Bu gün dünyada baş verən qlobal proseslər, dünya coğrafiyasının müxtəlif hissələrində gedən müharibələr bir sıra iqtisadi və siyasi çətinliklərin yaranmasına zəmin yaradır. Xüsusi ilə Rusiya-Ukrayna müharibəsi dünya bazarının idxal və ixracatına da təsirlərini göstərməkdədir.
Bu cür aktual məsələlərdən biri də dünya bazarlarında mavi yanacağa olan tələbatın durmadan artmasıdır. Belə bir məqamda bir sıra Avropa ölkələrində təbii qaza olan tələbatın artması xüsusilə nəzərə çarpır. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır bu gün Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır.
Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Müxtəlif liderlərin hakimiyyətləri dövründə Azərbaycanın ümumi xarici siyasət strategiyasında ciddi dəyişikliklər nəzərə çarpsa da, Azərbaycanın enerji siyasəti 25 il boyunca əsasən bənzər hədəflərə yönəlmişdir. Azərbaycan bu siyasətlər nəticəsində hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır.
İyirminci əsrin axırlarında müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan elə bir investisiya mühiti yaratdı ki, dünyanın bir çox aparıcı enerji şirkətləri neft və qaz sektorumuza sərmayə qoymağa başladılar.1994-cü ildə dünyanın aparıcı neft şirkətlərindən ibarət konsorsiumla “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq aləmə açdı.Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi. O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik. Digər tarixi nailiyyət qazımızın ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi oldu.
Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir.
Avropa İttifaqının gələcəkdə də qaz istehlakı idxal hesabına artmaqda davam edəcək və bu tələbatın ödənilməsində Xəzər regionu, xüsusən də Azərbaycan böyük rol oynayacaqdır. Xəzər regionunun dünya enerji məkanındakı yeri və rolu günü-gündən artır. Bu həm də onunla bağlıdır ki, Xəzər hövzəsi ölkələri enerji resursları həcminə görə dünyanın ən əhəmiyyətli ikinci (Fars körfəzi regionundan sonra) geo-iqtisadi bölgəsi hesab olunur, həm də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dünyada ən təhlükəsiz enerji məhsullarının dünya bazarlarına, istehlakçılara çatdırılması marşrutudur.
Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır.
Faktlar onu deməyə imkan verir ki, Azərbaycan bölgə səviyyəsində enerji təhlükəsizliyinin əsas təminatçısına çevriləcək. Onun rolu artdıqca geosiyasi çəkisi də artacaq. Ona görə də Azərbaycanın enerji strategiyası əhəmiyyəti böyük olan bir məsələdir.
Əminə Ağazadə
Milli Məclisin deputatı