Ermənistanın Konstitusiya İslahatları Şurasının ilk iclası iki həftədən sonra baş tutacaq.
AzPost bildirir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuyi Qalyan cümə axşamı hökumətin iclasından sonra bildirib. Məlumatı erməni mediası yayıb.
Onun sözlərinə görə, Konstitusiyanın yeni mətni 10 ay ərzində hazır ola bilər, lakin müddət müzakirələrin gedişindən asılıdır. Qalyan qeyd edib ki, layihənin müzakirəsi ictimai xarakter daşıya bilər.
“Mətn hazırlanır. Əsas konseptual müddəalar üzrə müzakirələr aparılır və yalnız bundan sonra sənəd ictimaiyyətə təqdim olunacaq”, – nazir bildirib.
O, həmçinin əlavə edib ki, müzakirələrin nəticələrinə əsasən layihəyə ciddi dəyişikliklərin edilməsi mümkündür. Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsinə mümkün düzəlişlər məsələsi də müzakirə mövzusudur.
Martın sonunda baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan hakimiyyəti 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırır.