Əhməd İsmayılov Özbəkistanda Media Forumunda çıxış edib-FOTO / YENİLƏNİB

“Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri, regionlarımızın inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür”.

Bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılışında çıxışında deyib.

Əhməd İsmayılov bildirib k, bu baxımdan Azərbaycan Prezidentinin bu ilin avqustunda Özbəkistana rəsmi dövlət səfəri müstəsna əhəmiyyətə malik olmaqla, münasibətlərin yeni tarixi mərhələsinin əsasını qoyub: “Belə ki, səfər çərçivəsində 23 avqustda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq olub. Müttəfiqlik münasibətləri öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına və fundamental layihələrin icrasına ciddi təkan verməkdədir.

Bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz əlaqələrimizi gücləndirməklə yanaşı, cəmiyyətlərimizi informasiya ilə təmin etmək kimi vacib funksiyanı yerinə yetirən medianın fəaliyyətində də canlanma yaradıb, ölkələrimizin jurnalist ictimaiyyətlərinin daha sıx və peşəkar münasibətlərinin qurulmasına dinamik ruh verib.

Ölkələrimiz arasında strateji münasibətlərin artan tempindən ruhlanan media orqanları öz işlərini bu əlaqələrin ruhuna uyğun quraraq xalqlarımızın mənəvi dəyərlərini təbliğ etmək, dövlət maraqlarımızı, o cümlədən daxili informasiya mühitini dezinformasiyalardan qorumaq üçün media etikası və prinsiplərinə söykənən peşəkar fəaliyyət göstərməkdədir.

Bu baxımdan birgə media foruma qatılan dəyərli ekspertlərin, media menecerlərinin, jurnalistlərin düşüncələri, panel müzakirələrdəki fikirləri gələcək fəaliyyətimizin istiqamətlərini müəyyənləşdirmək, praktik əhəmiyyət daşıyan əməkdaşlığımızı gücləndirmək üçün olduqca önəmlidir.

Azərbaycan və Özbəkistan yerləşdikləri geostrateji mövqelərinə, habelə zəngin intellektual potensialına və tarixi ənənələrinə görə Cənubi Qafqaz və Mərkəzi Asiyada gedən ictimai-siyasi proseslərə, elmi-mədəni inkişafa təsir göstərmək gücünə malikdir.

Bizim dərin tarixi köklərə malik, qardaşlıq telləri ilə mənəvi harmoniya yaratmış türk dünyasının tərkib hissəsi olmağımız münasibətlərimizin daha da dərinləşməsinə öz səmimi impulslarını verib.

Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatı fəaliyyətə başladığı gündən davamlı olaraq inkişaf edir və etimad qazanır. Təşkilat türk dünyası daxilində qarşılıqlı etimadın, siyasi həmrəyliyin, iqtisadi əməkdaşlığın təşviqində, mədəni irsin qorunub saxlanmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müxtəlif sahələrdə olduğu kimi media sahəsində də ikitərəfli əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinin aparılmasına böyük önəm verilir. Bu baxımdan qardaş Özbəkistan Respublikası ilə qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır”. (APA)

 

**

 

24 sentyabr 2024-cü il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində “Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılış mərasimi keçirilib.

Forumun açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri, regionlarımızın inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir.
O qeyd edib ki, Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir və bu kontekstdə I Özbəkistan-Azərbaycan Media Forumu xüsusi əhəmiyyət daşımaqla, dezinformasiyaya qarşı mübarizədə birgə səylərin gücləndirilməsini dəstəkləyəcək və mövcud vəziyyətdən çıxış yollarının tapılması baxımından əlamətdar olacaqdır.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov vurğulayıb ki, informasiyanın əsas resurs hesab edildiyi müasir dövrdə dezinformasiya vasitəsilə manipulyasiya ictimai asayişin sabitliyinin pozulmasına və dövlət qurumlarına inamın sarsıdılmasına səbəb ola bilər. Buna görə də, təcrübə və uğurlu modellərin mübadiləsi, yeni bacarıq və yanaşmaların öyrənilməsi çox vacibdir.
Media Forumda iştirakla yanaşı, Azərbaycan media nümayəndələrinin, dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşlarının təcrübə mübadiləsi çərçivəsində özbəkistanlı həmkarları ilə görüşlər keçirmək imkanı əldə etdiyini qeyd edən K.Həsənov informasiya mübadiləsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan və Özbəkistan media subyektləri arasında sıx əməkdaşlığın daha da gücləndirilməsinin labüdlüyünü diqqətə çatdırıb.

Sonda Forumda iştirak edən media nümayəndələrinə Azərbaycanda COP29 ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma, ümumilikdə Azərbaycanın yaşıl dünya naminə irəli sürdüyü təşəbbüslər barədə əhatəli və genişmiqyaslı məlumatlandırmanın təmin edilməsi, müxtəlif müstəvilərdə media dəstəyinin göstərilməsi barədə çağırış edilib.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.