Avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür.
Azərbaycanın müasir tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız tutduqları vəzifə ilə ölçülmür. Onlar fərqli siyasi sistemlərin dəyişdiyi, dövlətin və cəmiyyətin taleyinin həll olunduğu mürəkkəb dövrlərdə tutduqları mövqe ilə tarixə daxil olurlar.
1979-cu ildə cəmi 30 yaşında Qafqaz Müsəlmanları İdarəsinə rəhbər seçilən Allahşükür Paşazadənin həyatı sovet dövrünün son mərhələsindən Azərbaycanın müstəqilliyinə, Qarabağ münaqişəsindən 20 Yanvar faciəsinə, müstəqillik mübarizəsindən beynəlxalq dini diplomatiyaya qədər uzanan mühüm tarixi proseslərlə kəsişib.
O, bu proseslərin bir çoxunda sadəcə müşahidəçi olmayıb.

30 yaşında Şeyxülislam
1979-cu ildə Şeyxülislam seçilən Allahşükür Paşazadə sovet məkanında ən gənc dini rəhbərlərdən biri idi. Onun QMİ rəhbərliyinə gəlməsi Azərbaycan dini həyatı üçün də yeni mərhələ sayılırdı.
Ona qədər Azərbaycanda sovet dövründə sistemli və mükəmməl dini təhsil almış dini rəhbər olmayıb. A.Paşazadədən əvvəlki son üç Şeyxülislamdan ikisi Rusiya imperiyası dövründə dini təhsil almışdı. Sonuncu rəhbər isə fərdi şəkildə qazandığı dini biliklər hesabına bu vəzifəyə yüksəlmişdi.
Allahşükür Paşazadənin dini təhsili və elmi fəaliyyəti QMİ-nin sonrakı fəaliyyət istiqamətinə də təsir göstərdi. O, dini rəhbərliyin yalnız ibadət və mərasimlərlə məhdudlaşmaması, islam dünyası və digər dini mərkəzlərlə əlaqələrinin genişləndirilməsi xəttini seçdi.

Qarabağ hərəkatında xalqla bir sırada
1988-ci ildə Qarabağda separatçı hərəkat başlayanda Azərbaycanda geniş etiraz dalğası yarandı. Həmin dövrdə bir çox rəsmi institutlar və ictimai xadimlər ehtiyatlı davranmağa üstünlük verirdi.
Allahşükür Paşazadə isə hakimiyyət “qapıları” arxasında gizlənən dini rəhbərlərdən olmadı. O, Bakının mərkəzində keçirilən izdihamlı etiraz aksiyalarında xalqın qarşısına çıxdı və Qarabağ uğrunda, Azərbaycanın haqq işi naminə mübarizəyə çağırış etdi.
Bu, dini liderin siyasi hakimiyyətin mövqeyindən kənara çıxaraq xalqın milli məsələlərdəki mövqeyini açıq şəkildə bölüşməsi baxımından diqqət çəkən hadisə idi.

20 Yanvar: Qorbaçovu lənətləyən bəyanat
1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıya yeridilməsi və yüzlərlə insanın qətlə yetirilməsi Azərbaycanın tarixi üçün dönüş nöqtəsinə çevrildi. Qanlı qırğından sonra Şeyxülislam Allahşükür Paşazadənin SSRİ Prezidenti Mixail Qorbaçovu lənətləyən bəyanatı geniş rezonans doğurdu. Bu, sovet tarixində dini xadimin sovet rəhbərini açıq şəkildə lənətləməsi baxımından misilsiz hadisə kimi qiymətləndirilir.
Bu mövqe yalnız dini bəyanat deyildi. Həmin dövrdə Sovet İttifaqının hələ mövcud olduğu şəraitdə Moskvanın rəhbərliyinə açıq siyasi və mənəvi etiraz idi.
Bir neçə ay sonra, 1990-cı il martın 14-də Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz olaraq Allahşükür Paşazadə SSRİ xalq deputatı mandatından da imtina etdi.
Azərbaycanın müstəqillik mübarizəsini “islam fundamentalizmi” damğasından qoruyan mövqe
Sovet İttifaqının son illərində Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin xaricdə dini ekstremizm kimi təqdim olunması təhlükəsi vardı. Bu baxımdan Şeyxülislamın mövqeyi mühüm rol oynadı. O, Azərbaycan cəmiyyətində dini kimliyi milli dövlətçilik ideyası ilə birləşdirsə də, siyasi mübarizənin dini radikalizm kimi təqdim edilməsinə imkan vermədi.
Bu, xüsusilə Azərbaycan kimi müsəlman əhalinin çoxluq təşkil etdiyi, lakin dünyəvi dövlət quruculuğu yolunu seçən ölkə üçün mühüm məsələ idi.
Azərbaycanın İslam dünyasına açılan qapısı
1991-ci ilin dekabrında Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi ilə Azərbaycan İslam Konfransı Təşkilatına – indiki İslam Əməkdaşlıq Təşkilatına üzv qəbul edildi. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasının ilk mərhələlərində mühüm hadisə idi. Azərbaycan keçmiş sovet respublikaları arasında İslam dünyası ilə institusional əlaqələrini sürətlə genişləndirən dövlətlərdən birinə çevrildi.
Şeyxülislamın həmin dövrdə əsas missiyalarından biri də Azərbaycanın dini dünyada yalnız “müsəlman ölkəsi” kimi deyil, milli dövlət maraqları olan, müasir və dünyəvi dövlət kimi tanıdılması idi.

