“Azərbaycan sərhədçiləri tərəfindən son 1 il ərzində 473 nəfər sərhəd pozucusu, 899 nəfər rejim pozucusu, 2720 nəfər axtarışda olan şəxs saxlanılıb”.
Azpost.info bildirir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev “Poliqon” hərbi jurnalına müsahibəsində bildirib.
DSX rəisinin sözlərinə görə, ötən ildə dəyəri 76 milyon 443 min 870 manat olan qaçaqmalın, o cümlədən 95151 ədəd psixotrop dərman preparatı, 980 ml metadon mayesi və 1 ton 96 kq 373 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
“Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan, 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilmiş, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb”-deyə E.Quliyev vurğulayıb.
Həmçinin qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. “Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur”-deyə DSX sədri bildirib.
Azpost.info