“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına hər cür kömək göstərməyə hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Denis Qonçar deyib.
“Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması, o cümlədən Rusiya ərazisində müvafiq üçtərəfli yüksək səviyyəli görüşlərin təşkili üçün bundan sonra da hər cür yardım göstərməyə hazırıq. Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı məqbul və uzunmüddətli həll yollarının axtarışını tələb edir”, – Qonçar bildirib.
O qeyd edib ki, danışıqların təfərrüatlarının açıqlanması və ya tərəflərin mövqelərinin mətbuatda müzakirəsi heç də həmişə faydalı olmur: “Biz həmçinin iki ölkənin ictimaiyyəti və ekspert icmaları arasında müntəzəm təmaslar hazırlayırıq. Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına töhfə vermək üçün nəzərdə tutulub”.
XİN rəsmisinin sözlərinə görə, Soçidə keçirilən sammitdə dəstəklənən üçtərəfli parlamentlərarası dialoq təşəbbüsü də münaqişənin həlli prosesinə töhfə verə bilər.
Qonçar Moskvanın Rusiyada üçtərəfli görüşlərin təşkilinə kömək edəcəyini vurğulayıb: “Müvafiq görüşlərin vaxtı yaxın vaxtlarda açıqlanacaq”.
Azpost.info