“Putin rejimi hamıya təhlükədir”- Britaniyanın Baş naziri Sunak

“Rusiya prezidenti Vladimir Putin və onun nümayəndələri Ukraynada qeyri-qanuni müharibəyə son qoymayana qədər, qanuni danışıqların iştirakçıları olmayacaqlar”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın Baş naziri Rişi Sunak G20 sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Putinin beynəlxalq aləmdə yeri olmayan davranışı normallaşdırıla bilməz. Rusiyanın hərəkətləri hamını təhlükə altına qoyur. Ölkələr öz qonşularını işğal etməməli, mülki infrastruktura və mülki əhaliyə hücum etməməli və nüvə eskalasiyası ilə təhdid etməməlidirlər. Təbii ki, bunlar hamımızın razılaşa biləcəyimiz məsələlərdir. Ukrayna xalqına lazımi dəstəyin göstərilməsində biz özümüzü və müttəfiqlərimizi qorumaq da daxil olmaqla, Britaniya təcrübəsinin genişliyindən və dərinliyindən istifadə edirik. Söhbət həm də yeni nəsil Britaniya gəmilərinin inşasından gedir”, – Baş nazir bildirib.

Onun sözlərinə görə, G20 üzvlərinin əksəriyyəti Rusiyanın hərəkətlərinin pislənəcəyini gözləyir: “Daxili müxalifəti yatıran və yalnız zorakılığa əl atmaqla ədalət pərdəsi quran Putin rejimi G20-də öz hərəkətlərinə qarşı qlobal müxalifətin səsini eşidəcək. Rusiyanın Ukraynanı qeyri-qanuni işğalı hamımız üçün dərin nəticələrə malikdir. Çünki bu, suverenlik və ərazi bütövlüyünün fundamental prinsiplərini pozur. Biz hamımız bu prinsiplərə sadiqik. Onlar beynəlxalq nizamın əsaslarıdır. Onlar dəstəklənməlidir”.

Azpost.info

Əvvəlki məqalə

CityNet-in yenilənmiş məhsulları ilə daha sürətli internet

Sonrakı məqalə

Prezident albaniyalı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb