“Avropaya qaz tədarükü üçün lazımi nəqletmə imkanları yoxdur” –SOCAR-ın birinci vitse-prezidenti

“Artan tələbat fonunda Azərbaycanın Avropaya qaz tədarükünün artırılması üçün tam imkanları var. Buna baxmayaraq, artan tələbatı təmin etmək üçün hazırda lazımi nəqletmə imkanları yoxdur”.

“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf Baki Enerji Forumunda çıxış edərkən deyib. O bildirib ki, Azərbaycan ötən ildən Trans-Adriatik qaz kəməri vasitəsi ilə (Canub Qaz Dəhlizi çərçivəsində) Avropaya qazın nəqlinə başlayıb: “Hazırda nəqletmə imkanlarının genişləndirilməsi üçün müvafiq işlər görülür, danışıqlar aparılır. Alternativ enerji mənbələrin inkişafına baxmayaraq, neft və qazın istehsalı öz aktuallığını qoruyub saxlayır. Öz növbəsində, tələbatı nəzərə alaraq, ənənəvi enerji daşıyıcılarının hasilatı ekoloji normaların, tullantıların azaldılması şərti ilə həyata keçirilməlidir”.

Rövşən Nəcəf onu da vurğulayıb ki, nəqletmə imkanlarının genişləndirilməsi üçün maliyyə məsələləri də həll olunmalıdır və bunun üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edilməlidir.

Əvvəlki məqalə

“Ukrayna ilə bağlı Türkiyənin vasitəçiliyindən nəticə gözləmirik” –

Sonrakı məqalə

“Azərbaycanla sülh danışıqlarında irəliləyişi dəstəkləyirik” –