“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var”-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Azpost.info müsahibəni təqdim edir:

– Qüdrət bəy, 33 il öncə, 1993-cü ilin 4 iyununda Gəncədə hərbi qiyam baş verdi. O dövrü uzun illər sonra necə xatırlayırsınız?

– Həmin hadisə ölkəmizdə bir daha təkrarlanmasın deyə, o dövr ciddi və obyektiv araşdırılmalıdır. Gənclərə tövsiyə edirəm ki, həmin dövrü qismən də olsa təsəvvür etmələri üçün böyük mütəfəkkir və ədib Mirzə Fətəli Axundzadənin XIX əsrin ortalarında qələmə aldığı “Aldanmış kəvakib” povestini oxusunlar. Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy qiyam dövrünün Yusif Sərracı idi. Mirzə Fətəli Yusif Sərracı ədalətli, xalqını sevən, sadə və təmiz niyyətli, hakimiyyət hərisi olmayan, islahatçı xarakterli və faciəli taleyə sahib bir insan kimi təqdim edirdi. O, həmin obrazla göstərir ki, xalqın içindən çıxan vicdanlı bir insan korrupsiyalaşmış idarəçilik sistemində uzun müddət hakimiyyətdə qala bilməz. Çünki alçaldılmış və qorxudulmuş, zülmə və haqsızlığa adət etmiş xalq, vilayət hakimlərinə xalqla ədalətli davranmağı tapşıran Yusif Sərracın yaratdığı humanist üsul-idarəni qəbul edə və ona arxa ola bilməzdi. Qiyamın baş verməsinin sosial-psixoloji əsasını burada axtarmaq lazımdır. Əlbəttə, həm də yenicə müstəqillik əldə etmişdik, beynəlxalq şərait bizim üçün son dərəcə əlverişsiz, dövr mürəkkəb, Elçibəyin və komandasının isə idarəetmə təcrübəsi yox idi. Nadanlıq da öz yerində. Hakimyyəti qorumalı olan şəxslər kənar təsirlər və falçıların tövsiyəsi ilə aradan çıxmışdı. Qərb və regionun böyük dövlətləri erməni faktoruna görə Azərbaycanın sivil dövlət olmasında (çünki sürətlə inkişaf edəcəkdi) və müstəqilliyinin güclənməsində maraqlı deyildi. Elə indi də maraqlı deyillər. Ona görə hər biri bacardığı formada milli hökumətin devrilməsində aktiv və ya passiv formada iştirak edirdi. Torpaqlarımızı işğaldan azad etməyimizi istəməyən ABŞ bizə sanksiya tətbiq etmişdi, Avropa İttifaqı, Rusiya və İran Ermənistanı açıq formada müdafiə edirdi. O zaman Qərbdən asılı olan qardaş Türkiyə isə hər rayonun işğalından sonra bir bəyanat verməklə işini bitmiş sayırdı. Hətta bizə iki mülki vertolyot verməsə də, bu azmış kimi işğalçı dövlətə taxıl da göndərirdi. Ona görə həmin dövrdə, “biz türkük”, – deyən Elçibəyin hakimiyyəti yaşaya bilməzdi. Elçibəyin hakimiyyətdən getməsinin ən ağır nəticəsi o oldu ki, demokratik dəyərlər tam gözdən düşdü, xalqın Qarabağ hərəkatı zamanı özünə az-çox yaranmış olan inamı sarsıldı. Sanki Elçibəyin hakimiyyətə gəlişinə buna görə mane olmamışdılar. Təsəlli isə o oldu ki, Elçibəy müdrik addım ataraq və ciddi müqavimət göstərmədən hakimiyyətdən çəkildi, böyük dövlət adamı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Elçibəy öz doğulduğu kəndə qayıdıb, “qanuni prezident mənəm”, – deməklə Heydər Əliyevə olan xarici təzyiqləri xeyli azaltdı. O isə böyük güclərlə anlaşa bildi, məharətlə qiyamçıları, seperatçıları, xaricdən idarə olunan silahlı qrupları xarici dəstəkdən məhrum edib zərərsizləşdirdi, böyük təzyiqlərə və şirnikləndirici təkliflərə baxmayaraq, ərazilərimizin itirilməsi ilə barışmadı və Azərbaycan dövlətçiliyini qorudu. Bu gün də, hesabına torpaqlarımızı işğaldan azad etdiyimiz və yaşadığımız “Əsrin müqaviləsi”ni imzalamağı bacardı, böyük gücləri Azərbaycanda sabitliyin olmasında maraqlı etdi. Allah hər ikisinə rəhmət eləsin!

