2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1.9% artaraq 54.2 mlrd. ABŞ dollarına yüksəlib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd olunub ki, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnoz yüksəldilmə istiqamətində təshih edilib. Bu təshih ilin ötən dövründə xarici sektor göstəricilərinin dinamikası, habelə əsas ixrac məhsullarının faktiki və proqnozlaşdırılan qiyməti nəzərə alınmaqla aparılıb: “Belə ki, I rübdə cari əməliyyatlar balansında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınıb. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ dolları təşkil edib. Beynəlxalq təşkilatların proqnozlarına görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını üstələyəcək. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək artım tempini qoruyur”.
AMB-dən əlavə ediblər ki, ümumilikdə profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır.