Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars (BTQ)-Marabda-Kartsaxi dəmir yolu dəhlizinin Gürcüstan hissəsinin idarə olunması üçün birgə şirkət yaradıb.
Azpost.info bildirir ki, bu barədə NewsGeorgia xəbər verir.
“BTKI Railways” adlanan müəssisənin təsisçiləri Azərbaycan Dəmir Yolları və Gürcüstanın “Marabda-Kartsaxi” şirkətlərinin törəmə şirkətləri olub.
Azərbaycan tərəfinin bildirdiyinə görə, yeni şirkət “Marabda-Kartsaxi” hissəsində infrastrukturun istismarı və idarə olunmasına, həmçinin BTQ-dən istifadə etməklə yükdaşımaların səmərəli təşkilinə və yeni yüklərin cəlb edilməsinə cavabdeh olacaq.
“Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat əlaqələrinin, xüsusilə Orta Dəhliz potensialının gücləndirilməsinə yönəldiləcək”, – deyə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.
Bu ilin may ayında yolun Gürcüstan hissəsinin modernləşdirilməsi üzrə işlər başa çatdırılıb. Xəttin gücü ildə 1 milyon tondan 5 milyon tona yüksəlib.
“Bakı-Tbilisi-Qars” dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhlizin logistik hissəsidir. Layihə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkələrini vahid nəqliyyat dəhlizində birləşdirməyə imkan verib.
Bu dəmir yolu xətti 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərir. Dəmir yolunun sözügedən hissəsinin ümumi uzunluğu 830 km-ə yaxındır.