“Azərbaycan Rusiya ilə münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir” –

Mehriban Əliyeva
21 Noyabr 2019 - 22:34

“Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir. Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyada rəsmi səfərdə olan Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşdə bildirib.

M.Əliyeva bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur: “Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir”.

Şübhəsiz ki, iqtisadi əməkdaşlıq bizim ikitərəfli gündəliyimizin ən mühüm komponentlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur”.

Birinci vitse-prezident qeyd edib ki, göstəricilər böyük nikbinlik doğurur: “Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır. Ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Yəni, bu göstəricilər olduqca nikbindir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür”.