“Nyu-Yorka səfər Ukrayna prezidenti Vladimir Zelenskiyə təkcə Qərb müttəfiqlərinə öz “qələbə planını” təqdim etmək deyil, həm də müharibəni bitirmək üçün dinc variantı müzakirə imkanı verdi.
Azpost.info xəbər verir ki, “Politico”nun yazdığına görə, bu variantın həyata keçirilməsində vasitəçi qismində Hindistan seçilib.
“Ukrayna ilə Hindistan arasında diplomatik əlaqələr inkişaf edir. Zelenski və baş nazir Narendra Modi bazar ertəsi axşam Nyu-Yorkda görüşüb və köməkçiləri ilə birlikdə sülh razılaşmasının əldə olunması yollarını müzakirə ediblər. Əsas məsələlər arasında Zelenskinin təklif etdiyi sülh formulunun həyata keçirilməsi və Ukrayna üzrə ikinci sülh sammitinə hazırlıq olub. “Biz mövcud imkanları əsaslı şəkildə müzakirə etdik. Suverenliyimizə və ərazi bütövlüyümüzə verilən açıq dəstəyə görə minnətdaram”, – Zelenski bildirib”, – nəşr yazır.
“Kiyev Hindistanın ona uyğun sülh sazişi əldə edəcəyinə böyük ümid bəsləyir”, – yüksək rütbəli ukraynalı məmur “Politico”ya bildirib.
Onun sözlərinə görə, Modi bir ay əvvəl Ukraynanın paytaxtında danışıqlar zamanı açıq şəkildə bildirib ki, Ukrayna işğalı dayandırmaq üçün istər-istəməz bəzi məsələlərdə güzəştə getməli olsa da, müharibəni dayandırmaq üçün hər hansı təklif ərazinin Rusiyaya verilməsini özündə əks etdirməməlidir.
Azpost.info