Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
İyunun 28-i və 29-u Qurban bayramı günləridir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında bildirilib ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edir.
Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər.
Bu gün məscidlərdə bayram namazı qılınacaq.
Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə maddi imkanı olan adamların qurban kəsməsi bəyənilən əməldir. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə kəsilməsi məqsədəuyğundur. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyil.
Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.