30 yaşlı “Uşaq hüquqları” –BMT Konvensiyasından milli qanunlara qədər  

30 il əvvəl -1992-ci ilin iyulun 21-də Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub. Ölkəmiz uşaq hüquqlarının müdafiəsi və təmin olunmasına dair üzərinə  öhdəlik götürüb.

Konvensiyaya görə, iştirakçı dövlətlər uşağın ayrı-seçkiliyin və ya cəzanın bütün formalarından müdafiə olunmasını təmin etmək üçün hər cür lazımi tədbirləri görməlidir. Uşaq Hüquqları Konvensiyası uşaqlar üçün müəyyən edilmiş hüquqları təsbit  və yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir və sənədi imzalamış bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.

54 maddədən ibarət Uşaq hüquqları Konvensiyası bir sıra mühüm müddəları çəmləşir. Bunlardan biri olan İnkişaf hüquqlarıdır. Bura təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmə və iştirak etmə, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir. Müdafiə hüquqlarına uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumaq daxildir. İştirak hüquqları isə uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır.

Yaşamaq hüquqlarına isə uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir.

 

Hər bir uşağın müdafiə olunmaq hüququ var. Uşaqların milli müdafiə sistemləri sosial rifah, təhsil və səhiyyə məsələləri ilə məşğul olan təşkilatlardan, habelə risk vəziyyətində olan uaqlarla bağlı cavab tədbirlərinə məsuliyyət daşıyan hüquq-mühafizə orqanları və strukturlarından ibarətdir. Güclü uşaq müdafiəsi sistemi adətən uşaqların və onların ailələrinin üzləşdiyi çoxsaylı qarşılıqlı çətinliklərin öhdəsindən gəlmək iqtidarındadır.

 

Bir çox hallarda uşaqların çətin həyat şəraitinə düşməsinin və riskə məruz qalmasının əsas səbəbləri onların üzləşdiyi problemlərin düzgün təhlil edilməməsi ilə əlaqədardır. Əsas məqamlar gözdən qaçdıqda və düzgün təsvir olunmadıqda problemlərin səmərəli həlli mümkün olmur, nəticədə, risk altında olan uşaqların təcrid olunması daha da dərinləşir.

Riskə məruz qalan ailənin üzvü olan uşağın qanuna zidd davranma ehtimalı böyük olur. Azərbaycan yuvenal ədliyyə sistemi uşaq hüquqlarının təmin olunmasını öz üzərinə götürüb. Ədliyyə orqanları qanun pozuntularına yol vermiş uşaqların azadlıqdan məhrum etməni nəzərdə tutmayan islah tədbirlərinin təşviq edilməsinə getdikcə daha çox yönəlir.

Müvafiq islah tədbirləri uşağın cəmiyyətə konstruktiv töhfələr vermək imkanını artırır, saxlanma və ya azadlıqdan məhrumetmə tədbirləri isə onun adətən yoxsulluq, sosial cəhətdən təcrid olunma və cinayətləri təkrar törətmə halları ilə yenidən üzləşməsinə gətirib çıxarır.

Həssas ailələrdəki uşaqlara qarşı mövcud təhlükələri – uşağın zorakılığa, istismara, sui-istifadəyə, etinasızlığa məruz qalmasının səbəblərini aydın şəkildə başa düşmək lazımdır. Səbəblər bəlli olduqdan sonra həmin təhlükələri aradan qaldıran müvafiq xidmətlər paketi hazırlamaq olar.

Bu paketə çətin həyat şəraitinin qiymətləndirilməsi, sosial xidmətlərin idarə olunması, proaktiv xidmətin göstərliməsi daxildir. Düzgün tərtib edilmiş kompleks sosial dəstək xidmətləri uşaqlara dəyən zərəri azalda bilər və böhran vəziyyətində olan ailələr üçün vacib təhlükəsizlik sistemi kimi çıxış edə bilər.

