“Neftçi” Avropanın perspektivli mütəxəssislərindən sayılan Adrian Mutu ilə müqavilə imzalayıb.
Azpost.info haqqın.az-a istinadən bildirir ki, danışıqlar nəticəsində klub rəhbərliyi planlarını və gələcək iddialı layihələri təqdim edib və rumıniyalı mütəxəssisi razı sala bilib.
Rumıniya mətbuatında Mutunun “Neftçi”də mümkün gəlirləri ilə bağlı müxtəlif açıqlamalar dərc olunub. Lakin mövcud məlumata görə, onun Bakı klubunda alacağı məvacib əvvəllər düşündüyündən qat-qat azdır.
Mutu məşqçilik karyerasına 37 yaşında başlayıb. Son iş yeri “Rapid Bucharest”də olub. Bundan əlavə, müxtəlif vaxtlarda Rumıniyanın “Voluntari”, “Universitate Craiova” klublarında, həmçinin BƏƏ (“Əl-Vəhdət”) və Rumıniyanın gənclər yığmasında çalışıb.
Mutu futbolçu kimi “İnter”, “Verona”, “Parma”, “Yuventus” və “Fiorentina”, “Çelsi” kimi klublarda çıxış edib. Onun məşqçiləri Marcello Lippi, Claudio Ranieri, José Mourinyo, Fabio Capello və Cesare Prandelli idi.
Mutu komandaya hücum və təzyiqə əsaslanan taktikaları aşılayaraq aqressiv oyuna üstünlük verir. Bir çox futbol şərhçilərinin və ekspertlərinin fikrincə, Mutu hətta A Seriya klubuna rəhbərlik etməyə qadirdir.
Azpost.info