“Azərbaycanın razılığı olmasa, bu, əks nəticə verə, qıcıq yarada bilər”- Rusiya XİN

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasının göndərilməsinə indi də hazır olduqlarını bildirib.

Azpost.info xəbər verir ki, o, qeyd edib ki, İrəvan missiyanın göndərilməsinin tərəfdarıdır, onun işinin parametrləri ilə bağlı sənəd razılaşdırılıb. Lakin Bakının hərəkətlərini sərt şəkildə pisləməyə çağıran Ermənistan hakimiyyətinin mövqeyinə görə sənəd qəbul olunmayıb.

“Biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq. Erməni dostlarımız Azərbaycanla sərhədə KTMT missiyasının göndərilməsinin zəruriliyini təbliğ etdilər və biz bu missiyanın parametrləri ilə bağlı belə bir sənədi razılaşdırdıq. Bunu qəbul etmək mümkün deyildi, çünki erməni həmkarlar mətndə Azərbaycanı sərt şəkildə qınamaqda israr etməyə başladılar”, – Lavrov bildirib.

Nazir hesab edir ki, Ermənistanla Azərbaycan sərhədinə KTMT missiyasının göndərilməsinə hazırlıq varsa, o zaman sərt bəyanatlardan çəkinmək lazımdır.

Onun sözlərinə görə, Rusiya ilə Ermənistanın müttəfiq olmasına və bu missiyanın tam hazır olmasına baxmayaraq, İrəvan uzunmüddətli əsasda mülki müşahidəçilər missiyasının orada yerləşməsi üçün Avropa İttifaqı ilə danışıqlara üstünlük verir.

“Bu, əlbəttə ki, Ermənistanın hüququdur. Amma unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir. Missiya Azərbaycanın razılığı olmadan yerləşdirilərsə, bu, sadəcə olaraq əks nəticə verə, sərhəddə inam yaratmaq əvəzinə əlavə qıcıq yarada bilər”, – XİN rəhbəri bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda indiyə qədər koronavirusdan 10 min nəfər vəfat edib –

Sonrakı məqalə

Ermənistan XİN rəhbəri Türkiyəyə səfər edəcək