“Azərbaycan prezidentinin Aİ-nin dəstəklədiyi formata sadiqliyi vacibdir”- Cənubi Qafqaz üzrə xüsusi nümayəndə

“Azərbaycan və Ermənistan arasında gərginliyi azaltmaq və münasibətləri normallaşdırmaq üçün hər iki tərəfdən güclü siyasi iradə lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

“Həll edilməmiş məsələlər var. Azərbaycan və Ermənistan gərginliyi azaltmaq və hərtərəfli nizamlanmaya nail olmaq üçün təmkin və güclü siyasi iradə nümayiş etdirməlidirlər”, – Aİ nümayəndəsi deyib.

Klaar həmçinin qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Aİ-nin dəstəklədiyi formata sadiqliyi vacibdir.

Azərbaycan prezidenti və Klaar ötən həftə Bakıda görüşüblər. Söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb, sülh müqaviləsinin imzalanması üzrə danışıqların gedişi müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşdən imtina edib. Buna İrəvanın irəli sürdüyü şərt səbəb olub. İrəvan görüşün Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilməli olduğunu deyib. İlham Əliyev isə bildirib ki, bu, Bakının mövqeyinə uyğun gəlmir, çünki Makron Azərbaycan əleyhinə bəyanatlar verib və Fransa Senatı Ermənistanı dəstəkləyən qətnamə qəbul edib.

Azpost.info

Əvvəlki məqalə

AZƏRTAC-ın yeni sədri kimdir?

Sonrakı məqalə

“Hər şeyimi vermişəm, özüm də gedib 15 il yatmalıyam?” –