“Avropa İttifaqı ilə assosiasiya sazişinə qoşulmadıq” –

İLHAM ƏLİYEV
12 Yanvar 2022 - 21:29

“Prezident Şarl Mişelin Azərbaycana səfəri və burada keçirdiyim görüş çox müsbət idi. Brüsseldə keçən ay keçirdiyimiz görüşlə bağlı eyni sözləri deyə bilərəm”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində “Cənab Prezident, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri barədə də soruşmaq istəyirəm. Ötən ilin iyul ayında Avropa İttifaqının Prezidenti Azərbaycana gəldi. Siz isə dekabr ayında Brüsselə getdiniz. Bakı-Brüssel əlaqələrinin perspektivini necə qiymətləndirirsiniz?” sualına cavabında deyib.

“Bizim üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planlarımızı düzgün tərtib etmək idi. Mən bunu dəfələrlə keçmiş rəhbərliklə görüşlər əsnasında dilə gətirmişdim. Deyirdim ki, bilirsiniz, bizim hər hansı bir xüsusi gözləntilərimiz yoxdur. Bildiyiniz kimi, biz assosiasiya sazişinə qoşulmadıq. Bu gün həyat göstərir ki, haqlı idik. Çünki qoşulan o biri ölkələr haqqında mən indi bir şey demək istəmirəm. Əgər biz real baxsaq bu assosiasiya sazişi nə verdi?! Əlbəttə ki, sual doğurur. Yəni, üzvlük perspektivi varmı? Yoxdur. Yəni, yaxın gələcəkdə və orta müddətli gələcəkdə yoxdur. Hansısa başqa imtiyazlar varmı? Bilmirəm. Hər halda yenə də deyirəm. Bizim mövqeyimiz həmişə realist olub. Deyirdim ki, biz gərək həyata keçirə bilmədiyimiz şeylərin, necə deyərlər, ətəyindən yapışmayaq. Real. Biz istəyirik ki, Avropa ilə daha yaxın əlaqələr olsun. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Hesab edirəm ki, cənab Mişellə görüşlər əsnasında biz bu gündəliyi formalaşdıra bildik. Ümid edirəm, bu müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni sazişi də tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Bir neçə maddə var ki, orada fikir ayrılığı var. Amma hesab edirəm ki, ciddi iradə göstərilərsə, hər iki tərəfdən buna biz nail ola bilərik”, – dövlət başçısı qeyd edib.