Avropa İttifaqının nümayəndəsi:

“Yeni sazişin imzalanması üçün yaxşı zəmin var"
04 Oktyabr 2019 - 11:38

“Azərbaycanda sosial müdafiə sahəsi ən ciddi dəyişikliklər ilə fərqlənən sahədir. Pensiya islahatı, sosial xidmətlərlə bağlı layihələrin icrası, DOST Agentliyinin yaradılması buna nümunədir”.

Bunu “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin bağlanış mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, təhsil, insan kapitalı sahəsinə yatırımların edilməsi və bunun gələcək məşğulluqla əlaqələndirilməsi ehtiyacların qarşılanması gələcəyə aparan yol deməkdir: “Avropa İttifaqı bu işlərdə iştirak etməkdən məmnundur. Biz hər zaman qabaqcıl təcrübəni paylaşmağa hazırıq. Azərbaycan ilə Aİ arasında əməkdaşlığın artması üçün çox imkanlar olacaq”.

Səfir bildirib ki, Azərbaycan ilə Aİ arasında yeni əməkdaşlıq sazişinin imzalanması üçün artıq çox yaxşı zəmin var: “Köhnə sazişin imzalanmasından 20 il vaxt keçib. Yeni tərəfdaşlıq sazişi daha mütərəqqi layihələrin təşəkkül tapması üçün bir bünövrə olacaq. Biz hazırda İqtisadiyyat Nazirliyi ilə növbəti iki il üçün əməkdaşlıq sazişinin imzalanması üzərində işləyirik. Ümid edirik ki, bu il o da gercəkləşəcək”. (APA)