Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, növbəti tədbirlərlə sosial şəbəkələr vasitəsilə paytaxt ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən daha iki nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan ümumilikdə 1246 ədəd yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb.
Araşdırmalar davam etdirilir.
“Tezalışan maddələr və pirotexniki vasitələr insanların sağlamlığı ilə yanaşı, ətraf mühitə qarşı da ciddi təhlükədir. Bu vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər”, – məlumatda vətəndaşların diqqətinə çatdırılıb.