Aşurada başyarma yerinə qanvermə
Allahşükür Paşazadənin təşəbbüsləri arasında ən çox yadda qalan məsələlərdən biri də Aşura mərasimlərində başyarma ənənəsinə münasibət oldu. Uzun illər davam edən bu adətin əvəzinə qanvermə aksiyalarının təşviq edilməsi dini mərasimin ictimai fayda ilə əlaqələndirilməsi baxımından mühüm dəyişiklik idi.
Aşura günlərində xəstələr üçün qanvermə aksiyalarının keçirilməsi ilə dini mərasim xeyriyyə və insan həyatının qorunması ideyası ilə birləşdirildi. Bu təşəbbüs islamın yardımlaşma və xeyirxahlıq prinsiplərinin praktik ifadəsi kimi təqdim olundu.
Din və elm arasında
Allahşükür Paşazadə təkcə dini rəhbər kimi deyil, islam və dünyəvi elmlər arasında əlaqə yaratmağa çalışan alim kimi də tanınır.
Onun sovet dövründə yazdığı, elmi redaktoru akademik Ziya Bünyadov olan “Qafqazda İslam” əsəri bu istiqamətdə mühüm elmi işlərdən biridir. Şeyxülislamın fəaliyyətində dini təhsilin, tarixin və elmi araşdırmaların xüsusi yer tutması onun ictimai fəaliyyətinin yalnız dini mərasimlərlə məhdudlaşmadığını göstərir.

Dini diplomatiya: Qarabağ həqiqətlərindən Vatikana qədər
Qafqaz Müsəlmanları İdarəsi bu gün dünyanın müxtəlif ölkələrinin dini və ictimai qurumları ilə geniş əlaqələrə malikdir. Şeyxülislamın rəhbərliyi dövründə Vatikan, pravoslav kilsələri, katolik dini dairələri və müxtəlif beynəlxalq dini təşkilatlarla əməkdaşlıq genişlənib.
Bu əlaqələr yalnız dinlərarası dialoq məqsədi daşımayıb. Xüsusilə Qarabağ münaqişəsi dövründə dini diplomatiya Azərbaycanın mövqeyinin beynəlxalq dini ictimaiyyətə çatdırılması üçün əlavə platformaya çevrilib.
Allahşükür Paşazadənin rəhbərliyi ilə QMİ müxtəlif beynəlxalq görüşlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirib, dini münaqişə görüntüsünün yaradılmasına qarşı çıxıb. Ermənistan-Azərbaycan münaqişəsinin xristian-müsəlman qarşıdurması kimi təqdim edilməsinin qarşısının alınması bu fəaliyyətin mühüm istiqamətlərindən biri olub.
Bu baxımdan Şeyxülislamın beynəlxalq əlaqələri Azərbaycan üçün qeyri-rəsmi diplomatiyanın mühüm elementlərindən birinə çevrilib.

Türk dünyasının dini liderlərini birləşdirən təşəbbüs
Allahşükür Paşazadənin son dövrlərdə diqqət çəkən təşəbbüslərindən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri arasında yeni əməkdaşlıq mexanizminin yaradılması olub.
Türk dövlətlərinin dini liderləri Şurasının yaradılması ideyası Şeyxülislam tərəfindən İstanbulda keçirilən toplantıda irəli sürülüb. Sonrakı hazırlıq prosesində QMİ-nin fəal iştirakı Şeyxülislamın türk dünyasının dini platformalarında nüfuzunu göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.
Bu təşəbbüs türk dövlətləri arasında siyasi və iqtisadi əməkdaşlığın dini-mənəvi sahədə də yeni əməkdaşlıq mexanizmləri ilə tamamlanması baxımından əhəmiyyətlidir.
Yarım əsrə yaxın davam edən yol
Allahşükür Paşazadənin fəaliyyətinə yalnız Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri kimi baxmaq onun həyat yolunun miqyasını tam əks etdirməz.
1979-cu ildə 30 yaşında Şeyxülislam seçilən Paşazadə Sovet İttifaqının son illərindən başlayaraq Azərbaycanın müstəqilliyinin ilk ağır mərhələlərinə, Qarabağ münaqişəsinə və dövlət quruculuğu prosesinə qədər ölkənin əsas tarixi dönüşlərinin şahidi və iştirakçısı olub.
Onun həyat yolunun diqqət çəkən tərəfi məhz budur: Allahşükür Paşazadə Azərbaycanın ən çətin günlərində yalnız dini məsələlərdən danışan rəhbər kimi kənarda qalmayıb.
1988-ci ildə Qarabağ uğrunda keçirilən mitinqlərdə xalqın yanında oldu. 20 Yanvar faciəsindən sonra Sovet rəhbərliyinə qarşı açıq mövqe nümayiş etdirdi. Müstəqillik dövründə Azərbaycanın İslam dünyasına inteqrasiyasına çalışdı. Qarabağ məsələsinin dini qarşıdurmaya çevrilməsinin qarşısının alınması üçün beynəlxalq dini platformalardan istifadə etdi.
Bu gün isə onun qarşısında duran yeni istiqamətlərdən biri dini diplomatiyanın və Türk dünyasının dini liderləri arasında əməkdaşlığın genişləndirilməsidir.
30 yaşında Şeyxülislam seçilən Allahşükür Paşazadə 47 illik fəaliyyəti ərzində sadəcə dini institutun rəhbəri olmayıb. Onun bioqrafiyası Azərbaycanın son yarım əsrlik tarixinin ən mühüm siyasi, ictimai və mənəvi dönüş nöqtələri ilə paralel şəkildə formalaşıb.
Aydın Əliyev





















