12 may 2026-cı il tarixində Qazax rayonunun Daş Salahlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində maarifləndirici görüş təşkil edilib.
Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, o cümlədən Qazax rayonundan olan 59 şəhidin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və qəhrəmanlıq yolunun gənc nəslə tanıdılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi, eləcə də gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması olub.
Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor təşkilat haqqında iştirakçılara ətraflı məlumat verərək bildirib ki, layihənin əsas məqsədi Qazax rayonundan olan şəhidlərin qəhrəmanlıq salnaməsini gənclərə daha yaxından tanıtmaq, onların vətən sevgisini və milli dəyərlərə bağlılığını gücləndirməkdir.
O qeyd edib ki, layihə çərçivəsində gənclərlə veteran və qazilərin iştirakı ilə silsilə görüşlərin keçirilməsi, bilik yarışı və şahmat turnirinin təşkili nəzərdə tutulur. Bu təşəbbüslər gənclərin intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların cəmiyyətə faydalı fərd kimi formalaşmasına xidmət edir.
Daha sonra çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Ballayev, şəhid Xaləddin Nəsibovun atası, “Mübarizlər” İctimai Birliyinin Qazax zonası üzrə sədri Vaqif Nəsibov, şəhid Yunis Kazımovun atası Qasım Kazımov, eləcə də Qazax Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Ləman Qəhrəmanova çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, onların keçdiyi şərəfli döyüş yolundan və gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasının vacibliyindən danışıblar.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan gəncliyi hər zaman dövlətinə və xalqına bağlı olmalı, milli-mənəvi dəyərləri qorumalı və şəhidlərimizin əmanəti olan Vətənə layiq vətəndaş kimi yetişməlidir. Bildirilib ki, belə layihələr gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda məktəblilər və gənclər mövzu ilə bağlı fikirlərini bölüşərək şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını bildiriblər. Görüş qarşılıqlı müzakirələr və diskussiya şəraitində davam edib.
Qeyd edək ki, layihə çərçivəsində Qazax rayonunun müxtəlif yaşayış məntəqələrində silsilə maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur.













