Azərbaycanın yeni Xarici işlər naziri kimdir? –

Tərcümeyi-hal (FOTO)
16 İyul 2020 - 15:39

Prezident İlham Əliyevin fərmanı ilə Ceyhun Bayramov Xarici işlər naziri təyin olunub.

Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Təhsil Naziri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə Xarici İşlər Naziri vəzifəsinə təyin olunub.

Evlidir, 2 övladı var.