Ölkəmizdə sosial müdafiə sistemlərinin qanunvericilik bazası yaradılsa da sosial xidmət proqramlarının hazırlanması sahəsində bəzi məhdudiyyətlər qalmaqdadır. Bura hüquqlar barədə ətrafli biliklərin olmaması, ailələri mövcud xidmətlərin istifadəsindən çəkindirən ayrı-seçkiliyə məruz qalma qorxusu, cəmiyyətdə sosial işçinin bir aparıcı qüvvə kimi lazımi səviyyədə qəbul edilməməsi daxildir.

 

Azərbaycanda qəbul olunan “Uşaq hüquqları haqqında” Qanuna görə, ölkəmizdə uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdır.

Uşaq hüquqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan cəmiyyəti tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olub. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən uşaq siyasətinin əsasında kompleks qanunvericilik, institusional və praktiki tədbirlər durur. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın mühüm fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyeva uşaqların hərtərəfli inkişafı, onlar üçün təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir.

Azərbaycanda “Uşaq hüquqları haqqında” qanunun qəbul edilməsindən ötən illərdə qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilir, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul olunub.

Uşaq problemləri sahəsində digər məsələlərin həllinə ictimaiyyətin, o cümlədən, qeyri-hökumət təşkilatlarının, özəl sektorun, beynəlxalq təşkilatların cəlb edilməsi də qarşıda duran vəzifələrdəndir. Regionlarda sağlam həyat tərzi ilə bağlı kütləvi maarifləndirmə işlərinin aparılması da çox vacib məsələlərdən birinə çevrilib.

Uşaq hüquqlarının təminatı ilkin olaraq ali hüquqi qüvvəyə malik olan Konstitusiyamızda öz əksini tapır. Orada qeyd olunur ki, cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq, onları müdafiə etmək isə ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir.Uşaq hüquqlarının təmin olunması valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsədlər sırasındadır.

UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Aleks Haykensin açıqlamasına görə, hər bir uşağın müdafiə olunma və qayğı hüququ var. Onun sözlərinə görə, uşaqlar zorakılıq, istismar kimi hallardan qorunmalıdırlar: “Uşaqların ailə üzvləri ilə münasibətlərinin qırılması zamanı belə hallar yaşanır. UNICEF belə hallarla mübarizə apararaq uşaqların hüquqlarının pozulmasının qarşısını almağa çalışır. Onların hüquqlarının qorunması üçün əlimizdən gələni edirik. Bu sahədə tədbirlərin həyata keçirilməsi üçün UNICEF Azərbaycanda aidiyyəti qurumlarla sıx əməkdaşlığı davam etdirir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın fikrincə,  ailədə baş verən mübahisələr nəticəsində uşaqlarda depressiya, davranış pozğunluğunun yarandığını diqqətə çatdırıb: “Araşdırmalar sübut edir ki, ailədaxili münaqişələr, mübahisələr oğlan və qız övladlarına fərqli təsir göstərir. Bu hallar qızlara mənəvi cəhətdən təsir edirsə, oğlanlarda davranış pozğunluğuna yol açır. Şübhəsiz, bu kimi hallarda valideynlər diqqətli olmalıdırlar. Uşaqların sağlam, savadlı olması hər birimizdən asılıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın açıqlamalarına görə, uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı, xüsusən nəzərə alınmalı, qeyri-hökumət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş görülməlidir.

 

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edir ki, Bakıda fəaliyyət göstərən 15 mediasiya təşkilatına 10 min 197 müraciət daxil olub. O deyib ki, Mediasiya Təşkilatları olmayan regionlar üzrə Şura tərəfindən bölünən işlərin və o cümlədən mediasiya təşkilatı olan regionlarda mediasiya təşkilatı tərəfindən bölünən ümumi işlərin sayı 15 min 18 olub: “Burada ailə mübahisəsi 12 min 872, regionlardan daxil olan müraciətlərdə ailə müraciətlərinin sayı 4 min 238 olub.

 

Konstitusiyanın 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.

Ailə Məcəlləsinin 51-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.

 

Uşaq hüquqlarının pozulması Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.

İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə həmin şəxslərə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində qeyd olunur ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsində qeyd olunur ki, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Bundan başqa Cinayət Məcəlləsinin 170-ci maddəsində yetkinlik yaşına çatmayan şəxsləri cinayətkar fəaliyyətə cəlb etmə ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulubdur. Həmin maddəyə əsasən on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsilə cinayətkar fəaliyyətə cəlb etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Qeyd olunan əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməyə görə isə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Ümumiyyətlə uşaqlar üzərində təlim, tərbiyə funsiyasını yerinə yetirən şəxslərin istər ictimai yerdə, istərsə də təlim-tərbiyə müəssisələrində uşaqların şəxsiyyətini və ləyaqətini alçaltması, tabeliyində olan uşaqlara psixi iztirablar verməsi və döyməklə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi qanunla qadağan olunur.

Mütəxəssislərin fikrincə, Azərbaycanda uşaq hüquqlarının pozulması əksər hallarda zehni və fiziki zorakılıq, təhsil almaq hüquqlarının pozulması ilə müşayiət olunur. Ən aktual problemlərdən biri uşaq əməyinin istismarıdır.

Azərbaycan Uşaqlar Birliyinin sədri  Kəmalə Ağazadənin sözlərinə görə, vətəndaş cəmiyyətinin diqqətini cəlb etmək üçün məlumatlandırma kampaniyaları keçirmək vacibdir.

“Maariflənmə, təbliğat, təşviqat mexanizmlərini gücləndirmək lazımdır. QHT-lər aidiyyəti dövlət qurumları ilə iş aparmalıdırlar. Bir nüansı da nəzərə almaq lazımdır ki, istənilən cəhdin arxasında maliyyə  faktoru var. Təbliğat üçün kiçik maliyyə vəsaiti, qrantlar və s. ayrıla bilər, amma bu da bizim cəmiyyət üçün yetərli deyil. Qanunvericilik də işlək olarsa, bir çox problemlər həllini tapar”.

Ekspertlərin fikrincə bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə açıq, aşkar efirdə göstərilir və bununla da həmin uşaq ağır zərbələr alır. Bu problemlərin aradan qaldırılması üçün də lazımı işlər görülməlidir.

Media eksperti Ələsgər Məmmədli hesab edir ki, telekanallar uşaq hüquqlarının qorunmasını daha çox zədələyir.

Kriminal xəbərlər hazırlayan zaman ümumiyyətlə, medianın məsuliyyəti ikiqat artıq olmalıdır. Burada həm zərər görənlərin yaşının 18 yaşdan aşağı olması onları qorumanı zəruri edir.

Media eksperti onu da qeyd edir ki, ayrıca, azyaşlı qızlara qarşı baş verən cinsi istismar zamanı da bu səhv təkrar edilir. Uşaq hüquqları media etikası-jurnalist etikasının əlifbası olmalıdır və hər bir jurnalist bu məsələyə diqqət göstərməlidir”.

Kəmalə Ağazadə ailə problemlərinə həsr olumuş verlişlərdə uşaqların verlişlərə çıxarılmasına qadağa qoyulmasını istəyir: “Ailə problemlərinin azyaşlıların iştirakı ilə müzakirə edilməsi onların psixoloji travma alması ilə nəticələnir. Uşaqlar valideynləri arasındakı münaqişələrin iştirakçısına cevrilirlər”. Kəmalə Ağazadə onu da bildirib ki, telekanallarda bu sayaq verlişlərdə dövlət qurumunun hüquqşünasının gözü qarşısında uşağa qarşı psixoloji zorakılıq baş verir.

Azərbaycanda küçə uşaqları ilə bağlı qanunvericilik bazası da arzuolunan səviyyədə deyil. Etiraf edilməlidir ki, küçə uşaqları ilə bağlı qanunvericilik sahəsində böyük boşluqlar var. Bu istiqamətdə qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə ehtiyac duyulur. Azərbaycanda küçə uşaqları ilə bağlı xüsusi proqramlar nəzərdə tutulmayıb.

Uşaq Hüquqları haqqında Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Bu baxımdan, Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib.

Aylığın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.

G. HÜSEYNOVA 

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqamətində hazırlanıb

 

 

 

Əvvəlki məqalə

Adamı arıqladan, orqanizmi təmizləyən bulğur

Sonrakı məqalə

Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri azaldılıb –