Əməkdar rəssam Rəşid Şerif vəfat edib

Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib. 

Bu barədə Azərbaycan Dövlət “YUĞ” Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib. Onun sözlərinə görə, R. Şerif martın 26-da vəfat edib.

Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, habelə bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.

Həsənov Rəşid İbrahim oğlu (Rəşid Şerif) 1953-cü ilin 29 sentyabrında Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib, elə həmin ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlayıb. 1989-cu ildən, Yuğ Teatrının yarandığı vaxtdan burada baş rəssam kimi fəaliyyətə başlayıb. 80-dən artıq tamaşaya tərtibat verib. 2003-cü ildə Estoniyanın Vilyandi şəhərindəki “Uqala” teatrında “Dekameron” tamaşasının səhnə tərtibatının müəllifi olub. Rəşid Şerif 1992-ci ildən karikaturaçı qismində bir sıra qəzetlərlə əməkdaşlıq edib, 1997-ci ildən “Aydın doğan” Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı olub, 1996-2000-cı illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülüb. “İnsan hüquqları: ikinci nəfəs” (Alma-Atı, Qazaxıstan, 1998-ci il) Beynəlxalq sərgi-seminarının iştirakçısı olub. Bakı İncəsənət Mərkəzi (Bakı, 1995), Nizami adına Ədəbiyyat Muzeyi (Bakı, 1996), «Adile Naşit» Mədəniyyət Mərkəzi (İstanbul, Türkiyə, 1991), «Kodolinna Mayas» qalereyası (Tallin, Estoniya, 2003) kimi mötəbər sərgi salonlarında rəsm sərgiləri keçirilib. Azərbaycan teatr rəssamlarının “Retrospektiv” (Bakı, 2005) adlı sərgisinin iştirakçısıdır. 2011-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çavuşoğlu və NATO baş katibi arasında telefon danışığı olub

Sonrakı məqalə

Nazirlər Kabinetinin hesabatının Milli Məclisdə müzakirə olunacağı vaxt məlum oldu