– Qüdrət bəy, deputatların tənqid olunmasını necə qəbul edirsiniz?

– Tənqid olmayan cəmiyyətdə inkişaf ola bilməz. Amma tənqid əsaslı və ədalətli olmalıdır. Parlamentdə tənqidin azlığını müzakirə etmək olar, amma demək ki, Milli Məclisdə bir nəfər də olsun xalqın problemlərindən danışmır, bu, yumşaq desək, çox qərəzli və ədalətsiz münasibətdir. İctimaiyyəti narahat edən elə bir problem yoxdur ki, o parlamentdə qaldırılmasın. Deputatların uğurlu və uğursuz çıxışları da ola bilər. Əgər qabiliyyətin varsa, yaxşı parlamentari olmaq üçün uzun illərin təcrübəsi lazımdır. Gənc deputatların daha çox səhv etmək haqqı var. Bu zaman uğursuz çıxış edənləri, yaxud fəaliyyəti zəif olanları tənqid etmək olar. Təəssüf ki, bəziləri öz səviyyələrinə uyğun olaraq təhqirə keçirlər. Tənqid etik çərçivəni aşmamalıdır. Milli Məclisdə tənqid də var, ona dözümlü münasibət də. Ayrı-ayrı vaxtlarda biz hakim partiyanın təmsilçilərinin belə hökumətə münasibətdə ciddi tənqidi çıxışlarını görürük. Bəzən həmkarlarından kimlərsə sənin tənqidi çıxışlarına etika çərçivəsində cavab verir və bu da çox normaldır. Yaxşı olardı ki, Milli Məclisin iclasları, bütün sivil ölkələrdə olduğu kimi, televiziya ilə yayımlansın və hər bir seçici deputatların fəaliyyətini izləsin.
Dövlət quruculuğu istiqamətində aparılacaq islahatlar çərçivəsində biz yeni Konstitusiya və Seçki Məcəlləsi qəbul etməli, proporsional seçki sisteminə keçməliyik. Parlamentdə müxalifət fraksiyalarının olması üçün topladığı səsdən asılı olmayaraq ən azı 3 partiya Milli Məclisdə təmsil olunmalı, müxalif partiyaların parlamentdə sayı, deputatların ümumi sayının üçdə birindən az olmamalıdır və bu qanunvericilikdə təsbit olunmalıdır.

– Ölkədə yeni Konstitusiyanın qəbul olunması ehtimalı varmı?

– Bu zəruridir. Konstitusiyaya görə yerlərdə icra hakimiyyətini icra hakimiyyətlərinin başçıları həyata keçirir. Amma bəzi rayonlarda, bölgələrdə bu işi Prezidentin səlahiyyətli nümayəndələri həyata keçirir. Prezidentin Qarabağa səfəri zamanı bu aydın görsənir. Həm ən azından buna görə, həm də Ermənistanla ərazi mübadiləsi edəriksə, bu referendumla təsdiq olunmalıdır, buna isə ciddi ehtiyac var. Konstitusiya islahatları aparılacaqsa regional, seçki yolu ilə formalaşan yerli icra hakimiyyəti orqanlarının yaradılması nəzərdə tutulmalı, parlamentin səlahiyyətləri də ciddi şəkildə artırılmalıdır. Daha yaxşı olardı ki, parlamentli respublika modelinə keçək. Dövlətimiz də 1918-ci ildə parlamentli respublika kimi yaranıb.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.