20 Yanvarla bağlı Vəzirova qaldırılan cinayət işinə xitam veriləcək?

2 gün əvvəl vəfat etmiş Azərbaycan SSR-nin sabiq rəhbəri, Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun adı 20 yanvar 1990-cı ildə sovet ordusu tərəfindən Bakıda törədilmiş qırğına görə açılmış cinayət işində əsas səbəbkar kimi keçir.

Azpost.info bildirir ki, Azərbaycanın Baş Prokurorluğu  tərəfindən 14 fevral 1992-ci ildə həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

1994-cü ildə, hadisə baş verən zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdülrəhman Vəzirov, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Cinayətdə təqsirli bilinən həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib.

 

Milli Məclis 29 mart 1994-cü ildə 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Qərar qəbul edib.

Qərarda Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Milli Məclis 20 yanvar faciəsini təşkilində Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd edib.

Qərarda xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyət eyni zamanda Azərbaycan Kommunist Partiyası rəhbərliyinin üzərinə düşdüyü qeyd olunub: “Xalqın azadlıq hərəkatını boğmaq məqsədilə Sovet qoşunlarının Azərbaycana çağırılmasına və xalqa qarşı yönəldilməsinə razılıq verən, vətəndaşların əmin-amanlığını təmin etməyən, hakim mövqelərini qorumaq naminə öz xalqının qanının axıdılmasına yol verən Əbdürrəhman Vəzirovun təcavüzün birbaşa təşkilatçısı və iştirakçısı olduğu, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun bu cinayətdə bilavasitə iştirak etdikləri, bununla da, Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunsun”-deyə parlamentin sənədində vurğulanır.

Qərarda həmçinin Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi siyasi məsuliyyət daşıdıqları qeyd edilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Plenumunun qərarı ilə Əfrand Daşdəmirovun sədrliyi ilə yaradılmış komissiyanın yanvar faciəsinin mahiyyətini və əsl səbəbkarlarını xalqdan gizlətmək və cinayəti ört-basdır etmək məqsədi daşıdığı qeyd edilib.

Azərbaycan Baş Prokurorluğunun Hüzn günü ərəflərində yaydığı məlumatlarda deyilir ki, 20 Yanvar faciəsi ilə bağlı başlanılmış 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsirləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

20 Yanvar faciəsi ilə bağlı başlanılmış cinayət işi materiallarının bir qismi Rusiya hüquq-mühafizə orqanları tərəfindən qaytarılmayıb.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tovuzda icra nümayəndəsi intihar edib

Sonrakı məqalə

Prezident İlham Əliyevin Azərbaycan telekanallarına MÜSAHİBƏSİ-