 2-də baş verib. Tofiq müəllimi avqustun 3-də dəfn ediblər. Mənim və teatrımızın bir çox aktyorlarının hadisədən xəbərimiz olmayıb. Məzuniyyət olduğuna görə, hərə bir yerə getmişdi. O, zamanlar indiki kimi internet, mobil telefonlar yox idi. Ona görə də çoxumuza gec xəbər verdilər. Şəxsən mənə nə teatrdan, nə də eyni binada yaşadığım aktyor qonşularım tərəfindən məlumat verilmədi.  Sonralar mənə dedilər ki, “Başımız qarışdı, çox adama xəbər edə bilmədik” .

Avqustun 4-ü mənim doğum günüm idi. Evdə süfrə açılmışdı, qonaqlarım gəlmişdi. Bu dəhşətli xəbəri eşitdiyim an, elə bildim üzərimə qaynar su tökdülər. Halım dəyişdi. Səndələyib, yerə çökdüm. Mənə su verdilər. Evə yığışan qohumları, dostları yola saldıq. Ad günü mərasimi kədərə döndü. Həmin vaxtdan sonra hər il doğum günümdə o müdhiş hadisəni xatırlayıram.

Elə insanları itirdik ki, bu gün teatrımızın belə vəziyyətə düşməsində onların yoxluğu özünü göstərir. 1980-ci ildə Tofiq Kazımovu, 1985-də Mehdi Məmmədovu, 1986-da Səməndər Rzayevi, 1987-də Vəfa Fətullayevanı, ardınca Hamlet Xanızadə, Hamlet Qurbanov, Mikayıl Mirzə, Yaşar Nuri və ən sonda Fuad Poladovu itirdik. Sanki səmum yeli əsdi. Bir neçə ilin içərisində istedadlı sənətkarlarımız dünyasını dəyişdi. Sizə bir həqiqəti deyim. Tofiq Kazımov və Mehdi Məmmədovdan sonra teatr, pillə-pillə aşağı endi. Teatrımıza rəhbərlik edən direktorlar da, təkcə Əli İsmayılovu çıxmaq şərtilə, teatrı aşağı çəkdilər. Tofiq müəllim yeni teatr yaratmaq istəyirdi. Öz teatrını. Bu barədə dəfələrlə söhbət etmişdik. Həmişə deyirdi ki, “Bunları görürsən? Mən bunlarla necə işləyim?  Yaxşı ki, sizlər varsınız”. Tofiq müəllim novator rejissor idi. Ürəyində həyata keçməyən çox arzuları qaldı. Bu gün onu yad edirik. Ruhu şad olsun!

Zəminə Hacıyeva  Rejissor. Konya Səlcuk Universitetinin Dilek Sabancı Dövlət Konservatoriyasının professoru

Tofiq müəllim mənim rejissor olmağımı istəmirdi…

Tofiq Kazımov mənim və Fuadın (Fuad Hacıyev) müəllimi olub. 1961-ci ildə ilk dəfə indiki İncəsənət Universitetində rejissor sinifi açıldı. Qrupumuzda doqquz oğlan bir nəfər də qız, yəni mən var idim.

Müəllimimiz isə Moskvadan gəlmiş, gözəl insan, savadlı rejissor olan Tofiq Kazımov idi. Sonralar Azərbaycan səhnəsində tanınan, sevilən bir çox aktyor və aktrisalar Tofiq müəllimin yetirmələri oldular. Mənə də israrla təklif edirdi ki, aktyorluğa keçim. Çünki, aktyorluqda qızlar az idi. Mən də hər dəfə deyirdim ki, dayım icazə verməz. Tofiq müəllim mənim rejissor olmağımı istəmirdi. Hər zaman Fuada deyirdi ki, “Rejissorluq çətin, məşəqqətli sənətdir. Məişət problemləri ilə səhnənin çətinliyi birləşəndə ağır olacaq. Bir qadının bu yükü daşıması çətindir”

