“Arşın mal alan”da oynamaqdan imtina etdim…“Komedixana”ya baxıram” –XALQ ARTİSTİ YASİN QARAYEV (MÜSAHİBƏ)

Azərbaycanın tanınmış teatr və kino aktyoru, “Qızıl Dərviş” mükafatı laureatı,  Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Yasin Qarayev Azpost.info-ya müsahibə verib.

 

-Yasin müəllim, ilk sualım sizin doğum gününüzlə bağlıdır. Müxtəlif görüşlərdə, söhbətlərdə bildirmisiniz ki, sizin əsl doğum gününüz iyulun 21-dir. Amma sənəddə atanızın vəfat etdiyi gün -22 may qeyd olunub.

İldə iki dəfə doğum günü keçirmək necə hissdir?

Rəhmətlik anam Zinhar xanım deyirdi ki, atam Mikayıl Qarayev həyatda cəmi-cümlətani 28 il yaşayıb. Mikayıl müəllim o, dövr üçün Şəmkirin sayılıb seçilən ziyalılarından biri imiş. Ədəbiyyatımızın klassik aşığı sayılan Yahya bəy Dilqəmin doğulduğu  Şəmkirin Dəllər-Cırdaxan kəndində anadan olub. Mikayıl müəllim İkinci dünya müharibəsi başlayan kimi könüllü cəbhəyə gedib və əl barmağından yaralandığı üçün onu cəbhədən təxris edib, evə buraxırlar. Evə qayıdan kimi onu kənd orta məktəbinə müdir təyin edirlər. Bir müddət işləyir. Amma 1946-cı il may ayının 22-də əlində olan yaranın qanqrenasından dünyasını dəyişir.

İki ay sonra isə, yəni iyul ayının 21-də mən dünyaya gəlmişəm.

O, vaxtlar atamın bibisi Nabat nənə (biz ona  Nabat bibi deyirdik) sosial müdafiə idarəsində məsul bir vəzifədə işləyirmiş. Nabat bibi mənim yaş kağızıma qardaşı oğlu Mikayıl Qarayevin ölüm tarixini yazıb. Mən də o, vaxtdan 22 -mayı atamın anım günü, 21-iyulu isə özümün doğum günü kimi qeyd edirəm.

1974-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışırsınız. Sizin bir çox həmkarlarınız Akademik Milli Dram Teatrına gedib və ya fəaliyyətlərini müxtəlif vəzifələrdə davam etdiriblər. Yasin Qarayev nə zamansa GTT-dan getməyi, başqa teatrda və ya vəzifədə çalışmağı düşünüb?

– Dəfələrlə rəhmətlik Həsənağa Turabov və Əliabbas Qədirov mənə Akademik Milli Dram Teatrında işləməyi təklif ediblər.

Lakin özümə ustad saydığım Hüseynağa Sadıqov həmişə deyərdi: – “Yasin, bala, sənin boy-buxunun və bütün imkanların bu teatra uyğundur. Qulağında sirğa elə! Uğurları bu teatrda qazanacaqsan. Bu teatrı heç bir teatra dəyişmə!”

Siyavuş Aslan da dəfələrlə demisdi:- “Sənin yerin “Muzkomediyadır”.

Əliqismət Lalayev də teatra müdir gələn kimi, mənə Musiqili Teatrda işləməyi təklif etdi. Lakin ustadım Hüseynağa müəllimin nəsihəti mənim üçün bütün təkliflərdən üstün oldu.

 

Yasin müəllim, gözəl aktyorluq məharəti ilə yanaşı, həm də ürəyəyatan səsiniz olub. İncəsənət İnstitutunun musiqili komediya fakultəsini bitirmisiniz. Cavanlıq illərində səsinizi GTT-nın tamaşalarından başqa hansısa səhnədə, məsələn Musiqili Komediya Teatrı, Opera Teatrı və ya digər məcrada sınamısınızmı?

-Mən ilk dəfə, 16 yaşım olanda  texniki peşə məktəblərinin 3-cü Respublika festivalında iştirak etmişəm.Yekun konserti Opera və Balet teatrında oldu. “Nazlana–nazlana” mahnısını ifa edib, 3-cü  yeri qazandım. Gənc Tamaşaçılar Teatrında  işlədiyim vaxtlarda Opera və Balet Teatrı  Üzeyir bəyin “Arşın mal alan” operettasını hazırlayırdı. Baş rejissor Hafiz Quliyev Vəli rolunu ifa etmək üçün məni, teatra dəvət etmişdi. Tərəf müqabilim xalq artisti Gülyaz Məmmədova ilə Telli-Vəli duetini oynayacaqdıq. Bir müddət məşq etdik. Amma baş rejissorun klassik forma yozumu məni qane etmədiyi üçün, Vəli rolunu oynamaqdan imtina etdim.

İncəsənət İnstitutunda görkəmli müəllimlərdən sənət dərsləri almısınız. Bir neçə ay əvvəl Həsən Əblucun yubiley gecəsindəki çıxışınızda rəhmətlik müəlliminiz, Müxlis Cənizadə haqqında maraqlı xatirələr danışmışdınız. Müxlis müəllimin sizi əvvəllər istəmədiyini, amma sonralar sizə beş qiymət yazdığını demişdiniz. Daha hansı müəllimləriniz haqqında yaddaqalan, maraqlı xatirələriniz var?

– Mən, Teatr İnstitutuna Xarici Dillər İnstitutunun ingilis dili fakültəsindən gəlmişdim. Fərq imtahanlarında Müxlis Cənizadə “Qarğa və tülkü” təmsilinə və “Sərçə” hekayəsinə görə mənə 5 (əla) yazmışdı.

Kursumuzdakı tələbələrin hamısının yaxşı səsi var idi. Yəqin aktyor tələbə kimi mən ümidverici olmuşam. Odur ki, Müxlis müəllim ən çox mənimlə məşğul olurdu. Xəstə olanda, Hərbi hospitalda müalicə olunurdu. Ona baş çəkmək üçün hospitala getmişdik. Həmin gün etiraf etdi ki, “Məni bilə-bilə incidib ki, bəlkə məndən bir şey çıxa…” Diplom tamaşası kimi  “Arşın mal alan”-ı oynamışdıq. Kurs rəhbərimiz Rza Təhmasib idi. Hamı bilir ki, birinci “Arşın mal alan” filminin rejissoru Rza Təhmasib olub. Mənim ifa etdiyim Vəli rolu çox xoşuna gəlmişdi. Hətta “Elmi Kommunizm” fənnindən mənə qiymət yazmayan müəllimə: “Mən burada elmi kommunizm yox, aktyor hazırlayıram” demişdi… Allah ona qəni-qəni rəhmət eləsin. Mənə elmi kommunizmdən 4 (yaxşı) yazdırdı. Mənim gözəl müəllimlərim olub. Rza Təhmasib, Müxlis Cənizadə, Səftər Turabov, Şəfiqə Axundova, Gülarə Əliyeva, Rauf Kazımovski, Rəhilə Cabbarova, Həsən Əbluc, Əliabbas Qədirov v.b.

– Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov sizə dərs deməyib?

– O, dövrdə kurslar  Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov və Rza Təhmasib arasında bölünmüşdü. Bizim kursun rəhbəri 1967-ci ildən, 1973-cü ilədək Rza Təhmasib oldu. Bir faktı da deyim ki, əvvəllər Musiqili Komediya aktyorluğu fakultəsinin rəhbəri Soltan Dadaşov olub. Xəstə olduğu üçün kursu Rza Təhmasibə həvalə etmişdilər. Soltan Dadaşov 1969-cu ildə vəfat etdi. Ağəli Dadaşov da var idi. O, da 1973-cü ildə dünyasını dəyişdi.

Yasin müəllim, geniş tamaşaçı kütləsi sizi “Komediyalar aləminə səyahət” verilişi ilə tanıyıb və çox sevib. Həmin verilişdə nümayiş edilən  səhnəciklərdə GTT-nın böyük aktyorları Osman Hacıbəyov, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Məmmədağa Dadaşov, Susanna (Süsən) Məcidova və b. ilə tərəf müqabili olmusunuz. Həmçinin GTT-nın ustad sənətkarları Yusif Vəliyev, Firəngiz Şərifova və başqaları ilə dəfələrlə eyni səhnəni paylaşmısınız. Hər sənətkarın özünəməxsus xüsusiyyətləri olub. Burası bəllidir. Bir az o, illərdən, dünyasını dəyişən böyük sənətkarlardan danışın…

– Mən, teatra gələndə teatrın baş rejissoru Azərbaycanda ilk qadın rejissor olmuş Ulduz Rəfili ( Əliyeva) idi. Çox savadlı, istedadlı və xeyirxah qadın idi, Ulduz xanım.  Həyat yoldaşı nazir olduğundan maddi imkanı yaxşı idi. Aktyorlara ana nəvazişi ilə qayğı göstərərdi. Kimin nəyə ehtiyacı olsa xahişsiz və təmənnasız yerinə yetirirdi. Fikir verərdi, kiminsə kostyumu, köynəyi, ayaqqabısı köhnə olanda paltar sexindən o, adamın ölçüsünü götürüb, heç kimin xəbəri olmadan, ad gunundə və ya bayramda onu sevindirərdi. Evi olmayanları evlə təmin edərdi.  O, zamankı kollektivin hər bir üzvü haqqında dastan yazaram. Həmin xeyirxahlığın bir başqa forması da Hüseynağa Sadıqovda vardı. Hüseynağa Sadıqov xalq və dövlət tərəfindən çox tanınırdı. Radionun “Xoruz baba” verilişindən məşhur olmuşdu. Küçədə onunla gedəndə hamı dönüb ona baxar, onunla görüşər, salamlaşıb, aftoqraf alardılar. Mən də sevinc və qürur hissi keçirirərdim. Və düşünürdüm ki, gorəsən mən də belə məşhur ola bilərəmmi? Kimin müşkül bir işi olsa  Hüseynağa müəllim onun qabağına düşüb gedər və mütləq o, işi düzəldərdi…

Gözəl aktyorumuz Süleyman Ələsgərov isə tam başqa çur adam idi.Vağzala yaxın, yazıçı-alim Əzizə Cəfərzadə ilə bir həyətdə yaşayırdı. İşdən çıxan kimi dükan -bazara gedib, həyətin pişiklərinə yemək alardı. Sonra da həyətdəki bütün pişikləri yedirərdi. Bir dəfə də damda pişikləri yemləyəndə ayağı sürüşüb yıxılmışdı. Qolu sınmışdı. Qolunun sındığına görə, uzun müddət işə gələ bilmədi. Yadımdadır, “Hacı Qəmbər” tamaşasının fasiləsində də teatrın həyətinə düşərdi. Həyətdəki pişikləri yemləyib sonra yuxarı qalxardı.  Süleyman müəllim “Hacı Qəmbər”i oynayırdı. Ev səhnəsində bir də görürdün ki, pişik səhnəyə çıxıb və gəlib oturub Süleyman müəllimin qucağında. Mən, tamaşaçıların bu səhnəni dəfələrlə alqışlamasının canlı şahidiyəm.

Süleyman Ələsgərov çox maraqlı insan idi. İctimai iş apardığımızdan həmişə bir otaqda oturardıq. O, ilk partiya təşkilatı katibi, mən də yerli Həmkarlar İttifaqı komitəsinin sədri idim. Süleyman Ələsgərov və Məmmədağa Dadaşov rollarını ərəb əlifbası ilə yazırdılar. Məmmədağa Dadaşov xatirə yazmağı xoşlayırdı. Teatrımızın ən düzgun tarixini Məmmədağa Dadaşov bilirdi.  Mən, 1991-ci ildə  Əməkdar artist fəxri adını alanda,  Məmmədağa Dadaşov Xalq artisti adını gözləyirdi. Ayaz Mütəllibovun vaxtı idi. Məmmədağa Dadaşova Fəxri fərman diplomu verdilər. Ona verilən nişan və kitabçanı mənə bağışladı: “Cırdaxan, al, bunları sənə bağışlayıram” dedi. İllər ötdü. Günlərin birində mən də həmin nişanla kitabçanı onun 100 illik yubileyində, xatirə gecəsini hazırlayan Nicat Kazımova verdim və onu da dedim ki,  “Kişinin əli yünğül idi. Mən bütün fəxri adları aldım. Növbə sənindir”  Həqiqətdə də Nicat çox keçmədən, Əməkdar artist fəxri adına layiq görüldü. Sonra Nicat mənə dedi ki: “Xalq artisti fəxri adını alan kimi nişan və kitabçanı mən də cavanlardan birinə bağışlayacam”…

Məmmədağa Dadaşov, Şəmkirin Dəllər-Cırdaxan kəndində doğulduğum üçün mənə “Cırdaxan” deyirdi. Hətta Fikrət Sadığın yazdığı tamaşada o, “Xan” mən də “Xırda xan”ı oynayırdım. Tamaşada “Xırda xan” əvəzinə, məni “Cırdaxan” deyə çağırırdı…

Susanna (Süsən) Məcidova bir aləm idi. Savadı yox idi. Dörd sinif oxumuşdu. Amma elə bil ki, Akademiya bitirmişdi. Duzlu-məzəli söhbətlərindən doymaq olmurdu. Oynadığı tamaşalarda yerli-yerində improvizələr bacarığı vardı. Qastrollarda cavanlara ana qayğısı göstərərdi. Gördüyüm yeganə qadın idi ki, 50 yaşında dünyaya uşaq gətirdi. Ceyhun adında bir oğlu vardı. Həyat yoldaşı Əlibaba mənə qədər teatrda aktyor olmuşdu. Teatrın aktrisası Tahirə Məcidova onun qardaşı qızı idi…

Susanna xanım (Süsən Məcidova) sözsüz rolların ustası idi.  “Şirin bala bal yığır” tamaşasında, Susan xanımın sözsüz səhnəsi var idi.  Ərinin qabağına çay qoyub gedirdi. Həmin səhnədə tamaşaçılar onun yerişinə əl calırdılar. Allah vergili sənətkar idi. Budur sənətin gücü!

Mən, teatra yeni gələndə,  Tariyel Qasımov, Xuraman Hacıyeva,Ədalət Məmmədov artıq  tamaşalarda öz sözlərini demişdilər. Tariyel Qasımov “Söhrab və Rüstəm” də  “Söhrab”, Ədalət Məmmədov “Ovod”da Arturun cavanlığını, Xuraman Hacıyeva isə “Cemma”nı oynayırdılar.

Yusif Vəliyev “Söhrab və Rüstəm”də “Rüstəm”i, “Ovod”da Arturun yaşlı vaxtını oynayırdı.

Firəngiz Şərifova  “Söhrab və Rüstəm” tamaşasında “Təhminə”ni oynayanda tamaşaçı onun səhnə görkəminə, məlahətli səsinə və cəlbedici oyun tərzinə valeh olurdu. Bu sözləri Tariyel Qasımov, Xuraman Hacıyeva və Ədalət Məmmədov haqqında da demək olar.

Yusif Vəliyevə gəldikdə isə… Mən, Yusif Vəliyevi Azərbaycanın bir nömrəli aktyoru sayıram.Rus dilində rusdan yaxşı danışırdı. Teatrın rus bölməsində “İnqilab naminə” tamaşasında Lenin rolunu Xalq artisti Siqankovdan on dəfə yaxşı oynayırdı. Yusif Vəliyev bəstəboy aktyor idi. Amma səhnəyə çıxanda elə bilirdin ki, üstünə nəhəng bir dağ gəlir. “Ovod” tamaşasında onun Cemmaya olan məktubu səslənirdi. İnanın,  beş dəqiqə müddətində zalda elə səssizlik yaranırdı ki, milçək uçsa səsi gələrdi. Onun səsində bir şehir, bir tilsim var idi…

Osman Hacıbəyov əslən Şuşalıydı.  Üzeyir bəy Hacıbəylinin qardaşı oğlu, həm də böyük bəstəkar Soltan Hacıbəyovun qardaşı idi. Ən mahir parodiya ustası idi. İkicə dəqiqə söhbət elədiyi adamı elə təqlid edərdi ki, adamın matı-mutu quruyardı. Kino və televiziya meyli yox dərəcəsində idi. Güclü müşahidəsi vardı. Elə həmin müşahidənin hesabına da bütün rollarını yaddaqalan etməyi bacarırdı. Səhnədə çox sərbəst idi. Bir saniyənin içində sifət mimikasını bir neçə cildə salmağı bacarırdı.  Səhnədə xam, cavan aktyorları imtahana çəkməyi çox sevirdi. Arxası tamaşaçıya olan zaman gözləmədiyin sözü deyib, adamın “atasını yandırırdı”.

“Komsomol poeması”nda o, “Gəray bəy” mən də “Cəlal”ı oynayırdım. “Cəlal”ı yatdığı yerdə güllə ilə vuranda, mən durub iki qat olub, “Gəray bəy!” deyib, səhnədə fırlanırdım. Arxası tamaşaçıya olanda gülümsəyib, “Nədi başına dönüm, noldu, tamaşadır də oynayırıq”- deyirdi. Tamaşadan sonra isə deyirdi ki: “Səni imtahana çəkirəm ki, sərbəstliyə alışasan”.

Azərbaycanda üç nəhəng bədii qiraət ustası olub. 1-ci Kazım Ziyadır ki, tələbə kimi davamçısı Müxlis Cənizadəni yetişdirib. Müxlis Cənizadə də Həsən Əblucu öz yerinə hazırladı. Həsən Əbluc da özünün və Müxlis Cənizadənin  bütün tələbələrini sevər və onlara kömək edərdi. Həsən müəllim teatra gələn kimi Qeybulla Rəsulovun “Şəhərli oğlan” tamaşasını hazırladı və mənə baş rol- Elşən obrazını tapşırdı. Sonra İşi Məlikzadənin “Sağlıq olsun” tamaşasında baş rol-Əziz surətini mənə verdi.  Bir sözlə, hansı tamaşanı hazırlasa baş rolu mənə həvalə edirdi. Odur ki, bir müddətdən sonra teatrda mənə-“Həsənin artisti” deyirdilər.

 

 

“Qız atası”nın aşıq Nəroğlan”ı, “Hacı Qəmbər”in Aşıq Vəli”si. Sizi televiziya tamaşaçılarına sevdirən iki aşıq obrazı və Yasin Qarayevin əlindən düşməyən saz aləti. Saza, sözə vurğunluğunuz Şəmkir elində doğulmağınızdan irəli gəlir, yoxsa gözəl səsiniz olduğuna görə sizə ən yaxını fikirlərinizi aşıq obrazı ilə tamaşaçıya çatdırmaq olub?

– Şəmkir camaatı aşıq sənətini və aşığı çox sevir. Elə mən də sazı və sözü sevən adamam. Aşıq İmranın sazında sanki bir orkestr səsi vardı. Əkbər Cəfərovun zil və güclü səsinin, nəfəsinin 30-luq neft lampasını şöndurdüyünü görmüşəm. Şəmkirin aşıqları Teymur və aşıq Çobanın Tovuzlu  Mikayıl  Azaflının  qoşmaları ilə formalasmısam. Bu ustadlar mənə sazı və sözü sevdiriblər…

Son illər səhnədə sizi az-az görürük. Şəxsən mən, sonuncu dəfə “Sarıköynəklə Valehin nağılı” tamaşasında Balaəmi və “Qohumlar” tamaşasındakı rolunuzu seyr etmişdim. Teatrdan fərqli olaraq gənc aktyorların çəkdikləri səhnəciklərdə, kommersiya filmlərində daha aktiv görünürsünüz. Bu nədən irəli gəlir? Darıxırsınız? Maddi çətinliklər var?  Yoxsa yenilik axtarırsınız?

Tək mən yox, ahıl aktyorların hamısı son zamanlar mənim kimi səhnədə az-az görsənirlər. Elə iki illik pandemiya dövrü insanları böyük bir imtahan və sınaqla üzləşdirdi. Şükür Allaha, maddi çətinliyim yoxdur. Möhtərəm prezidentimiz məni fərdi təqaüd və mənzillə təmin edib. Kommersiya filmlərinə getməyim darıxmaqdan irəli gəlir. Duz otuz il yaradıcılığıma ilham verən Qarabağdan gen düşdüm. Bir aktyor kimi müşahidəni çox sevirəm. Müsahidələrimdən də gen düsdüm. Mən, yaradıcı gənclərlə təmasda olmağı da çox sevirəm. Məsələn, vaxtilə Rəfael və Coşqunun ilk dəfə filmə çəkilməyinə vasitəçi olmuşam.  Onların istedadı danılmazdır. İşi Məlikzadənin “Gəl,qohum olaq” televiziya filminə Rəfaeli məsləhət bilib dəvət eləmişəm. Mən, Rəfaelin oynadığı Qarakişi obrazını 18 il teatrda ifa etmişəm. “Gəl, qohum olaq” tamaşasını İşi Məlikzadə mənim üçün yazmışdı. Məşq elədik, hazırlaşdıq gözəl bir iş alındı. Sonra Mirzə ağa Atəşin  “Şərəfin sandığı” pyesi əsasında ssenari yazıb, çəkilişə başladıq. Filmin adını “Gəlinlər” adlandırdıq. Həmin tamaşada mənə həvalə olunan rolu  Coşquna verib, özüm isə ikinci rejissor oldum. Bu gün İlkin Miskərli və Nicat Rəhimov özlərinin improvizə qabiliyyətləri ilə seçilən aktyorlardır.

Bir də ki, mən komediyanı çox sevirəm.

Nədənsə son dövrlər teatrlarda komediya janrına az yer ayırırlar. Axı, bizim milli teatrımız ilk dəfə komediya ilə təşəkkül tapıb. Bu gün “Komediaxana” verilişinə baxıram. Hərə bir söz deyir. Elə bil ki, bəyənməmək xəstəliyinə tutulmuşuq. Heç birini tanımıram. Di gəl ki, aktyor, ssenarist Ənvərin açıq aydın parlaq istedadı göz qabağındadır.

Yaxşıya yaxşı deyərlər dəə…

– Yasin müəllim, sizi tez-tez musiqili verilişlərdə görürük. Əsasən də rəhmətlik, Məhəbbət Kazımovla bağlı proqramlarda. Sizin dostluğunuz, yoldaşlığınız necə başlamışdı?

İlk dəfə Məhəbbət Kazımovla Montin bazarının yanında olan balaca bir kafedə keçirilən, toyda tanış olmuşam.  Toyun müğənnisi Məhəbbət idi.  Onda Məhəbbət, hələ Asəf Zeynallı adına texnikumda oxuyurdu. Tələbə idi. Mən də teatrda işləyirdim. İlk tanışlıq, sonra yoldaşlıq və uzun sınaqlardan sonra yoldaşlığımız möhkəm bir dostluğa çevrilmişdi. Allah qəni-qəni rəhmət eləsin!

Böyük sənətkar və  yaxşı da insan idi.

-Yasin müəllim, son sual -Azərbaycan teatrına, kinosuna həsr olunub. Son illərdə Azərbaycan teatrının, əsasən də ömrünüzün 50 ilini həsr etdiyiniz GTT-nın durumunu necə qiymətləndirirsiniz?

Kinomuzun, teatrımızın hazırki vəziyyəti, gedişatı sizi qane edir?

-Ümidsizliyə qapılmaq olmaz. Hər şeyi vaxt və zaman həll edir. Təbiətdə də belədir. Görürsünüz, dünən göy guruldayırdı. Şimşək çaxdı. Amma şimşəkdən sonra  təmiz, saf yağış yağdı. Səhəri gün isə göy üzü çox sakit və hava da çox təmiz idi. İnşallah, çox keçməz ki, bu gözəllik və təmizlik kinomuzda və teatrlarımızda da olacaq!

Sonda, ürəyimdə olan fikirlərimi oxucularımızla bölüşüm.

Azərbaycan əsgəri və Ali Baş Komandanımız tarixdə misli görünməyən 44 gunluk zəfər qələbəsi əldə etdilər. Ən böyük arzum torpaqlarımızın azad olunmasını görmək idi.  Şükürlər olsun ki, bu arzuma çatdım. Ömrümün bu ahıl çağında yeganə istəyim, Vətənimizə tam azadlıq, insanlarımıza isə dinclik və firavanlıq arzulamaqdır.

Ülviyyə Həsənqızı

Azpost.info

 

 

Əvvəlki məqalə

“Gestapo”nun hərəkətlərinə bənzəyir”

Sonrakı məqalə

Almaniya daxili işlər naziri Kliçko ilə bu görüntülərinə görə üzr istədi