Yuxu rejimi pozulan insanlar asosial olur və insanlarla münasibət qurmaqda problemlər yaşayırlar.
Azpost.info xəbər verir ki, “PLOS Biology”yə görə, belə insanlarda beyinin bəzi funksiyaları pozula bilir. Bunlardan biri də insanın birgə hərəkət etmək və öz hərəkətlərini başqaları ilə əlaqələndirmək bacarıqlarıdır.
Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, yuxu pozuntusu beyinin sosial davranışı uğurla idarə etmək qabiliyyətini zəiflədir.
Yuxusuzluq təkcə insanların sağlamlığına deyil, həm də sosial qarşılıqlı əlaqəsinə zərər verir. Alimlər xüsusi aparatından istifadə edərək həm normal – 8 saatlıq yuxu rejimi olan, həm də yuxu normasını almayan 24 sağlam könüllü üzərində tədqiqat aparıblar. Daha sonra tədiqata daha böyük bir qrupu – 100-dən çox könüllünü cəlb ediblər. Araşdırma dövründə əvvəlcə insanların yuxularının keyfiyyəti (müddəti, oyanma sayı və s.) öyrənilib, sonra isə sorğu vasitəsilə onların başqalarına kömək etməyə nə dərəcə həvəsli olduqları müəyyən edilib.
Məlum olub ki, insanın yuxusu nə qədər pis olarsa, ertəsi gün onun sosial qarşılıqlı əlaqəsi bir o qədər zəif olur. Belə ki, sağlam yuxu olmadan sosial qarşılıqlı əlaqəyə cavabdeh olan neyronların funksiyası pisləşir. Üstəlik baş beyinin neyronları sağlam gecə yuxusu zamanı istirahət edir və möhkəmlənir.
O da müəyyən edilib ki, 2011-2016-cı illərdə ABŞ-da saatın qış vaxtına keçirilməsindən sonra insanlar daha az yatmağa başlayıb və nəticədə ianələrdə on faiz azalma olub. Beləliklə, alimlər bu nəticəyə gəlirlər ki, normal yuxu təkcə fərd üçün deyil, həm də cəmiyyət üçün olduqca vacibdir.
Azpost.info