Ədalət Vəliyev Akif Nağı ilə görüşüb

Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə yeni dövlət qeydiyyatına alınmış Azad Vətən Partiyasının sədri Akif Nağı arasında görüş keçirilib.

Bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildirilib.

Görüş zamanı vurğunlanıb ki, son dövrdə legitim siyasi fəaliyyətin göstərilməsi üçün siyasi partiyalara yaradılmış şərait bilavasitə Prezident İlham Əliyevin dövlət siyasətinin demokratik kursunun təzahürüdür.

Qeyd edilib ki, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyası prosesində siyasi partiyalar qabaqcıl mövqedən çıxış etməlidirlər.

Görüş zamanı ölkəmizdə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna rolunu qeyd edən Ədalət Vəliyev xatırladıb ki, Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olması, bununla bağlı birgə bəyanat və müraciətlərin imzalanması iqtidar-müxalifət dialoqunun və ümummilli birliyinin təcəssümü idi.

Radikal siyasi meylilərin dövlətçiliyə və milli maraqlara təhdid kimi qiymətləndirilməsinin vacibliyini qeyd edən Administrasiyanın şöbə müdiri bildirib ki, sağlam və konstruktiv siyasi partiyalar daim dağıdıcı tendensiyalara qarşı çıxış etməli və antimilli təzahürləri sərt tənqid etməlidir.

Azad Vətən Partiyasının sədri Akif Nağı görüş üçün təşəkkürünü bildirib və ölkədə aparılan siyasi islahatları yüksək qiymətləndirib.

Xatırladaq ki, Azad Vətən Partiyasına dövlət qeydiyyatı haqqında şəhadətnamə bu il sentyabrın 6-da təqdim olunub.

Əvvəlki məqalə

Azərbaycan, Rusiya və İran Bakıda Bəyənnamə imzaladılar

Sonrakı məqalə

Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırıb