Azərbaycanda bahalı qiymətli metallar, daşların və onlardan hazırlanan məmulatların, həmçinin mədəniyyət məhsullarının alqı-satqısı nağdsız aparılacaq.
Bununla bağlı məsələ parlamentin oktyabrın 6-da keçirilən növbəti plenar iclasının gündəliyində müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişikliklərlə qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Digər dəyişikliklə, “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.11-ci maddəsinə “avtomobillər” sözündən sonra “və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar” sözləri əlavə edilir. Həmin maddədə qiymətli daşların və qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsulları adları yer alıb.