Azərbaycan Qarabağda erməni cəsədlərinin axtarışını niyə təxirə salıb? –

Bakı minalanmış ərazilərin xəritəsini tələb edir
23 Fevral 2021 - 03:50

Dağlıq Qarabağdakı separatçı qrup Azərbaycanın azad edilmiş ərazilərində erməni hərbçilərinin meyitlərinin axtarışını qeyri-müəyyən müddətə təxirə saldığını açıqlayıb.

Azpost.info haqqın.az-a istinadən bildirir ki, bu addım səbəbsiz deyil.

Azərbaycan müharibə bitəndən dərhal sonra özü axtarış işlərinə rəvac verib və Bakının sayəsində bir neçə həftə ərzində 1485 erməni işğalçı ordusunun hərbi qulluqçusunun qalıqları tapılıb.

Bəs Bakını axtarışı təxirə salmağa nə vadar edib? Hansı motivləri Bakını öz ilkin qərarına yenidən baxmağa məcbur edib?

Azərbaycan hökümətinə yaxın dairələrdən sayta verilən məlumata görə, axtarış tədbirləri ilk növbədə hava şəraiti ilə bağlı olaraq dayandırılıb. Havanın qəfil soyuması və qar çovğunu axtarış işlərini xeyli çətinləşdirib.

Hava şəraitindən başqa axtarış işlərini çətinləşdirən daha bir amil minalanmış ərazilərdir. Geri çəkilən erməni ordusu özündən sonra böyük həcmdə minalanmış əraziləri qoyub.

Bütün yaşayış yerləri, rayon girəcəkləri, yaşayış məkanları axtarışda iştirak edən azərbaycanlı hərbçilərin həyatı üçün böyük risk yaradıb.

Ermənistan Müdafiə Nazirliyi heç bir obyektiv və tutarlı səbəb göstərmədən minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Bu isə azad edilmiş ərazilərdə cəsədlərlə bağlı axtarışlarda iştirak edən azərbaycanlı hərbiçilərin həyatı üçün ciddi təhlükə yaradır. Artıq minaya düşərək həlak olan, yaralanan hərbçilərlə bağlı faktlar var. Azərbaycanın erməni tərəfinə etdiyi müraciətlər isə müqavimətlə qarşılanır.

Paşinyan hökumətinin humanizm göstərmək xahişi ilə müraciətini Bakı rədd etmədi. Azərbaycan erməni hərbçilərinin cəsədlərinin axtarışı üçün imkan yaradıb. 1485 cəsəd qaytarılıb. Misisya bitməyib, davam edə bilər. Amma Ermənistan minalanmış ərazilərdə həyatını təhlükəyə atan azərbaycanlı hərbçilərə biganəlik nümayiş etdirir. Yerevan dərhal minalanmış ərzilərin xəritəsini təqdim etməlidir.