Yeni ədliyyə naziri Fərid Əhmədov kimdir? –DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Azpost.info Fərid Əhmədovun dosyesini təqdim edir:

Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.

O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.

Fərid Əhmədov 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

F.Əhmədov 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.