Mehriban Əliyeva akademik Arif Paşayevi təbrik etdi –"Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur!"

Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva  fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevi təbrik edib. 

Azpost.info bildirir ki, Azərbaycan Respublikasının əməkdar elm xadimi , Milli Aviasiya Akademiyasının rektoru olan Arif Paşayevin bu gün 89 yaşı tamam olur.

“Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”-deyə Mehriban Əliyeva yazıb.

Arif Paşayev 15 fevral 1934-cü ildə Bakıda yazıçı Mir Cəlal Paşayevin ailəsində anadan olub. Həyat yoldaşı Aida İmanquliyeva Azərbaycanın görkəmli şərqşünas alimi olub. Mehriban Əliyeva və Nərgiz Paşayeva A.Paşayevin övladlarıdır.

Görkəmli alim 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.

Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır.

O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaradıb. Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olub.

Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y. Məmmədəliyev adına medala və İngiİtərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. “VEKTOR” — Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olmuş və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilib.

Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü il fevralın 15-də Vətənimizin daha bir yüksək mükafatına — “Şöhrət ordeni”nə layiq görülüb.

Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.