Ayaqlarda, xüsusilə pəncə, baldır və ya topuq nahiyəsində davamlı qaşınma çox vaxt adi dəri qıcıqlanması kimi qəbul edilir. Lakin mütəxəssislər bildirirlər ki, bu əlamət bəzən daha ciddi sağlamlıq problemlərindən xəbər verə bilər. AzPost Diabetes UK-ə istinadla xəbər verir ki, ayaqlarda yaranan davamlı qaşınma şəkərli diabetin ilkin və ya artıq inkişaf etmiş əlamətlərindən biri ola bilər.
Mütəxəssislərin sözlərinə görə, qan şəkərinin uzun müddət yüksək səviyyədə qalması xırda damar və sinirlərin zədələnməsinə, eyni zamanda dərinin qurumasına səbəb olur. Bu proses nəticəsində qaşınma hissi meydana çıxır. Araşdırmalar göstərir ki, şəkərli diabeti olan insanlarda dəri problemlərinin yaranma riski sağlam insanlarla müqayisədə təxminən üç dəfə yüksəkdir.
Bəzi hallarda ayaqlardakı qaşınma artıq formalaşmış ağırlaşmalarla da əlaqəli ola bilər. Bunlara diabetik neyropatiya və böyrək xəstəlikləri daxildir. Belə vəziyyətlərdə qaşınma uzunmüddətli və daha güclü olur.
Mütəxəssislər bildirirlər ki, şəkərli diabetin mümkün əlamətləri təkcə qaşınma ilə məhdudlaşmır. Daimi susuzluq və ağız quruluğu, tez-tez sidiyə çıxma, səbəbsiz çəki itkisi, xroniki yorğunluq, yaraların gec sağalması, görmənin zəifləməsi və təkrarlanan göbələk infeksiyaları da bu xəstəliyin xəbərçisi ola bilər.
Bu cür əlamətlər müşahidə edildikdə vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur.