“Zəngəzur dəhlizinin bərpa olunmasında Putin öz fədakarlığını nümayiş etdirəcək” –

Ayaz Mütəllibov
19 İyun 2021 - 09:23
“Səhhətimlə əlaqədar Şuşa Bəyannaməsi ilə ətraflı tanış ola bilməmişəm. Amma hesab edirəm ki, Azərbaycan və Türkiyə arasında imzalanmış bu mühüm sənəd nəinki iki qardaş ölkənin, bütövlükdə regionun sülhə, sabitliyə qovuşması və inkişafında böyük rol oynayacaq”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Respublikasının 1-ci Prezidenti Ayaz Mütəllibov söyləyib.
“Belə düşünürəm ki, son illərdə Türkiyə lideri Ərdoğan nəinki regionda, dünya siyasətində də önəmli rol  oynayan bir siyasətçidir. Və  Qarabağ məsələsinin həllində, Azərbaycanın torpaqlarını işğaldan azad etməsində və  bütövlükdə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpa olunmasında Türkiyə liderinin də əməyi böyükdür. Eləcə də Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətlərinin müsbət istiqamətdə inkişafında Ərdoğanın rolu şəksizdir. Diqqət edin ki, 1920-ci illərdən bəri indiyədək Rusiya-Türkiyə münasibətlərində bu dərəcədə yaxınlıq, müttəfiqlik olmayıb. Odur  ki, Türkiyə Prezidentinin Şuşadakı çıxışında vurğuladığı kimi, sözsüz ki, bu sənəddə qeyd olunan məsələlərin həllində, o cümlədən Zəngəzur dəhlizinin bərpa olunmasında Rusiya Prezidenti Putin də öz fədakarlığını nümayiş etdirəcək və onun rolu bir daha özünü göstərəcək. Necə ki, o,  44 günlük  müharibə zamanı ədalətli mövqe nümayiş etdirdi. Həm də ona görə ki, Qarabağdakı problemlərin həlli və xüsusən  Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya və Ermənistanın da xeyrinə olacaq. İnşallah, hər çey qaydasına düşər”-deyə sabiq dövlət başçısı açıqlamasının davamında vurğulayıb.