Azer Türk Bankda (ATB) cari AZN hesabı açmaq istəyən vətəndaşın qarşılaşdığı tələb sosial mediada geniş müzakirə olunub.
AzPost xəbər verir ki, məlumata görə, bank əməkdaşı müştəridən xaricdən gələcək mümkün köçürməni təsdiqləyən sənəd təqdim etməyi istəyib.
Müştərinin sözlərinə görə, bank əməkdaşı əvvəlcə hesabın hansı məqsədlə açılacağını soruşub, daha sonra isə bildirdib ki, əgər xaricdən pul gələcəksə, bununla bağlı əvvəlcədən təsdiqləyici sənəd təqdim edilməlidir.
Bu tələbin səbəbi kimi böyük məbləğdə köçürmələr zamanı vergi öhdəliklərinin yarana biləcəyi ehtimalı qeyd olunub.
Qanun nə deyir?
AzPost.az-ın mövzuyla bağlı araşdırmasına görə, Azərbaycan qanunvericiliyində — xüsusilə “Banklar haqqında” Qanun, Müştərini Tanı (KYC) qaydaları, və AML/CFT (çirkli pulların yuyulmasına qarşı) tələbləri — banklara aşağıdakı öhdəlikləri verir:
Banklar hesab açarkən müştərinin şəxsiyyəti, fəaliyyət sahəsi və hesabdan istifadə məqsədini müəyyənləşdirməlidir.
Lakin hesab açmaq üçün əvvəlcədən köçürməni təsdiqləyən sənəd tələb olunması qanunvericiliklə birbaşa nəzərdə tutulmayıb.
Yalnız şübhəli əməliyyatlar, yüksək riskli müştəri profili və ya böyük məbləğli köçürmələr zamanı bank sonradan əlavə sənəd tələb edə bilər.
Hesab açılmadan əvvəl “gələcək pul köçürməsi üçün sübut” istənilməsi AML standartlarının tələb etdiyi mütləq qayda hesab olunmur.
Müştəri qeyd edir ki, digər banklarda cari hesab açılması zamanı bu cür sənəd tələb olunmaması səbəbindən ATB-nin tələbi onu təəccübləndirib.
Bank hesablarının bloklanması və xidmət haqları
Qanunvericiliyə əsasən banklar:
12 ay hərəkətsiz qalan hesablara görə hesabı passivləşdirə və ya bloklaya bilər.
Hesabda vəsait olduğu halda aylıq xidmət haqqı tətbiq etməsi isə bankın daxili tarif siyasətinə daxil edilir.
Vətəndaş bildirir ki, məhz bu məsələlər də banklar arasında fərqli yanaşmalar yaratdığı üçün hesab açarkən diqqətli olmaq lazım gəldiyini düşünür.