Rəhmətlik, hər axşam indiki Heydər Əliyev Sarayının yanında gəzintiyə çıxardı. Çox vaxt Fuadı da çağırardı və uzun söhbətlər edərdilər. Tofiq müəllimlə Fuadın söhbəti tuturdu. Saatlarla sənətdən, teatrdan, musiqidən danışardılar. Bizim Bakıda qalıb, çalışmağımızın da səbəbkarı Tofiq Kazımov olub. Belə ki, 1965-ci ildə ailə qurmuşduq. Elə həmin il diplom tamaşamız – Knorrenin “Ata” tamaşısını Gənc Tamaşaçılar Teatrının rus bölməsində səhnəyə qoyduq. Sonra Fuadın atası, Rauf Hacıyev Azərbaycanın mədəniyyət naziri təyin olundu. Həmin vaxt biz də məzun olduq. Və düşündük ki, atamız nazir olub. Teatrlardan birinə rejissor kimi işə düzələrik. Amma Rauf müəllim: “Fuadik, bu ola bilməz. Çünki bura mənim sahəmdir. Oğlumu və gəlinimi teatrlardan birinə rejissor təyin etsəm, deyəcəklər ki, öz ailəsinə, övladlarına şərait yaradır”.  Bu sözləri bizə deyəndə çaşıb qaldıq. Hər ikimiz cavanıq. Yeni ailə qurmuşuq. Atamızın bu sözündən bərk incidik. Sonra fikirləşdik ki, bəs nə edək?  Əgər Bakıda çalışmaq imkanımız yoxdursa, deməli Moskvaya getmək lazımdır. Bu söhbəti Tofiq müəllimə danışdıq. Həmin anda söhbətə Mehdi Məmmədov da qoşuldu. Hər ikisi bizi dinlədilər. Tofiq Kazımov: “Nə Moskva? Mən ölməmişəm ki, siz Moskvaya gedəsiniz. Teatr olmasın, İnstitut olsun. İnstitutda qalıb, çalışarsınız. Sizin üzərinizdə bu qədər əməyim var. Ən yaxşı tələbələrimdən olmusunuz. Mən sizi Moskvaya buraxa bilmərəm” dedi. Elə də oldu. Mehdi Məmmədovun da dəstəyi ilə, gedib, Rahib müəllimlə danışdılar və Fuadla mən İnstitutda çalışmağa başladıq. Bilirsiniz, bizim gözəl müəllimlərimiz olub. Tofiq Kazımov, Mehdi Məmmədov, Ədil İsgəndərov, Rza Təhmasib. Hər biri başqa dünya idi. Tofiq Kazımovu isə lap çox sevirdik. Sevimli müəllimimiz idi. Onun ailəsi də bizə əziz idi. Həyat yoldaşı Rəna xanımla yaxın əlaqələrimiz var idi.

Ustadımıza Allah rəhmət eləsin!

Rafiq Əzimov Xalq artisti

Tofiq Kazımova qarşı ondan qat-qat aşağıda olan adamlar səslərini ucaldırdılar…

Azərbaycan Teatrının görkəmli rejissoru Tofiq Kazımovu hər zaman ehtiramla rəhmətlə yad edirəm. Bu gün sayılıb, seçilən sənətkarlarımızı zamanında teatr aləminə Tofiq Kazımov gətirib. Bizə göstərdiyi qayğıya görə, onun qarşısında həmişə səcdə etmişik. Tofiq müəllimlə bağlı söhbətimə ilk tanışlığımızdan başlamaq istəyirəm. İlk dəfə görkəmli insan, böyük sənətkarla görüşüm 1958-ci ildə, keçmiş Kinostudiyanın qarşısında olub. O, zamanlar mən hələ aktyor deyildim. 20 yaşlı cavan oğlan idim. Məktəb vaxtlarımdan teatra, incəsənətə böyük marağım var idi. Elə bu səbəbdən də müxtəlif dərnəklərə yazılmışdım. Dram, xor, tar dərnəyinin fəal üzvü idim. Sonralar Xalq Teatrında çıxış etmişdim. Yaşım artıqca, aktyor olmaq həvəsim güclənirdi. Amma valideynlərim aktyor olmağımı istəmirdilər. Bizim nəslimizdə axundlar, din adamları çox idi. Ona görə də axund nəslindən çıxan birinin artist olması qəbul olunmaz sayılırdı. Fikrimi gümanım gələn bütün qohum-əqrəbama çatdırdım.  Amma heç kim mənim təklifimə müsbət baxmırdı. Günlərin birində aktyor olmaq istəyimi əmim oğlu Cəbrayıl Əzimova danışdım. Cəbrayıl Əzimov Moskva Kinematoqrafiya İnstitutunda təhsil almışdı. Əməkdar rəssam, ”Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan bir silsilə məşhur filmlərin rəssamı idi. Cəbrayıl məni dinləyib dedi ki, “Axşam sizə gələrəm. Evdəkilərlə danışaram”. Valideynlərimin Cəbrayıla qarşı xoş münasibəti var idi. Cəbrayıl mənə kömək etmək istəsə də, istedadımdan xəbərsiz idi. Məndə olan aktyorluq istedadını yoxlamaq üçün dostu və qonşusu Tofiq Kazımova barəmdə danışıb. Tofiq müəllim Cəbrayılın əmisi oğlu olan Rafiqlə görüşmək üçün bəndənizi kinostudiyaya dəvət etdi. Tofiq Kazımov həmin vaxt “Səhər” filminin ikinci rejissoru kimi kinostudiyada çalışırdı. “Azərbaycanfilm” kinostudiyasının köhnə binası “Hökumət Evi”nin yaxınlığında idi. Səhər tezdən gəlib, Tofiq müəllimin yolunu gözlədim. Saat 9.00-da kinostudiyanın qarşısında yaşıl rəngli “Moskviç” dayandı. Avtomobildən düşən Tofiq Kazımov: “Cəbinin əmisi oğlu sənsən?” deyə soruşdu. Mənim Tofiq Kazımovla ilk tanışlığım belə başladı. Tofiq müəllim mənə teatrdan, kinodan, dramaturgiyadan, aktyorluq sənətindən müxtəlif suallar verdi. Uzun illər Dram dərnəyi və Xalq Teatrında çıxş etməyim, həm də Akademik Milli Dram Teatrında baxdığım tamaşalar dadıma çatdı. Tofiq Kazımovun bütün suallarına  doğru cavab verdim. Hiss elədim ki, verdiyim cavablar xoşuna gəldi. Mənə dedi ki, sənədlərini İnstituta təqdim edə bilərsən. Elə həmin il Mirzəağa Əliyev adına Teatr İnstitutuna, Xalq artisti, Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımovun kursuna daxil oldum. 1962-ci ildə bizim kursdan üç nəfər- Həsən Məmmədov, Eldəniz Zeynalov və mən Akademik Teatra təyinat aldıq. 1962-ci ilin sentyabrından bugünədək, 60 ildir ki, doğma teatrımda çalışıram. 1962-ci ildən 1980-ci ilədək Tofiq Kazımovun hazırladığı bütün tamaşalalarda irili-xırdalı müxtəlif obrazlar ifa etmişəm. Tofiq Kazımovla son işimiz “Karıxmış sultan” tamaşasında oldu.

Tofiq Kazımovun faciəli şəkildə həlak olmasını xəbərini Qəbələdə eşitdim. Həmin vaxt orada filmə çəkilirdik. Rafael Dadaşov bir neçə günlüyə Bakıya getmişdi. Qayıdanda gördük ki, bikefdir. Biz soruşmadan dedi ki,  “Tofiq Kazımov avtomobil qəzasına düşüb”. Mən tez soruşdum ki,  “Vəziyyəti necədir? Ağırdır?” Rafael Dadaşov : “Yox ey, vəfat edib” deyəndə elə bil yer-göy yerindən oynadı. Hamımız şoka düşdük. Elə bildik ki, evimizdən bir doğma adamımızı itirdik. Çünki, Tofiq Kazımov biz gənc aktyorlara görə az qala bütün teatrla üz-göz olurdu. Yaşlı nəslin aktyorları ona qarşı haqsızlıq edirdilər. Danoslar yazırdılar, onunla yola getmirdilər. Hamısı bizi qoruduğuna, tamaşalarında gənclərə üstünlük verdiyinə görə idi. O, illərdə teatrda həmkarlar, partiya, komsomol işlərində fəal olmuşam. Şahidi olurdum ki, Tofiq Kazımova qarşı ondan qat-qat aşağıda olan adamlar, aktyorlar səslərini ucaldırdılar.

İclaslarda Tofiq Kazımovun üzünə durur, əsəblərini tarıma çəkirdilər. Son iclasların birində dözə bilmədim. Qalxıb çıxış elədim. Söylədim ki, Tofiq Kazımov haqqında danışmaq üçün onun səviyyəsinə qalxmaq lazımdır. Mənim sərt çıxışımdan sonra Ramiz Məlik və  Amaliya Pənahova da çıxış etdi. Hamımız Tofiq müəllimin müdafiəsinə qalxdıq. Bu gün adını çəkmək istəmədiyim aktyorlar Tofiq müəllimə irad tuturdular ki, “Hamlet” hazırlayıb, baş rolu  yaşlı aktyora deyil, gənc Həsənağa Turabova tapşırıb. “Ofeliya” obrazını Amaliya Pənahovaya verib. Ümumiyyətlə, “Hamlet” (Şekspir) faciəsində əsas obrazları cavanlar ifa edirdi. Hamlet Xanızadə, Kamal Xudaverdiyev, Həsən Məmmədov, Rafiq Əzimov və.s.  Həmçinin “Aydın”(C.Cabbarlı) pyesində Həsənağa Turabov (Aydın), Şəfiqə Məmmədova (Gültəkin), Səməndər Rzayev, (Dövlət bəy) mən və bir sözlə bütün cavanlar rol almışdı. Tofiq müəllim, bütün tamaşalarını gənc aktyorların üzərində qururdu. Bu isə teatrın yaşlı aktyorlarının xoşuna gəlmirdi. Baxmayaraq ki, gənclərlə yanaşı qocaman aktyorlar da öz yaşlarına uyğun obrazları ifa edirdilər. Əslində belə də olmalıydı. Amma Tofiq müəllimə qədər gənc obrazları ifa etməyə alışmış yaşlı aktyorlar, baş rolların əldən çıxmasına görə narazılıq edirdilər.

Tofiq Kazımov gəncləri bir araya toplayıb, öz teatrını yaratmaq istəyirdi. Təəssüf ki, o dövrdə buna imkan, şərait yox idi.

Cəfər Cabbarlının “Almaz” əsərində belə bir söz var: “Bu həşəratın içində biz baş apara bilmişiksə, böyük işdir”. Bu ifadə eynilə bizə aiddir. Bir sözlə, Tofiq Kazımovdan sonra hamımız yetim qaldıq.

Bir neçə kəlmə Tofiq Kazımovun insani keyfiyyətlərindən danışmaq istəyirəm. Tofiq müəllim paxıl, xəbis adam deyildi. Baxmayaraq ki, Mehdi Məmmədovla aralarında soyuqluq var idi, amma “Dəli yığıncağı”tamaşasının bədii şuradakı müzakirəsində Mehdi Məmmədova müraciətlə: “Mehdi, bu tamaşa bizim proqramımız olmalıdır” dedi. Səsi indiki kimi qulağımda cingildəyir. Sənətə qiymət verən şəxs idi. Hər şeyi dəqiqliklə bilirdi. Bilirdi ki, Ədil İsgəndərov, Mehdi Məmmədov istedadlı rejissorlardır.

Tofiq müəllimə yaxın olan aktyorlardan biri Əli Zeynalov idi. Əli Zeynalov Tofiq Kazımova “Tofiq bəy” deyə müraciət edərdi.  Qara Qarayev, Tofiq Quliyev, Emin Sabitoğlu ilə yaxın yaradıcılıq əlaqələri var idi. Tofiq Kazımov istedada xidmət göstəriridi. Mən ona həmişə rəhmət oxuyacam. 1964-cü ildə ailə həyatı qurdum. Mənim ev almağımın əsas səbəbkarı da Tofiq müəllim olub. 1966-cı ildə mənim kimi cavan, yeni ailə qurmuş  aktyorun mənzil problemini həll etdi.  Adama bundan böyük yaxşılıq edərlər?

Sizə bir xatirəmi də danışmaq istəyirəm. Tofiq Kazımovun vəfatından sonra, sentyabr ayında Akademik Teatrın yeni mövsümü açılmışdı. Tofiq müəllimin yeri görünürdü. Bir gün tamaşadan sonra rəhmətlik Səməndər Rzayevlə qrim otağında geyinirdik. Mən əynimi dəyişib, qrimimi silmişdim. Birdən gözüm Səməndərə sataşdı. Gördüm hərəkətsiz oturub. Əvvəlcə qorxdum. Dedim bəlkə ürəyi ağrıyır. Yaxınlaşıb: “ Səməndər, sənə nə olub? Ürəyin tutub?”deyə soruşdum. Səməndər başını yuxarı qaldırıb üzümə baxanda gördüm ki, gözləri dolub.
Mənə diqqətlə baxaraq dedi ki: “Əzimov, teatr qurtardı!”. Təsəvvür edin ki, Səməndər bu sözləri deyəndə hələ 1980-ci il idi…” 

Səidə Quliyeva Xalq artisti

Tofiq müəlimin bizə bəxş etdiyi sənət hər zaman yaşayacaq…

Tofiq Kazımovu xoş xatirələrlə yad edirəm. Bir çox həmkarlarım kimi məni də Akademik Teatra gətirən Tofiq Kazımov olub. Amma mənim bu teatra gəlişim təsadüf nəticəsində baş verib.  Belə ki, Nurəddin Quliyevi (Nurəddin Mehdixanlı) Azdramaya götürmək istəyirdilər. Lütfi Məmmədbəyov Nurəddini Tofiq Kazımova təqdim etmişdi.  Nurəddinlə mən, bir kursda oxumuşuq. Həmin gün kurs yoldaşımıza dəstək olmaq üçün birlikdə Azdramaya getdik. Mən, Şəfəq Əliyeva, Rafiq İbrahimov və Fərhad Hüseynov. Hamımız zalda əyləşdik. Səhnədə “Eşq və İntiqam” əsərindən bir parça nümayiş edilməliydi. Tofiq Kazımov zala nəzər salanda gözü mənə sataşdı. Mən, o zamanlar hündür boylu, arıq, uzun qara saçlı qız idim. Tofiq müəllim məni səhnəyə dəvət etdi. Hərçənd ağlımdan belə keçməzdi ki, məni Azdramaya götürərlər. Boy-buxunum, görünüşüm Tofiq müəllimin  rejissor kimi diqqətini cəlb etmişdi. Tofiq Kazımov məndən soruşdu ki, “Qızım,sən hansı şeiri bilirsən?” Açığı mən gözləmirdim ki, Akademik Teatrın səhnəsinə çıxaram və nəsə bir şeir demək lazım gələr. Yadıma Əliağa Kürçaylının dörd bəndlik misraları düşdü. Şeiri söylədim. Tofiq müəllim dinlədi, amma heç nə demədi. Bir neçə gündən sonra eşitdim ki, Tofiq müəllim məni də Azdramaya işə götürmək istəyir. Tofiq müəllimlə ilk tanışlığımız belə oldu. Beləliklə də, 1978-ci il sentyabr ayının 1-də Nurəddin Quliyevlə birlikdə Akademik Milli Dram Teatrına qəbul olunduq. Mənim sənət taleyim sırf təsadüf nəticəsində, Tofiq Kazımovun diqqətini cəlb edərək Akademik Milli Dram Teatrı ilə bağlandı. Düzdür, ilk rolum Tofiq müəllimin quruluş verdiyi tamaşada olmadı. İlk dəfə rejissor Əşrəf Quliyevin quruluş verdiyi Şeksprin “Heç nədən hay-küy” əsərində çıxış etdim. Tofiq müəllimlə Əkrəm Əyrislinin “Yastı təpə” əsərində birlikdə çalışdıq. Əsərdə cavan qız obrazı var idi. Tofiq müəllim, həmin obrazı mənə tapşırdı. 1980-ci ilin yayı idi. Biz məzuniyyətə getdik. Avqustun 2-də eşitdik ki, Tofiq Kazımov avtomobil qəzasına düşərək həlak olub. Ailəliklə Göygölə istirahətə gedirmişlər. Təəssüf ki, Tofiq Kazımov kimi təkrarolunmaz rejissorla cəmi iki il çalışa bildim. Tofiq müəllimlə birlikdə çalışan, yaradıcılıq əlaqəsi olan sənətkarlarımızın əksəriyyəti dünyasını dəyişib. Həsənağa Turabov, Yaşar Nuri, Fuad Poladov, Amaliya Pənahova və bir çoxları bu gün aramızda yoxdur. Tofiq müəlimin bizə bəxş etdiyi sənət isə hər zaman yaşayacaq. Ruhu şad olsun!

Zemfira Nərimanova  Xalq artisti

Teatr aləmində Tofiq Kazımov kimi cəld tamaşa hazırlayan ikinci rejissor tanımıram…

Tofiq Kazımov haqqında danışmamaq, onu yad etməmək günah olar. Məni ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsinə gətirən Tofiq Kazımov olub. O, zaman tələbəydim. Tofiq Kazımov İnstitutda tamaşamıza baxmağa gəlmişdi və məni səhnədə görüb bəyənmişdi. Tamaşadan sonra mənə yaxınlaşdı və təklif etdi ki,  Azdramaya gəlim. Səhəri gün teatra gəldim və rejissor köməkçisi Əkrəm Əylislinin “Yastı təpə” əsərini mənə təqdim etdi. Sonra Tofiq müəllimlə söhbət etdik. İlk olaraq soruşdu ki, “Mən səni Akademik Teatra dəvət edirəm. Bu teatrda çıxış etmək istəyirsən?” Bu təklifi eşidəndə çox sevindim. Təbii ki, razılıq verdim. O, dövrdə Azdramada (Akademik Milli Dram Teatrı) çalışmaq əlçatmazı əldə etmək idi. Həm də gənc tələbə üçün. Azdramada nəinki ştatda olmaq, bu teatrın səhnəsinə çıxıb, tamaşa oynamaq belə möcüzə idi. Beləliklə, Tofiq Kazımovla Əkrəm Əylislinin “Yastı təpə” tamaşasının məşqlərinə başladıq.  Məşqlər saat 11.00-da  başlanırdı. Tofiq müəllimin məşqinə bir dəqiqə gecikmək olmazdı. İnstitutda isə dərslərim var idi. Tofiq müəllim tapşırdı ki, hər gün məşqə gəlim və dərsə getməyim. Həm də söz verdi ki, bütün məsələləri özü həll edəcək. Məşqlər çox dinamik gedirdi. Ümumiyyətlə, Tofiq Kazımov stolarxası məşqləri heç sevməzdi. Uzağı iki-üç gün əsərin oxunuşu (çitka) olardı. Sonra isə aktyorlara məsləhət görərdi ki, sözləri tam bilməsəniz belə, ayağa qalxın, hərəkətdə olun, səhnədə məşq zamanı  mətn yerinə oturacaq. Həqiqətən belə də olurdu. Məşqlər isə 15-20 gündən artıq davam etməzdi. Mən, teatr aləmində Tofiq Kazımov kimi cəld tamaşa hazırlayan ikinci rejissor tanımıram. İlk tamaşamda böyük sənətkarlarla çiyin-çiyinə çalışdım. Məlik Dadaşov, Zərnigar Ağakişiyeva, Fuad Poladov, Şəfiqə Məmmədova.

Premyeradan əvvəl ictimai baxış olurdu. Baxış tamaşasından sonra Tofiq Kazımov balaca uşaq kimi əlimdən tutaraq, məni komissiya üzvlərinə təqdim etdi : “Bu aktrisa bizim teatra yeni gəlib. Tələbədir. Mənim yeni tapıntımdır. İstedadlı qızdır. Onun gələcəyinin parlaq olacağına inanıram”dedi.  Tofiq Kazımovun haqqımda belə sözlər söyləməsi gənc aktrisa kimi məndə qürur hissləri oyadırdı. O illərdə Vaxtanqov Teatrının baş rejissoru Akademik Teatra gəlmişdi. Tofiq müəllim bizi tanış etdi. Rusdilli olduğumu görən baş rejissor, Tofiq müəllimdən : “Bu xanımı Moskvaya, öz teatrıma aparmaq istəyirəm” deyə icazə istədi. Tofiq Kazımov isə cavabında söylədi ki,   “Onu bu teatra mən gətirmişəm. Gənc, istedadlı aktrisadır. Hələ çox tamaşalarımda oynayacaq” .

Tofiq müəllimin Akademik Milli Dram Teatrına gətirdiyi sonuncu aktrisa mən oldum. Əfsuslar olsun ki, Tofiq Kazımov dünyasını tez dəyişdi. Onun vəfat xəbərini eşidəndə bir an elə bildim ki, mənim dünyam dayandı, həyatım sona çatdı. Oturub, ah-nalə edərək ağlayırdım. Düşünürdüm ki, ondan sonra bu teatrda qalıb, çalışa bilmərəm. Çünki, mənim əlimdən tutub səhnəyə gətirən, bu gözəl sənəti mənə sevdirən Tofiq müəllim idi. Sizə deyim ki, nəinki mən, Tofiq Kazımov olmasaydı bir silsilə aktyorlar da olmayacaqdı. Həsənağa Turabov, Fuad Poladov, Kamal Xudaverdiyev, Səməndər Rzayev, Yaşar Nuri, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Hamlet Xanızadə, Hamlet Qurbanov…daha kimləri deyim… Saymaqla bitməz. Tofiq Kazımov teatra böyük aktyor nəsli gətirdi. Nəinki aktyorları, hətta İlyas Əfəndiyevi dramaturq kimi teatr aləminə qazandıran Tofiq Kazımov oldu. İlyas Əfəndiyevə bir çox mövzuları verən Tofiq Kazımov idi. Milli Akademik Dram Teatrı Tofiq Kazımova minnətdar olmalıdır. Ona görə minnətdar olmalıdır ki, Tofiq müəllimin hazırladığı tamaşalar, teatra gətirdiyi gənc aktyorlar sayəsində Azdrama dirçəldi. Tofiq müəllimin gözəl ailəsi, onu başa düşən, mədəni, alicənab xanımı var idi. Heyif, Tofiq müəllimdən… Ruhu şad olsun!

İsrafil İsrafilov Sənətşünaslıq doktoru, professor

2023-cü il yanvar ayının 14-də Tofiq Kazımovun 100 yaşı tamam olacaq

Tofiq Kazımov mənim müəllimim olub.  Müəllimim haqqında iki kitabım işıq üzü görüb. “Zaman. Rejissor.Poetika” və “Tofiq Kazımovun rejissor dərsləri”. Ikinci kitabım Tofiq Kazımovun 90 illik yubileyi münasibətilə dərc edilib. 2023-cü il yanvar ayının 14-də Tofiq Kazımovun 100 yaşı tamam olacaq. İnşallah, Tofiq Kazımovun 100 illik yubileyi münasibətilə üçüncü kitabımı dərc etmək istəyirəm. Düşünürəm ki, üçüncü kitab-bu silsilənin sonuncu nəşri olacaq. Tofiq Kazımovla 13 il birlikdə çalışmışıq. Tofiq müəllimin 5 tamaşasında ikinci rejissor və rejissor assistenti kimi məşğul olmuşam. Tofiq müəllim mənə, oğlu kimi münasibət bəsləyib. Mən də onun adını, xatirəsini hər zaman uca tutmuşam. Hər il Tofiq müəllimin doğum və anım günündə məzarını ziyarət edirəm. Ruhuna dualar oxuyuram. Bunu özümə müqəddəs borc bilirəm. Bilirsiniz, Tofiq Kazımov  haqqında onun ailə üzvlərinin danışmaq səlahiyyəti var. Tofiq müəllim haqqında ən yaxşı xatirləri Həsənağa Turabov və Fuad Poladov danışa bilərdi. Onların yaradıcılıq əlaqələri daha sıx olub. Tofiq müəllim haqqında Şəfiqə Məmmədova danışa bilər. Çünki, “Şəhərin yay günlərindən” başlamış “Fırtına”ya qədər onun yanında olub. Eyni nəslin nümayəndələri kimi Məlik Dadaşov və Nəcibə Məlikova Tofiq Kazımovla yaxın ünsiyyətdə olublar.

Tofiq Kazımov bizə tək müəllim kimi dərs keçmirdi, sənət öyrətmirdi. Həm də bizim içimizdə olan yaradıcı adamı yetişdirir, formalaşdırırdı. Ruhu şad olsun!

 

Lalə Bağırzadə. Aktrisa, publisist

Teatr ailədir. Amma o ailədə doğma övlad olmur

İlk dəfə Akademik Milli Dram Teatrına gələndə 19 yaşım var idi. O dövrün bir çox aktyorları kimi, mənə də qol-qanad verən rəhmətlik Tofiq Kazımov olub. Tofiq Kazımov “Qılınc və Qələm”i hazırlayırdı. “Qətibə” obrazına ilk namizədlərdən biri idim. Amma mən bu obrazı oynamaqdan çəkinirdim. “Qətibə”nin bir kitablıq sözü var idi. Həm də çox məsuliyyətli obraz idi. Bu tamaşa ilə bağlı söhbət etmək üçün Tofiq Kazımovun yanına gələndə mənə baxdı və: “Qızım, sən rus bölməsini bitirmisən?” dedi. Mən də söhbəti rus dilində başlamışdım. Rus dilində danışaraq Tofiq müəllimə söylədim ki, “Qılınc və Qələm”də “Qətibə” surətini ifa etmək mənim üçün tezdir. Sözün düzü, o boyda rolun məsuliyyəti mənim üçün, hələ də o, yaşda çox tez idi. Tofiq müəllim məni başa düşdü və dedi ki: “Hazırda hansı tamaşada məşğulsan?” Mən Əşrəf Quliyevin hazırladığı “Kəndçi qızı” tamaşasında rol aldığımı söylədim. Tofiq müəllim: “Hələlik, o tamaşada çıxış et. Yeni mövsümdə səninlə başqa bir tamaşada işləyəcəyik”dedi.

Həqiqətən də elə oldu. “Kəndçi qızı” tamaşası ilə Minçəçevirə qastrola getdik. Mənim akstrisa kimi ilk qastrol səfərim idi. Yeni teatr mövsümündə Azdramaya qayıdanda Tofiq müəllim mənə, “Mezazoy əhvalatı” tamaşasında rol verdi. Sonra Cəfər Cabbarlının “Sevil” əsərində Gülüş obrazını ifa etdim. “Sevil”tamaşasının rejissorları Zəminə və Fuad Hacıyevlər idi. Hər ikisi Tofiq müəllimin tələbələri olmuşdu. Tamaşanın bədii rəhbəri isə Tofiq Kazımov idi. “Sevil”in rol bölgüsü divardan asılmışdı. Hamı mənə deyirdi ki, “Sənə Dilbər rolunu verəcəklər”. Çünki hamı məni “Dilbər”ə yaraşdırırdı. Amma rol bölgüsündə gördüm ki, mənə Gülüş obrazını həvalə ediblər. Əvvəlcə Gülüş rolunun niyə mənə tapşırıldığını başa düşmürdüm. Bəlkə özümü “Gülüş”də görmürdüm. Amma məşq etdikcə bu obraza vuruldum. Həm də tamaşada Ağasadıq Gəraybəyli kimi nəhəng sənətkarın qızı obrazında çıxış edəcəkdim. “Sevil”çox bəyənildi. Adı kimi çox sevilən tamaşa oldu. Daha sonra Tofiq Kazımovun “Bağlardan gələn səs” tamaşasında çıxış etdim. Tofiq Kazımovun böyüklüyü, onun gənclərə inanması, güvəni idi. Ona görə də baş rolları gənc, hələ səhnədə ilk addımlarını atan aktyorlara həvalə edirdi.

“Məhv olmuş gündəliklər” tamasında bir qrup gənc aktyorları teatra qazandırdı. Fuad Poladov, Səməndər Rzayev, Vəfa Fətullayeva, Şəfiqə Məmmədova, Kamal Xudaverdiyev. Sizə deyim ki, Azdramanı (Akademik Milli Dram Teatrı) Tofiq Kazımovun  tamaşaları sayəsində sevdim. Çünki orta məktəbdə oxuyanda Akademik Teatrın tamaşalarına baxmağı xoşlamırdım. Rusdilli olmağıma baxmayaraq, Rus Dram Teatrının tamaşalarına da baxmağı sevməzdim. Mənimki kino idi. Uşaqlıqdan kinoya vurğun idim. Amma Tofiq Kazımovun tamaşalarını seyr edəndən sonra, hər gün Azdramaya getmək, repertuarda olan bütün tamaşaları izləmək istəyirdim. O, zamanın teatrı başqa idi. Bir zamanlar bilet tapmaq üstündə qırğın gedərdi. Yaranan sıxlığı aradan qaldırmaq üçün Azdramanın yanında atlı milis dəstələrinin olduğunu da valideynlərimdən eşitmişdim. İndi hanı o teatrlar, elə tamaşalar və tamaşaçılar… Teatrın keçmiş günlərini görən adamlar, bu günə təəssüflə baxırlar. Səhnədə kimlər var idi… Hökumə Qurbanova, Barat Şəkinskaya, Ağasadıq Gəraybəyli… kimləri deyim… Saymaqla bitməz. Amma təəssüf ki, daha yoxdur.

Tofiq Kazımovun vəfatından sonra rəhmətlik Səməndər Rzayevlə səhnə arxasında etdiyim söhbəti unuda bilmirəm. Yaman kədərli idi. Gözləri dolub, boşalırdı. Üzümə baxıb: “Lalə, siz hələ cavansınız. Həyatınız qabaqdadır. Amma bu sözlərimi yadında saxla. Tofiq Kazımovdan sonra Akademik Milli Dram Teatrının gələcəyini görə bilmirəm. Bu teatra bir daha onun kimi rejissor gəlməz. Onun vəfatı ilə teatr bitdi”

Bu sözləri deyən Səməndərin özü də Tofiq müəllimdən sonra cəmi 6 il yaşadı.

Səməndərin dediyi sözlərin dərinliyini illər ötdükdən sonra başa düşdüm. Bilirsiniz, insan cavan olanda ölümü başa düşmür. Biz elə bilirik ki, ata-anamız, nənə-babamız, doğmalarımız əbədidir. Tofiq Kazımovu da elə bilirdik. Tofiq müəllimin əbədi, ölümsüz olduğunu düşünürdük. Dünyasını dəyişəndə 57 yaşı var idi. Kim bilərdi ki belə olar…

Məşhur bir fikir var: “Teatr ailədir. Amma o ailədə doğma övlad olmur. Hamı kənardan gəlir, amma teatrda doğmalaşır”.

 

Ayşad Məmmədov Əməkdar artist

Ən böyük arzum Tofiq müəllimlə birlikdə çalışmaq idi. Təəssüf ki, qismət olmadı…

Görkəmli rejissorumuz Tofiq Kazımovla bağlı çox xatirələrim var. Tofiq müəllim atamın yaxın dostu olub. Teatr texnikumunda bir yerdə oxuyublar. Amma atam bu sənəti seçməyib. Çünki o zamanlar anamla, atam arasında sevgi macərası yaranıb və anam-atama: “Aktyor olsan, sənə ərə getməyəcəm”deyib. Atam da anama görə Teatr texnikumunu tərk edib. Amma Tofiq Kazımovla dostluqları davam edib. Tofiq müəllim bizim evimizə tez-tez gələrdi. Atamla süfrə arxasında əyləşib yeyib-içməyi, söhbət etməyi çox sevirdi. Premyeraları olanda teatrdakı lojasında atama yer verərdi. Mərdəkandan bir qrup adam yığışıb, Tofiq müəllimin tamaşalarını seyr etməyə gedərdilər. Bizim evimizə gələndə, çox vaxt aktyor dostlarını da gətirərdi. O, zamanlar balaca uşaq idim. Tofiq müəllimi görən kimi qaçıb gizlənərdim və ya kənardan dayanıb onlara tamaşa edərdim. Maraqlı adam idi. Əsl Bakı ləhcəsi ilə şirin danışı var idi. İllər ötdü, mən böyüdüm. İnsititutda təhsil alanda çox istəyirdim ki, Tofiq müəllimlə birlikdə çalışım. Günlərin birində Azdramaya getdim. Tofiq müəllim teatrın baş rejissoru idi. Teatrın giriş qapısında Mərdəkandan Tofiq müəllimin yanına gəldiyimi dedim.  Tofiq müəllim Mərdəkan adını eşidən kimi, məni yuxarı çağırdı. Otağına gəldim və özümü təqdim etmədən bu teatrda səhnə fəhləsi kimi işləmək istədiyimi dedim. Mənə diqqətlə baxdı və “Fəhlə işləmək sənin üçün çətin olar. Arıq oğlansan” dedi. Sonra məndən soruşdu ki, “Mərdəkandan kimləri tanıyırsan?” atamın və əmimim adlarını çəkdi: “Kamalı, Tofiqi tanıyırsan?”

Kamal mənim atam, Tofiq isə əmim idi. Əmimlə adaşdılar. Cavan idim. İstəyirdim Tofiq Kazımov məni özümə görə tanısın. Ona görə də yekəxanalıq edib: “Onları tanımıram” dedim. Bu hadisədən sonra bir müddət keçdi. 3-cü kursda oxuyurdum. Eşitdim ki, Tofiq müəllim qəzaya düşüb və vəfat edib. Xəbəri eşidəndə dəliyə dönmüşdüm. Bütün arzularım bir anda puç olmuşdu. Çünki ən böyük arzum Tofiq müəllimlə birlikdə çalışmaq idi. Təəssüf ki, qismət olmadı…

Tofiq Kazımovun ruhuna ithaf edilən bu yazını ustad rejissorun məşhur fikri ilə tamamlayıram.

Tofiq Kazımov bir zamanlar qeyd dəftərçəsinə bu cümləni yazmışdı: “İstedad tənhalığa məhkumdur”

 

Ülviyyə Həsənqızı

Azpost.info

 

 

 

Əvvəlki məqalə

“Nensi Pelosi bu axşam 6 nəfərlik heyətlə Tayvana gələcək”

Sonrakı məqalə

Kür çayında qanunsuz zəli tutan şəxslər saxlanılıb