AZAL İstanbul və Tbilisi reyslərini artırdı –Yeni uçuş cədvəli açıqlandı

“Azərbaycan Hava Yolları” (AZAL) artan sərnişin tələbatını nəzərə alaraq İstanbul və Tbilisi istiqamətlərində uçuş proqramını genişləndirib.

AZAL-ın yaydığı məlumata görə, 4 avqust – 30 sentyabr tarixləri arasında Bakı–İstanbul marşrutu üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə çatdırılıb.

Bundan əlavə, 2-30 avqust tarixlərində Bakı–Tbilisi marşrutu üzrə həftəlik uçuşların sayı 42-dən 46-ya artırılıb.

Bildirilib ki, əlavə reyslər artan sərnişin axınının qarşılanmasına, səyahətlərin daha rahat planlaşdırılmasına və sərnişinlər üçün uçuş seçimlərinin genişlənməsinə xidmət edəcək.

Qeyd olunub ki, AZAL sərnişin tələbatını mütəmadi təhlil edərək uçuş proqramını bazarın ehtiyaclarına uyğun optimallaşdırmağa davam edir. Aviaşirkət marşrut şəbəkəsinin genişləndirilməsi, hava donanmasının müasirləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərlə sərnişinlər üçün daha əlçatan və rahat səyahət imkanları yaratmağı hədəfləyir.

Aviabiletləri AZAL-ın rəsmi internet saytı, mobil tətbiqi, aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.