“AXC iqtidarı Rusiyadan qopma məsələsində çox tələsdi” –“Demək lazım idi ki, Moskva əbədi dostumuzdur” (SABİQ SƏFİR)

1992-1993-cü illərdə Azərbaycanın Rusiyada səfiri olmuş Hikmət Hacızadə “Azadlıq”Radiosuna müsahibəsində  AXC hakimiyyətinin Moskva ilə o vaxtkı münasibətləri haqqında maraqlı məqamları açıqlayıb.

Azpost.info bildirir ki, keçmiş səfir Moskva-Bakı münasibətlərinin mürəkkəb olduğunu deyib və bunun səbəblərinə toxunub.

Onun sözlərinə görə, AXC hakimiyyəti ilə Rusiya münasibətlərdə bir sıra səhvlərə yol verdi: “Hakimyyətin böyük hissəsinin fikri bu oldu ki, biz Rusiyadan qopma məsələsində çox tələsdik. Biz gərək Qazaxstan kimi edəydik. Tədricən…”

H.Hacızadə bildirib ki, o vaxt Qazaxstan durmadan Rusiya ilə ittifaq yaradacağını bəyan edirdi: “Nazarbayev hər gün Yeltsini qucaqlayırdı, orden, qonaqlıq verirdi.  Özünü elə göstərirdi ki, mən düşmən deyiləm.  Bizimkilər isə…”Ay biz türkük, bu dəqiqə türk əsgəri gələcək,  sizi elə edəcək, belə edəcək. Sonra NATO gələcək. Bunların heç biri Rusiyanın xoşuna gəlmədi. Sonra da Sürət Hüseynov…Bu böyük səhv idi”.

H.Hacızadə deyib ki, Azərbaycana təzyiq çox böyük idi: “Bizə açıq deyirdilər ki, özünüzü çox müstəqil aparırsınız. Baxın, başınıza bəla açarsız.  Kəlbəcərə hucumlar başlayanda belə eyhamlar gəlirdi. Mən bütün bunları Bakıya ötürürdüm”.

Sabiq səfir vurğulayıb ki, münasibətlərin yaranmasında başqa addımlar atılmalı idi: “Gedib Yeltsinin həyat yoldaşının ad gününü təbrik eləmək lazım idi. Zarafatla dedim bunu…Min cür şeylər eləmək olardı. Hər gün demək lazım idi ki, Rusiya və Azərbaycan əbədi dostdur. Diplomatiya işlətəmək lazım idi”.

H.Hacızadə problemin bir kökünü o vaxt Azərbaycanda mövcud olan güclü anturus əhvalında görürb:  “Nəyə görə edə bilmədik? O zaman Azərbaycanda güclü antirus əhvalı var idi. Xüsusən 20 yanvara görə. Ona görə Moskva bir balaca addım atan kimi bizdə haray qalxırdı ki, “satıldılar”. Amma lider gərək belə təzyiqə dözə…Cavab  tapa…”

Sabiq diplomat bir hadisəni danışıb: “Rusiya ilə Azərbaycan statistik məlumatların mübadiləsi haqqında rəsmi saziş bağlamışdı.  Söhbət açıq statistik rəqəmlərdən gedir. Ruslar gətirib verdilər öz statistik məlumatlarını… Dedilər “indi gətirin siz verin”. Mən Moskvadan məktub göndərdim Bakıya ki, yazın göndərin rəqəmləri: Nə istehsal olunur, əhali nə qədərdir. Məktub gəlib Statistika İdarəsinə. Orada isə inqilab başlanır.  “Qələt edir Rusiya… Heç bir rəqəm verməyəcəyik”. Axı bunlar açıq rəqəmlərdir. Nə isə, böyük bir qalmaqal düşdü. Rusiyaya heç bir rəsmi məlumatlar göndərilmədi. Rus da başa düşdü ki, Azərbaycan onu düşmən sayır. İndi necə bizi devirməsin? Bu, bir nümunədir… Belə şeylər çox idi”.

H.Hacızadənin fikrincə, diplomatiyamız işləyə bilərdi, amma olmadı: “Biri özüm… Yeltsinin həyat yoldaşının ad günü olanda gül göndərmədim. Cəmiyyət nifrət edirdi Rusiyaya. Bir balaca addım atan kimi hay düşürdü: “Hikməti Yeltsinin qəbulunda gördük. Niyə gedib ora?” Mən axı səfirəm, ora getməliyəm də…”

Keçmiş diplomatın sözlərinə görə, eyni zamanda Qarabağda gedən müharibə, Moskvanın erməniləri dəsətk verməsi vəziyyəti mürəkkəbləşdirirdi: “Amma bütün hallarda dövlətin maraqları naminə addımlar atmaq lazım idi”.

Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olub. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirib. 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə edib.

Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin “Svoboda” qəzetinin redaktoru olub. 1992-93-cü illərdə Baş nazirin müavini və Azərbaycanın Rusiyada Fövqəladə səlahiyyətli səfiri olub.

Azpost.info

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 3,5 milyonu keçib –

Sonrakı məqalə

Moskvada son sutkada koronavirusdan 50 nəfər ölüb