Musiqi dinləmək, rəqs etmək, rəsm çəkmək, teatra və muzeylərə getmək təkcə əhval-ruhiyyəni yaxşılaşdırmır, həm də fiziki və psixoloji sağlamlığa müsbət təsir göstərir. Bu fəaliyyətlər insanın ömrünün uzanmasına da kömək edə bilər.
Azpost.info bildirir ki, bu barədə “Egészségkalauz” portalı məlumat yayıb.
Cons Hopkins Universitetinin tədqiqatçısı, “Beyniniz incəsənətdə” kitabının həmmüəllifi Syuzan Maqsamenin sözlərinə görə, yaradıcılıq fəaliyyəti stressin öhdəsindən gəlməyə, emosional tarazlığı qorumağa və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırmağa kömək edir.
Bu fikri 2016-cı ildə aparılmış araşdırma da təsdiqləyir. Belə ki, 45 dəqiqəlik incəsənət məşğələsindən sonra iştirakçıların əksəriyyətində stress hormonu olan kortizolun səviyyəsi azalıb. Bu hormonun uzun müddət yüksək səviyyədə qalması sağlamlığa mənfi təsir göstərə bilər. Maraqlıdır ki, müsbət nəticə iştirakçıların əvvəllər yaradıcılıqla məşğul olub-olmamasından asılı olmayıb.
İncəsənətlə məşğul olmaq beynin diqqət, yaddaş və emosiyalarla əlaqəli sahələrini aktivləşdirir. Bu, insanın gündəlik problemlərdən uzaqlaşmasına kömək edir. Bununla belə, hər yaradıcılıq növünün özünəməxsus təsiri var: musiqi hissləri və xatirələri oyadır, rəqs hərəkətlə ritmi birləşdirir, rəsm və əl işləri isə diqqəti gücləndirərək yaradıcı düşüncəni inkişaf etdirir.
Niderlandın Mauritshuis muzeyində aparılan araşdırma göstərib ki, rəsm əsərlərinin orijinalını izləmək onların surətlərinə baxmaqla müqayisədə daha güclü emosional reaksiya və beyin aktivliyi yaradır.
Alimlər Vermeerin “Mirvari sırğalı qız” əsərinə baxan ziyarətçilərin reaksiyalarını araşdırarkən maraqlı məqam da aşkarlayıblar. İnsanların baxışları ən çox əsərdəki qızın gözlərinə, üzünə və sırğasına yönəlib.
London Universitet Kollecinin tədqiqatçıları 14 il ərzində yaşı 50-dən yuxarı olan təxminən 6700 insanı müşahidə ediblər. Araşdırmanın nəticələrinə görə, muzeylərə, teatrlara və konsertlərə müntəzəm getmək daha aşağı ölüm riski ilə əlaqəli olub.
Bununla belə, alimlər vurğulayırlar ki, bu əlaqə mədəni tədbirlərin birbaşa ömrü uzatdığını sübut etmir. Həyat tərzi və sosial münasibətlər də daxil olmaqla, digər amillər mühüm rol oynaya bilər.
Yaradıcılıq hər yaşda faydalıdır. Rəqs yaşlı insanlara koordinasiya və hərəkət qabiliyyətini qorumağa, musiqi zehni bacarıqları dəstəkləməyə, birlikdə mahnı oxumaq isə tənhalıq hissini azaltmağa kömək edir. Uşaqlarda incəsənət emosiyaları ifadə etmək, ünsiyyət qurmaq və daha yaxşı öyrənmək bacarıqlarını inkişaf etdirir.
Xüsusilə art-terapiya faydalı hesab olunur. Rəsm çəkmək, gil və plastilinlə işləmək, eləcə də digər yaradıcılıq məşğələləri insana qorxularının və daxili gərginliyinin öhdəsindən gəlməyə, hisslərini sözsüz ifadə etməyə imkan verir. Bunun üçün xüsusi rəssamlıq bacarığının olması vacib deyil.
Mütəxəssislər bildirirlər ki, gündə cəmi 30 dəqiqə yaradıcılıqla məşğul olmaq – rəsm çəkmək, toxumaq, musiqi ilə məşğul olmaq və ya rəqs etmək – insanın özünü daha yaxşı hiss etməsinə kömək edə bilər. Əsas şərt bu məşğuliyyətlərin məcburiyyətə deyil, zövqə çevrilməsidir.
İncəsənət tibbi müalicəni əvəz etmir, lakin sağlam həyat tərzini tamamlaya bilər.
Sunay Aydın