Uşaqlarda qızılcanın qarşını almaq üçün nə etməli? –Pediatrlar Assosiasiyasının sədri Təranə Tağızadə

“Qızılca xəstəliyinin spesifik müalicəsi olmasa belə, uşaqlarımızı infeksiyadan qorumaq üçün tövsiyə olunan intervalla peyvənd etdirmək mümkündür. Əks halda yoluxmuş şəxslər xəstəliyin ağırlaşmaları ilə qarşılaşa bilərlər”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB dövlətlərin Pediatrlar Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə bildirib.

Hazırda qızılca infeksiyasının məktəb və bağça yaşlı uşaqlar arasında yayılması müşahidə edilir, xəstəlikdən ölüm halları da qeydə alınıb. Bundan əlavə, yetkin əhali arasında da yoluxma hallarına rastlanılır.

Həkim vurğulayıb ki, qızılca yüksək kontaktlı infeksiyadır və yeganə mənbəyi insanlardır. Yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşması hallarında pnevmoniya, otit, bağırsaq fəsadları, ensefalit, meningit, ağız və göz xoraları (görmə qabiliyyətinin itirilməsi) və digər xəstəliklərin baş verməsi riski yüksək ola bilər.

Təranə Tağızadə  onu da nəzərə çatdırıb ki, BMT-nin Uşaq Fondunun (UNICEF) 2018-ci il hesabatında A vitamininin uşaq ölümlərini 12 faiz azalda biləcəyi qeyd edilib. Həkim bildirib ki, immun sistemin normal şəkildə fəaliyyət göstərməsi üçün vacib hesab edilən vitaminlərdən biri də A vitaminididir. Bu mənada A vitamini əlavəsi (VAS) proqramları uşaqlar üçün həyat yolu ola bilər.

Uşağın həyatının ilk beş ilində onun immunitetini dəstəkləmək, ishal və qızılca kimi təhlükəli xəstəliklərə qarşı müqavimətini artırmaq üçün 4-6 aylıq fasilə ilə ildə cəmi iki doza A vitamini qəbul etdrimək kifayətdir.

Elmi sübutlara əsaslanan protokola görə, A vitamini xüsusilə qızılca zamanı, iki dəfə 24 saat fasilə ilə həkim tərəfindən təyin olunarsa, bir sıra fəsadlardan qoruyur.

“UNICEF ekspertləri xüsusi olaraq vurğulayırlar ki, A vitamini əlavələrinin təsiri fərqli nəticə doğurur. Bu o deməkdir ki, əlavələr təsirli olsa da, bədəndə A vitamini ehtiyatı yaratmır və buna görə də hər bir uşağı balanslı və faydalı qida ilə təmin etmək üçün səylərinizi əsirgəməməlisiniz”, – deyə Təranə Tağızadə  vurğulayıb.

Həkim əlavə edib ki, yaşından asılı olaraq uşaq adekvat qidalanmalıdır. Məsələn, 2 yaşınadək uşaqlar vaxtında verilən tamamlayıcı qidalarla birlikdə ana və ya donor südü alırlar.

Təranə Tağı-zadə A vitamini yüksək olan qidaları da sadalayıb: qaraciyər, ət, balıq, süd, yağ, xama, kəsmik, yumurta (xüsusilə sarısı), yerkökü, balqabaq, bolqar bibəri, ispanaq, brokoli, yaşıl soğan, cəfəri, paxlalılar, qırmızı kürü, ərik, manqo, şaftalı, üzüm və s.

Sonda pediatr belə yekunlaşdırıb ki, yeni viruslar dövründə valideyinlərdən tələb olunan övladlarını vaxtında vaksinasiyadan keçirməkdir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.