Alimlər Cəlal Əliyevin məzarını ziyarət ediblər –FOTO

Oktyabrın 5-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

AMEA-dan bildirilib ki, əvvəlcə institutun əməkdaşları Fəxri xiyabanda görkəmli şəxsiyyət və ictimai-siyasi xadim, böyük alim-pedaqoq, akademik Cəlal Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova akademik Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Cəlal Əliyev məktəbinin yetirmələrinin qazandığı nailiyyətlər məhz müəllimlərinin diqqəti, qayğısı və fədakar əməyinin nəticəsidir. Sevindirici haldır ki, Cəlal Əliyev məktəbinin tələbələri yeni alim nəsli yetişdirməklə bu çətin və şərəfli işdə öz müəllimlərinə layiq olmağa çalışırlar.

AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev və başqaları müəllimləri Cəlal Əliyevin ciddi və tələbkar müəllim olması ilə yanaşı, eyni zamanda, tələbələri ilə qayğıkeş, mehriban rəftarı, səmimi tələbə-müəllim münasibəti yaratmaq bacarığını vurğulayıblar. Qeyd olunub ki, akademik Cəlal Əliyev məktəbinin davamçılarının hazırda həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda – ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Fransa və başqa ölkələrin nüfuzlu universitetlərində uğurla öz elmi fəaliyyətlərini davam etdirirlər.

Tədbir daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda davam etdirilib.

Əvvəlki məqalə

“Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır”

Sonrakı məqalə

Azərbaycanda daha 108 nəfər COVID-19-a yoluxub