32 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 7-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Əmlak Məsələləri Dövlət Xidmətindən  verilən məlumata görə, budəfəki hərraca da çıxarılan əmlakların müxtəlifliyi investorların özəlləşmə prosesinə marağını artıracaq. Belə ki, hərraca 32 dövlət əmlakı çıxarılacaq. Bunlardan 16-sı kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 15-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri arasında mağaza, kərpic sexi, yardımçı təsərrüfat var. Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyətini torpaq sahələri ilə birgə özəlləşdirmək mümkündür. Əmlakların ümumi faydalı sahəsi 12 kvadratmetrlə 1941 kvadratmetr arasında dəyişir.

Nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1000-15000 manat arasındadır. İstehsal tarixləri isə 1997-2012-cu illəri əhatə edir.

Tam siyahı ilə (https://bit.ly/3mmNVpB) linki vasitəsilə tanış olmaq mümkündür.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytından (emlak.gov.az) və ya özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq olar. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Əvvəlki məqalə

Azərbaycanda əhalinin gəlirləri artıb

Sonrakı məqalə

İspaniyada cinayətlərin 15 faizi kibercinayətkarlıq sahəsində törədilib