Azərbaycanda Milli Yaşıl Taksonomiyanın təsdiqlənməsi və yaşıl maliyyələşmə mexanizmlərinin genişlənməsi qiymətləndirmə sektorunun qarşısında yeni vəzifələr qoyur. Bərpa olunan enerji obyektlərindən tutmuş yaşıl binalara, elektrik avtomobillərindən kənd təsərrüfatı torpaqlarına qədər müxtəlif aktivlərin dəyərinin müəyyənləşdirilməsində ekoloji və enerji göstəriciləri də nəzərə alınmalıdır. Bu isə qiymətləndirmə metodologiyasının yeni iqtisadi reallıqlara uyğunlaşdırılmasını zəruri edir.

AzPost xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Yaşıl maliyyə və karbon kreditləri üzrə koordinatoru Riad Əliyev bildirib.

Onun sözlərinə görə, 1 may 2026-cı ildə Nazirlər Kabinetinin 126 nömrəli qərarı ilə Milli Yaşıl Taksonomiyanın təsdiqlənməsi maliyyə qurumları, investorlar və şirkətlər üçün iqtisadi fəaliyyətlərin ekoloji meyarlara uyğun təsnifatına yeni çərçivə yaradıb. Bu sənədin tətbiqi ilə yaşıl layihələrin maliyyələşdirilməsi, risklərin qiymətləndirilməsi və hesabatlılıq proseslərində aktivlərin dəyərinin düzgün müəyyənləşdirilməsi daha böyük əhəmiyyət qazanacaq.

Riad Əliyev qeyd edib ki, yaşıl iqtisadiyyatın müxtəlif istiqamətlərində qiymətləndirmənin konkret tətbiq sahələri var. Bərpa olunan enerji sektorunda günəş və külək elektrik stansiyaları, enerji saxlama sistemləri, eləcə də kənd təsərrüfatı torpaqlarında yerləşən enerji obyektləri ayrıca qiymətləndirmə yanaşması tələb edir. Enerji səmərəliliyi sahəsində binaların enerji göstəriciləri və enerji pasportları onların bazar dəyərinə təsir edən amillərə çevriləcək.

“Yaşıl iqtisadiyyatı yalnız günəş və külək elektrik stansiyaları ilə məhdudlaşdırmaq olmaz. Su təsərrüfatında anbar və kanalların tikintisi zamanı torpaqların alınması, köçürülmə və kompensasiya məbləğlərinin hesablanması, çirklənmiş torpaqların bərpadan əvvəl və sonrakı dəyərinin müəyyən edilməsi də qiymətləndirmənin birbaşa iştirak etdiyi proseslərdir. Eyni zamanda elektrik və hibrid avtomobillərin qalıq dəyəri, suvarılan torpaqların və bioloji aktivlərin qiymətləndirilməsi, təkrar emal və tullantıdan enerji istehsalı müəssisələrinin dəyərinin müəyyənləşdirilməsi yeni metodoloji yanaşmalar tələb edir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, yaşıl binaların qiymətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. LEED, EDGE və BREEAM kimi beynəlxalq sertifikatlara malik obyektlərin enerji səmərəliliyi, istismar xərcləri və ekoloji göstəriciləri onların bazar dəyərinə təsir edə bilər. Lakin bu təsir avtomatik olaraq qiymət artımı kimi qəbul edilməməli, real bazar məlumatları və obyektin xüsusiyyətləri əsasında əsaslandırılmalıdır.

Riad Əliyev əlavə edib ki, biomüxtəlifliyin qorunması və ekosistem xidmətlərinin iqtisadi dəyərinin müəyyənləşdirilməsi də gələcəkdə qiymətləndirmə sektorunun yeni istiqamətlərindən birinə çevrilə bilər. Bu sahədə metodologiyaların hazırlanması təbii resursların iqtisadi qərarlarda daha obyektiv nəzərə alınmasına imkan verəcək.

AQC rəsmisi yaşıl maliyyələşmədə bankların roluna da diqqət çəkib. Bildirib ki, bankların yaşıl kredit portfellərinin genişlənməsi bu kreditlər üzrə girovların qiymətləndirilməsinə xüsusi tələblər yaradır. Bu baxımdan AQC yanında fəaliyyət göstərən Bank Ekspertlər Şurası yaşıl kreditlər üzrə girov qiymətləndirməsinin metodoloji prinsiplərinin hazırlanmasında, müvafiq tövsiyələrin formalaşdırılmasında və banklarla peşəkar qiymətləndiricilər arasında əməkdaşlığın qurulmasında iştirak edə bilər.

“Yaşıl layihələrin maliyyələşdirilməsində yalnız layihənin ekoloji meyarlara uyğunluğu deyil, onun iqtisadi dəyəri və təminatının real bazar dəyəri də düzgün müəyyən edilməlidir. Mərkəzi Bankın ESG risklərinin kredit risklərinin idarə edilməsinə və korporativ standartlara inteqrasiyası istiqamətində nəzərdə tutduğu yanaşmalar da bu məsələnin aktuallığını artırır. Banklar yaşıl kreditlər üzrə girovun qiymətləndirilməsində enerji səmərəliliyi, ekoloji risklər və aktivin uzunmüddətli iqtisadi göstəricilərini nəzərə almalıdırlar”, – deyə Riad Əliyev vurğulayıb.

Ekspert qanunvericilik sahəsindəki yeniliklərin də qiymətləndirmə fəaliyyətinə birbaşa təsir göstərəcəyini bildirib. Onun sözlərinə görə, Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsində su təsərrüfatı, torpaq münasibətləri, ipoteka və qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericilik aktlarına birgə dəyişikliklərin müzakirəyə çıxarılması bu sahələrin qarşılıqlı əlaqəsini göstərir. Binalar üçün enerji pasportlarının tətbiqi, iqlim qanunvericiliyi təşəbbüsləri və ESG üzrə milli standartların hazırlanması da qiymətləndirmə hesabatlarında istifadə olunan məlumatların əhatəsini genişləndirəcək.

Riad Əliyev hesab edir ki, bu dəyişikliklərə hazırlıq məqsədilə qiymətləndiricilər üçün yaşıl aktivlərin qiymətləndirilməsi üzrə ixtisaslaşmış təlimlər keçirilməli, milli metodoloji tövsiyələr hazırlanmalı və ESG meyarlarının qiymətləndirmə hesabatlarında tətbiqi üzrə vahid yanaşma formalaşdırılmalıdır.

O, Azərbaycanın 2030-cu ilədək beş əsas milli prioritetindən biri kimi müəyyən edilmiş təmiz ətraf mühit və “yaşıl artım” hədəfinin qiymətləndirmə peşəsi üçün də yeni imkanlar yaratdığını qeyd edib.

“Yaşıl iqtisadiyyata keçid yalnız yeni investisiyalar və maliyyə alətləri demək deyil. Bu prosesdə torpağın, tikilinin, enerji obyektinin, təbii resursun və digər aktivlərin dəyəri düzgün müəyyənləşdirilməlidir. Yaşıl Taksonomiyanın tələblərinə uyğun fəaliyyətlərin maliyyələşdirilməsi üçün müstəqil qiymətləndirmə və etibarlı məlumat bazası vacibdir. Qiymətləndiricilərin qarşısında duran əsas vəzifə ekoloji göstəriciləri iqtisadi dəyərlə əlaqələndirmək, bu nəticələri şəffaf və əsaslandırılmış hesabatlarda əks etdirməkdir”, – deyə Riad Əliyev fikrini yekunlaşdırıb.