Əli Kərimli:“Şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik"

Sentyabrın 26-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək istəyi ilə bağlı müraciətinə cavab verib.

Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli bildirib.

Onun dediyinə görə, cavab məktubunda Milli Şuranın təklif etdiyi 3 yerdən heç birində aksiyaya razılıq verilməyib. Əli Kərimli vurğulayıb ki, əvəzində, Bakının mərkəzindən uzaq qəsəbələrdən birində aksiya keçirmək münasib sayılıb.

Əli Kərimlinin AzadlıqRadiosuna dediyinə görə, qanunvericiliyə zidd olaraq Milli Şuranın mitinq müraciətinə vaxtında cavab verilməyib: “Mitinqə cəmi 1 iş günü qalmış cavab veriblər. Biz şəhərin mərkəzində mitinq üçün yerlər istədiyimizə baxmayaraq, bu variantı da əvvəlcədən müzakirə etmişdik. Şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik”.

Əli Kərimli əlavə edib ki, belə olan halda sentyabrın 28-də mitinq keçirmək istəyi alınmayacaq: “Ancaq belə də davam edə bilməz. Etiraz aksiyaları keçirilməlidir və keçiriləcək. AXCP və Milli Şurada müzakirələrdən sonra növbəti qərarlarımız barədə ictimaiyyətə məlumat veriləcək”.

BŞİH isə Milli Şuranın sentyabrın 28-də mitinq keçirilməsi üçün təklif etdiyi yerlərə razılıq verilməməsini, əsasən təhlükəsizlik amili ilə izah edib.

“Turan” agentliyinin məlumatına görə, qurumdan həmçinin bildirilib ki, mitinqlərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerlərdə və metro stansiyaların çıxışlarının yaxınlığında keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə, həmin ərazidəki ticarət-iaşə obyektlərinin iş ahənginə maneə yarada bilər.

Milli Şura sentyabrın 13-də mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərmişdi.

Orada şəhərin mərkəzində 3 yer təklif edilmişi. Bunlar metronun “28 May” stansiyasının qarşısındakı, Tofiq Bəhramov adına stadionun girişindəki və Nərimanov parkının önündəki meydanlar idi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ dövlət katibi:

Sonrakı məqalə

Azərbaycanda yeni doğulan körpələrin sayı azalır –